Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Məqsəd xoşməramlı olanda...


Xəbər verildiyi kimi, Türkiyənin nüfuzlu "Siyasət" jurnalının idarə heyəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "2004-cü ilin birinci xanımı" mükafatının verilməsini qərara almışdır.

Nəşrin idarə heyətinin sədri, tanınmış jurnalist, ictimai xadim və iş adamı xanım Gül Kılıcaslanın Azərbaycanın Türkiyədəki səfirliyinə göndərdiyi məktubda bildirilir ki, Mehriban xanım Əliyeva "Siyasət" jurnalının təsis olunmasının on birinci ili ilə əlaqədar keçirilmiş rəy sorğusunun nəticələri əsasında və Azərbaycan-Türkiyə münasibətlərinin, qardaşlığının inkişafı, milli-mədəni dəyərlərin qorunması, qadınların, kimsəsiz uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması, Azərbaycanda və beynəlxalq miqyasda onların problemlərinə diqqət yetirilməsi sahəsində səylərinə görə bu mükafata layiq görülmüşdür.

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti onun mənəviyyatı, dünyagörüşü, zərif cinsə mənsubluğu və ana olması ilə tam vəhdət təşkil edir. Mehriban xanım dərhal büruzə verən əsli, nəcabəti ilə ziyalılıq, kübarlıq, səmimilik, mənəvi toxluq keyfiyyətlərinə malikdir, bütün varlığı ilə azərbaycanlıdır. Azərbaycanın zəngin mədəniyyətini beynəlxalq miqyasda təbliğ edəndə, maddi və qeyri-maddi irsimizin qorunmasına çalışanda, kimsəsiz uşaqları himayə edəndə, qaçqın-köçkün balalarının sağlamlığı, təhsili qayğısına qalanda, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları müalicə etdirəndə Mehriban xanım populizmdən uzaqdır. Bütün bunlar - həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik, ölkənin zəngin irsinin təbliğinə xidmət edən "Azərbaycan-irs" jurnalının nəşri, ictimai-humanitar, sosial həyatda aparıcı mövqeni uzun müddət saxlamaq xanım Əliyevanın nəcib amallarından, yüksək mənəviyyatından xəbər verir.

Azərbaycanın birinci xanımını sevdirən və ona inam nümayiş etdirilən keyfiyyətlər hansılardır? Birincisi, onun bütün Azərbaycan uşaqlarına olan analıq qayğısıdır. Xanım Əliyeva Bakının Nəsimi rayonundakı 268 saylı yardımçı məktəbə hamilik edir. Məktəbdə 500-ə yaxın əqli və fiziki cəhətdən geri qalan şagird təhsil alır. Onlardan 120 nəfəri hər gün dərs keçir, qalanları isə evlərdə təhsilə cəlb edilib. Son 75 ildə məktəbdə bir dəfə də əsaslı təmir işləri aparılmayıb. 2003-cü il oktyabrın 17-də Mehriban xanımın məktəbə gəlişindən sonra bu barədə məsələ qaldırılıb və məktəb əsaslı təmir olunub. Bütün bayramlarda Azərbaycanın birinci xanımı uşaqları yad etməyi unutmur, həm də təkcə bayramlarda yox, özü də yalnız bu məktəbi yox. Uşaqlara mərhəmət qarşılıqlı xoş təsir bağışlayır. Belə hərarətli görüşlərin birində Mehriban xanımın söylədiyi aşağıdakı fikirlər çox təsirli idi: "Mən çox xoşbəxtəm ki, uşaqların bu sevincini görürəm. Məni bir ana kimi başa düşməlisiniz. Bu gün biz adi bir məktəbə getsək, buradakı kimi istedadlı uşaqlar görmərik. Çox istedadlıdırlar, adi şerləri çox gözəl söyləyirlər. Bu, son görüş deyildir. Bayram oldu, olmadı, mən hər dəfə buraya gələcəyəm. Çünki bu, mənim özümə lazımdır, buna ehtiyac duyuram. Məktəbin bütün ehtiyacları bundan sonra da ödəniləcəkdir". Mehriban xanım Əliyevanın simasında azərbaycanlı qadının, ananın uşaqlara, xüsusən əqli və fiziki cəhətdən qüsurlu, kimsəsiz uşaqlara necə mərhəmətlə yanaşdığını cəmiyyətimiz tez-tez müşahidə edir və razılıqla qarşılayır. Bu, həm də ulu öndərimizin siyasətinin davamı deməkdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev həmişə valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük qayğı ilə yanaşırdı, heç bir bayramda uşaqları yaddan çıxarmır, onların adı ilə bağlı tədbirlərdə xüsusi şövq və həvəslə iştirak edirdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın bu baxımdan Azərbaycan uşaqlarını sözün həqiqi mənasında himayə etməsi ümummilli liderimizin siyasətinin davamı, Heydər Əliyev irsinin təbliği deməkdir.

