Heydər Əliyev Fondunun uşaqlar üçün növbəti layihəsi
AzərTAc xəbər verir ki, noyabrın 24-də Bakı Dövlət Sirkində internat məktəblərində, uşaq evlərində tərbiyə olunan və bir sıra ictimai birliklərin himayə etdikləri uşaqlar üçün maraqlı əyləncəli proqram təqdim ediləcəkdir.
Layihəni Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı səfirliyi birgə həyata keçirirlər. 2000-dək tamaşaçı üçün nəzərdə tutulan tədbirə Bakının Əzizbəyov, Xətai, Nizami, Sabunçu, Nəsimi rayonlarında yerləşən uşaq evləri və internat məktəblərindən, eləcə də Talassemiyalı Uşaqlar Assosiasiyasının, “Əlil körpələrə yardım”, “Uşaqların sağlam gələcəyi” ictimai birliklərinin, Azərbaycan Qızıl Aypara, Qarabağ müharibəsi əlilləri və veteranları cəmiyyətlərinin və digər qurumların himayəsində olan uşaqlar dəvət edilmişlər.
Cəmiyyətdə xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil edilən əyləncəli tədbir Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi növbəti layihədir. İndiyədək 29 uşaq evi və internat məktəbində yenidənqurma işləri aparan Heydər Əliyev Fondu həmin uşaq müəssisələrində sosial vəziyyəti, məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkilinə də xüsusi diqqət yetirir. Fond hər il ənənəvi olaraq Yeni il və Novruz bayramlarında bu qəbildən olan uşaqlar üçün maraqlı əyləncəli tədbirlər, möhtəşəm şənliklər təşkil edir.
Azərbaycan.- 24 noyabr.- 2007.- № 265.- S. 3.