Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycan gəncliyi hərtərəfli qayğı ilə əhatə olunmuşdur

Heydər Əliyev Fondu ölkədə sağlam və bilikli gənclərin yetişdirilməsi üçün möhtəşəm proqramlar həyata keçirir


"Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür.
Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də gənclər olmuşlar.
Müstəqilliyimizin ilk illərində, çox ağır illərdə gənclər həmişə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışmışlar".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi qurumun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır. “Gənc nəslə qayğı göstərmək, onların problemlərini həll etmək, istedad və qabiliyyətlərini üzə çıxararaq inkişaf etdirmək tək dövlətin və ya hansısa qurumun vəzifəsi deyildir. Bu, bizim hər birimizi hər gün narahat etməli olan məsələyə, gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilməlidir” – deyən xanım Əliyeva adı çəkilən istiqamətdə həyata keçirdiyi tədbirlərlə sadəcə bütün insanlara nümunə göstərir. Heydər Əliyev Fondunun reallaşdırdığı istənilən möhtəşəm proqramın mahiyyətinə varanda, orada ilk növbədə gəncliyə qayğı məsələsinin ən qabarıq şəkildə özünü göstərdiyinin şahidi oluruq. Ona görə də Heydər Əliyev Fondunun ölkədə sağlam, kamil və bilikli gənc nəsil yetişdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə söz açmaq istəyirdik. Ancaq ötən ayın əvvəlindən Azərbaycanda 2007-ci ilin Gənclər İli elan edildiyinə görə bu yazını da bilavasitə həmin kontekstdə qələmə aldıq.

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin — biz həmin ölkələrlə eyni vaxtda müstəqillik əldə etdiyimizə görə özümüzü ilk öncə onlarla müqayisə edirik – internet saytlarına diqqət yetirdik. Son 15-16 ildə hansısa ölkədə bütöv bir ilin Gənclər ili kimi qeyd olunduğu barədə məlumata rast gəlmədik. Ancaq Azərbaycan həyatın bütün sahələrində olduğu kimi bu sahədə də hamıya nümunə göstərir. Çünki bu dövlətin beşiyi başında ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursu, dövlətçilik təcrübəsi, idarəçilik prinsipləri durur. Ulu öndərimiz hələ Qurtuluşun ilk günü – 1993-cü il iyun ayının 15-də – Azərbaycan parlamentinin sədri seçildiyi ilk gün ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşmüşdü. Bu, həm ölkə daxilindəki qüvvələrə, həm də xaricdəki dostlarımıza və bədxahlarımıza ünvanlanan mesaj idi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Bu tezis özünü çox qısa bir müddətdə doğrultdu. Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Öz həmyaşıdlarını Milli Məclisin deputatı, nazir, nazir müavini, icra başçısı, mühüm dövlət orqanlarının rəhbəri kimi vəzifələrdə görən gənclər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar. Nəticədə ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarını bayraq edən Azərbaycan gəncləri gündən-günə daha mütəşəkkil şəkildə təşkilatlandılar, Təsadüfi deyil ki, hazırda Azərbaycanda uşaq və gənclərlə işləyən və onları öz ətrafında birləşdirən təxminən 150-yə yaxın qeyri-hökumət təşkilatı vardır. 1995-ci ildə Azərbaycanda yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi kimi üzv seçilmişdir. Cənab İlham Əliyevin YAP-ın ikinci qurultayında partiya sədrinin birinci müavini vəzifəsinə seçilməsi gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı.

Bütün bu faktları sadalamaqda məqsədimiz odur ki, 1993-cü ilin yayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2007-ci ilin Gənclər ili elan edilməsi haqqında” 9 fevral 2007-ci il tarixli sərəncamı imzalamasına qədər keçən 14 il müddətində dövlət Azərbaycan gəncliyinə möhtəşəm qayğı göstərmiş, Azərbaycan gəncliyi isə öz gücü, qüdrəti, fitri istedadı və intellektual səviyyəsi ilə böyük amallara xidmət etmişdir. 2007-ci il fevralın 2-də – Gənclər Günü münasibəti ilə Prezident Sarayında gənclər təşkilatlarının nümayəndələri ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev onun partiya sədrinin müavini və daha sonra sədrin birinci müavini vəzifələrinə seçilməsindən sonra Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşən Azərbaycan gəncliyinə üzünü tutaraq gənc nəsli daha fəal olmağa çağırdı: “Həmişə fəal olun, möhkəm olun və bilin ki, mən həmişə sizinləyəm”.

İndi isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz fəaliyyəti zamanı Azərbaycan gəncliyinə göstərdiyi qayğı barədə bəzi məqamlardan söz açaq. Yeri gəlmişkən, bu günlərdə televiziya verilişlərindən birində qeyd edildi ki, Mehriban Əliyevanın bir ictimai-siyasi xadim kimi fəaliyyəti başdan-başa uşaqlara və gənclərə qayğı nümunəsini yaratmaqdan ibarətdir. Bu fikir çoxsaylı faktlara və güclü məntiqə əsaslansa da, deməliyik ki, xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin böyük bir hissəsi deputat kimi qanun yaradıcılığında iştiraka və ona etimad göstərmiş on minlərlə seçicinin problemlərinin həllinə, onları maraqlandıran suallara cavab tapılmasına həsr olunur. Ona görə də Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətində gənclərlə bağlı məqamları xüsusilə qeyd etməyə ehtiyac vardır.