Bu günlərdə Balakən rayonunun Xalatala kəndinin 11 yaşlı sakini, I qrup əlil Məhəmməd Qurbaçovun sevincinin həddi-hüdudu yoxdur. Məhəmmədin ümummilli liderimizin adını daşıyan fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ünvanlandığı müraciət nəticəsiz qalmayıb. Mehriban xanım fondun adından Məhəmmədə kompüter dəsti hədiyyə edib. Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən "Mən Azərbaycanı sevirəm" adlı rəsm sərgisinin təəssüratları hələ xatirələrdən silinməyib. Fondun uşaqlara qayğısı sahəsində varisliyin qorunub saxlanıldığının nümunəsi olan bu sərgidə 30-a yaxın uşaq evi və internat məktəbinin nümayəndələri iştirak edib. Ağır tale ilə üzləşən, ailə qayğısına möhtac olan, lakin dövlətimizin qayğısı ilə əhatə olunan, yurdumuzun gözəlliklərini duymağı və kətan üzərinə köçürməyi bacaran uşaqların əl işləri Mehriban xanımda xoş təəssürat oyadıb. Təkcə taleləri ilə yox, istedadları ilə yaşıdlarından fərqlənən uşaqlar Azərbaycan mədəniyyətini zənginləşdirməyə qadir olduqlarını sübut ediblər. Mehriban xanım Heydər Əliyev Fondunun ilk keçirdiyi tədbirlərdən olan bu sərgi ilə hamının diqqətini qayğıya daha çox ehtiyacı olan uşaqlara yönəltmək məqsədi güdüb. Onun sözlərinə görə, "Azərbaycandakı 65 uşaq evi və internat məktəbində 20 minə yaxın uşaq yaşayır, bir milyondan artıq qaçqın və məcburi köçkün övladları da müxtəlif problemlərdən əziyyət çəkir. Odur ki, məhz bu gün hamı səylərini birləşdirərək bu qəbildən olan uşaqlara qayğı və diqqət göstərməli, Heydər Əliyev Fondunun bu nəcib təşəbbüsünə qoşulmalı, onun təşkilatçıları ilə bir yerdə olmalıdır. Çünki sabah gec ola bilər".

Mehriban xanımı cəmiyyətin bütün təbəqələrinə sevdirən digər xüsusiyyət onun Azərbaycan mədəniyyətini və incəsənətini, bütövlükdə Azərbaycan irsini yorulmadan təbliğ etməsidir. Dünya mədəniyyətinin inciləri barədə məlumatlı olan bu xanım 1995-ci ildə öz təşəbbüsü ilə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi hesab edir ki, qədim ənənələrə, maddi və intellektual potensiala malik olan ölkəmiz bəşər mədəniyyəti tarixində layiqli yerini tutmalıdır. Mehriban xanım Əliyeva Azərbaycanda musiqi təhsilinin inkişafına kömək edir, xüsusən xalq musiqisinin, ədəbiyyat və poeziyanın yayılmasına dair layihələri dəstəkləyir. Elə buna görə də YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. YUNESKO-nun hazırda sayı 41 nəfər olan xoşməramlı səfirləri cəmiyyətin diqqətinin aktual problemlərə cəlb edilməsində və sülh mədəniyyətinin təbliğində yaxından iştirak edir, qurumun müxtəlif layihə və aksiyalarının həyata keçirilməsinə dəstək verirlər. Məşhur musiqiçi Mstislav Rostropoviç, aktrisa Klaudia Kardinale, Mərakeş şahzadəsi Lalla Məryəm, Litva Prezidenti Valdas Adamkus, Lüksemburq Böyük hersoqunun xanımı Mariya Tereza, İslandiyanın keçmiş prezidenti Viqdis Finnboqadottir və neçə-neçə tanınmış şəxslər YUNESKO-nun xoşməramlı səfirləri kimi öz nüfuzlarından istifadə edərək təşkilatın ideyalarının həyata keçirilməsinə kömək edirlər. Mehriban xanım Əliyeva az müddət ərzində YUNESKO ailəsində böyük hörmət və nüfuz qazanıb. Onun çoxşaxəli fəaliyyəti YUNESKO-nun məqsədi və məramı ilə üst-üstə düşür.

YUNESKO-nun Azərbaycan mədəniyyətinə və incəsənətinə xüsusi diqqət göstərməsində, İçərişəhərin Dünya Mədəni İrs siyahısına, Azərbaycan muğamlarının bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilməsində Mehriban xanımın əməyi böyükdür. Azərbaycan Mədəniyyətinin Dostları Fondu ölkə daxilində mədəniyyətimizin görkəmli, eləcə də gənc nümayəndələrinə himayə və yardım edir, kitab və kompakt disklər buraxır, festivallar, konsertlər, sərgilər təşkil edir. Fond Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər - Bakıda "İpək yolunun musiqisi" festivalı və Yaponiya mədəniyyəti günləri və s. həyata keçirib. Çoxmillətli Qafqazda əsrarəngiz xalq sənətinin qorunması, təbliği ilə məşğul olacaq "Qafqaz xalq ənənələri evi"nin Bakıda yaradılması ideyası da Mehriban xanım Əliyevanındır. Mehriban xanım Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə də öz töhfəsini verir.