Gəlin, fikrimizi konkret faktlarla əsaslandıraq. Götürək “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını. Həmin layihə barədə söz açan ekspertlər yazırlar ki, bu sənəd Azərbaycanda təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Yəni hamı üzdə olan məsələni – məktəb tikintisini önə çəkir: məktəblər tikildi, avadanlıq alındı, korpuslar inşa edildi, köhnə məktəblər təmir edildi və s. Görülmüş işin maddi tərəfləri daha tez gözə çarpır. Əslində isə Mehriban xanım bu proqramın icrası ilə öz xalqına böyük mənəvi, elmi, pedaqoji, ictimai-siyasi əhəmiyyət daşıyan misilsiz xidmətlər göstərir:

— Azərbaycan gənci digər ölkələrdəki rahat, işıqlı, tam təchiz olunmuş məktəb binalarını görəndə mənəvi cəhətdən sıxıntı keçirməsin ki, nə üçün mənim ölkəmdə belə məktəblər yoxdur. Heydər Əliyev Fondu məhz belə məktəblər inşa edir;

— müasir üslubda inşa olunmuş, kompyuterləşdirilmiş, lazımi avadanlıqla təchiz edilmiş, yüksək bilik verən məktəblər yeni təfəkkürlü, intellektual gənclik yetişdirilməsinin əsasını qoyur;

— dünya inkişaf edir və istənilən müstəqil dövlətin ictimai-siyasi nüfuzu onun inkişafı ilə, tərəqqisi ilə ölçülür. Bütün hallarda inkişafa aparan yol ölkə vətəndaşlarının intellektual səviyyəsinin yüksəldilməsindən keçir. Mehriban xanım Əliyeva sübut etdi ki, onun reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sadəcə məktəb, bağça, internat binası tikməklə işini bitmiş hesab etmir. Bu layihə Azərbaycan gəncliyinə mənəvi, psixoloji, ictimai-siyasi dayaq olmaq kimi çox mühüm bir amala xidmət edir. Deməli, layihənin icrası ilk növbədə məktəb tikilməsinə, ikincisi, gəncliyin normal inkişaf etməsinə, nəhayət, dövlətin tərəqqisinə xidmət edir. Bu ali məramın müəllifi bilavasitə ümummilli liderimizin adını daşıyan fond, bilavasitə öz xalqına xidmət etməyi ən yüksək vəzifə hesab edən Mehriban xanım Əliyeva ola bilərdi.

Başqa bir məqama diqqət yetirək. 2005-ci ildə Heydər Əliyev Fondu “Qarabağ xanəndələri” adlı nəfis bir albom buraxdı. Dərhal kütləvi informasiya vasitələri yazdılar ki, Mehriban Əliyeva muğam sənəti qarşısında böyük xidmətləri olan sənətkarları unudulmağa qoymadı. Yəni, məktəb tikintisi ilə bağlı proqramda olduğu kimi yenə ilk baxışda layihənin üzdə olan tərəfi tez nəzərə çarpır. Ancaq əslində bu layihənin daha böyük məqsədi, daha möhtəşəm məramı var. Qloballaşan dünyada mədəniyyətlərin bir-biri ilə qovuşması əksər ölkələrin gənclərində olduğu kimi Azərbaycan gənclərində də müəyyən sapmalarla, yad musiqi elementlərinin milli musiqimizə yamaq şəklində əlavə edilməsi ilə müşayiət olunurdu. Əlbəttə, azərbaycanlı gənclərin dünyanın müxtəlif musiqi janrlarını bilməsi və ifa etməsi özlüyündə təqdir olunmalı haldır. Ancaq milli musiqimizin ikinci plana keçməsinə qətiyyən yol vermək olmaz, milli musiqi mədəniyyətimiz öyrənilməli, təbliğ edilməli, zənginləşdirilməli və inkişaf etdirilməlidir. Odur ki, “Qarabağ xanəndələri” albomunun ərsəyə gəlməsi, albomun təqdimat mərasimində ölkənin əksər muğam sənətkarlarının iştirak etməsi, həmin tədbirdə Mehriban xanımın geniş nitq söyləməsi ölkə gənclərində milli musiqimizə, xüsusən muğam sənətinə tamamilə yeni bir münasibət formalaşdırdı. YUNESKO rəhbərlərinin iştirakı ilə Bakıda “Muğam Mərkəzi”nin təməlinin qoyulması isə həmin münasibəti daha da möhkəmləndirdi. Qəzetlər yazdılar ki, müxtəlif telekanalların muğam müsabiqəsi keçirməsi və qeyri-hökumət təşkilatlarının milli-mənəvi dəyərlər mövzusunda çoxsaylı tədbirlər keçirməsi bilavasitə Mehriban xanım Əliyevanın reallaşdırdığı “Qarabağ xanəndələri” layihəsinin əks-sədası idi. Politoloqların və ekspertlərin yekdil rəyinə görə, bu addım, yəni gənclərin öz milli-mənəvi dəyərlərimizə bağlılığına zəmin yaradan proqram Mehriban xanım Əliyevanın Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biridir. Ölkədə Gənclər ilinin qeyd edildiyi bir vaxtda bu faktın dönə-dönə təkrarlanması tamamilə təbiidir. Çünki “elin gözü tərəzidir” – deyiblər. El kimin xidmətinin böyük olduğunu daha yaxşı bilir.

Mehriban xanımın Heydər Əliyev Fondunun xətti ilə səhiyyə sahəsində reallaşdırdığı tədbirlər də bu il ölkədə qeyd edilən Gənclər ili üçün nəzərdə tutulan proqramla tamamilə səsləşir. Halbuki 2004-cü ilin may ayından bəri reallaşdırılan həmin proqramlar işlənib hazırlananda nəinki Gənclər ili üçün nəzərdə tutulan proqram, hətta, Gənclər ilinin keçirilməsi barədə fikir yox idi. Yeri gəlmişkən, fondun uğurla həyata keçirdiyi “İnternat məktəbləri və uşaq evlərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat” layihələrindən söz açarkən bu layihələrin səmərəsinin daha böyük olduğu qeyd edilməlidir. Ölkə ziyalılarının fikrincə, bir çox beynəlxalq təşkilatların da cəlb edildiyi həmin layihələr xalqın gələcəyi olan gənc nəslin fiziki sağlamlığının və milli genefondumuzun qorunmasına xidmət edir. Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının da gündəliyində özünə yer tutan millətlərin genefondunun qorunması məsələsi Azərbaycanda şüarlarla və ya kampaniya şəklində gündəliyə gətirilmir. Bizdə bu məsələ Heydər Əliyev Fondunun xətti ilə, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və əksər hallarda xeyriyyəçiliyi ilə həyata keçirilir. Xarici kütləvi informasiya vasitələri regionda işğalçı siyasəti ilə hamının gözündən düşmüş Ermənistanda valideyn himayəsindən məhrum olmuş, fiziki cəhətdən qüsurlu doğulmuş və digər səbəblər üzündən internatlarda yaşamağa məhkum olan uşaqların dövlətin və cəmiyyətin qayğısından kənarda qaldığını yazırlar. Üstəlik Azərbaycan Prezidentinin xanımının ölkəmizdəki həmin qəbildən olan uşaqlara hərtərəfli qayğı göstərdiyini yazan əcnəbi mətbuat vasitələri də ermənilər tərəfindən təhdidlə üzləşir: “Azərbaycan Ermənistanın iqtisadi layihələrdən kənarda qalmasından istifadə edərək infrastrukturu yeniləşdirirsə, bu zaman Ermənistanın geridə qalmasından danışmaq haqsızlıqdır”. Həmişə olduğu kimi bu dəfə də ermənilər ədalət hissindən tamamilə məhrum olduqlarını gizlədə bilmirlər. Çünki internatda və uşaq evlərində yaşamağa məhkum olmuş körpələrə qayğını bilavasitə Heydər Əliyev Fondu və fondun sədri Mehriban xanım Əliyeva göstərir. Yəni burada söhbət siyasətçinin şəxsi keyfiyyətlərindən gedir. Ermənilər isə hansısa iqtisadi layihələrdən kənarda qaldıqlarını yada salaraq xarici mətbuatda Azərbaycan haqqında söylənilən obyektiv fikirlərin əhəmiyyətini azaltmağa çalışırlar. Onların istəyindən asılı olmayaraq Azərbaycanda sağlam, savadlı və intellektual səviyyəli gənclər yetişdirilməsi prosesi ən yüksək templə davam edir.

Mehriban xanım Əliyevanın YUNESKO xətti ilə reallaşdırdığı tədbirlər də gənclərimizin mənəvi-estetik tərbiyəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. “Şirvanşahlar Saray Kompleksi”nin YUNESKO-nun “Dünya irs siyahısı”na salınması, həmin siyahıya sonradan Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi təkcə dövlətçilik və milli mənafe baxımından deyil, həm də gənc nəslin müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması baxımından mühüm önəm daşıyır. Yəni bu faktlar hər bir gəncin dünənimizlə, keçmişimizlə fəxr etməsinə və sabaha ümidlə baxmasına zəmin yaradır. Bu işdə dövlətin həyata keçirdiyi tədbirlərin hər bir siyasətçi tərəfindən davam etdirilməsi üçün çox dəyərli və misilsiz bir nümunə vardır: “Mehriban xanım Əliyeva nümunəsi”.


Şəlalə İbrahimova

Xalq qəzeti.- 2007.- 14 mart.- № 55.- S. 3.