Bu ilin mart ayının əvvəllərində xoşməramlı səfirlərin illik iclasında ilk dəfə iştirak edən xanım Əliyeva öz çıxışında Azərbaycan muğamlarını əhatə edən 10-dan çox layihə üzərində işlənildiyini vurğuladı. "Onların orijinallarının bir çoxunu xaricdə axtarmalı olduq. Buna baxmayaraq biz uğur əldə etdik və onları CD disklərə köçürə bildik. Sizə musiqi dəstini təqdim etmək istəyirəm. Ümid edirəm ki, bu musiqini dinləməklə zövq alacaqsınız. Buna əlavə olaraq biz məşhur xanəndələrin haqqında və muğam fəlsəfəsinə aid bir sıra kitablar nəşr etməyi də planlaşdırırıq" - deyən Mehriban Əliyeva Bakı şəhərində Beynəlxalq Musiqi Mərkəzinin yaradılması zərurətinə toxundu. Onun fikrincə, bu musiqi mərkəzi nəinki gözəl konsert məkanına çevriləcək, orada eyni zamanda ənənəvi musiqimiz barədə müzakirələr aparılması, yaşlı nəsildən olan sənətkarların öz təcrübələrini, biliklərini və ustalıqlarını yeni nəsillə bölüşdürməsi mümkün olacaqdır. Mərkəz həm də müxtəlif ölkələrdən olan insanların görüş yerinə çevriləcək, dünya mədəni irsinin qorunub saxlanması naminə daha bir imkan yaradılacaqdır. Bu ilin iyun ayında Yaponiyanın Naqoya şəhərində keçiriləcək beynəlxalq sərgiyə YUNESKO-nun baş direktoru tərəfindən xüsusi dəvət alan Mehriban xanım Əliyeva orada muğam ustalarından ibarət qrupun çıxışını nəzərdə tutur. Bu, xanım Əliyevanın YUNESKO ilə birlikdə apardığı işlər çərçivəsində yalnız bir layihədir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun YUNESKO ilə birlikdə Bakıda, Azərbaycan filarmoniyasında həyata keçirdiyi və dövlətimizin başçısı cənab İlham Əliyevin də iştirak etdiyi "Muğam dəstgahları" layihələri mədəniyyət tarixində əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

Məhz Mehriban xanımın xoşməramlı fəaliyyəti nəticəsində Azərbaycanla YUNESKO arasındakı münasibətlər yüksək səviyyəyə qalxıbdır. BMT-nin ixtisaslaşdırılmış qurumu olan YUNESKO ailəsinin Azərbaycan mədəniyyətinə, həqiqətlərinə Mehriban xanım Əliyevanın timsalında daha maraqla, daha hörmətlə yanaşılması bizim hər birimizdə məmnunluq hissi yaradır. Xoşməramlı səfirlərin illik iclasından sonra Azərbaycan musiqisindən ibarət konsertin təşkili - Almaniyada yaşayan həmyerlimiz Firəngiz Əlizadənin pianoda çaldığı muğam parçalarının Parisi sözün həqiqi mənasında fəth etməsi təsadüfi deyildi. Mehriban xanım öz qonaqlarına sübut edirdi ki, insanı fəlsəfi düşüncələrə, sülhə, sevgiyə, hamılıqla tanınmış birgəyaşayış qaydalarına səsləyən muğam Azərbaycanın irsi, rəmzidir. Belə bir irsə malik olan xalq böyük xalqdır və onun torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması, üstəlik, mədəniyyətinə ciddi zərbələr vurulması YUNESKO-nun məramına ziddir. Mehriban xanım Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri həmkarlarına çatdıra bilib, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki mədəni sərvətləri dağıtması, özününküləşdirməsi barədə məlumatlar xoşməramlı səfirlərdə hiddət və təəccüb oyadıb.

Azərbaycanın birinci xanımı YUNESKO-da bizim üçün ağrılı olan bu məsələnin qaldırılacağına nail olub: "Mən həm baş direktorla, həm də həmkarlarımla görüşlərimdə mövcud vəziyyət barədə məlumat verdim. YUNESKO-nun baş direktoru Bakıya dəvətimi qəbul etdi və bu il ərzində ölkəmizə səfər edəcəyinə söz verdi. Ölkəmizlə bağlı həqiqətləri öyrənmək baxımından Azərbaycanda belə görüşlərin keçirilməsi çox faydalı ola bilər və ümumi işimizə xeyir verər. Həmkarlarımdan bəzilərinin Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması barədə məlumatları, demək olar ki, yox idi. Xoşməramlı səfirləri Bakıya dəvət etməkdə əsas məqsədim onlarla birlikdə qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkmək, soydaşlarımızın yaşadıqları şəraiti göstərməkdir. Bildiyiniz kimi, bugünkü iclas "Hər bir insan üçün təhsil" probleminə həsr edilmişdi. Bizim çadır şəhərciklərində yaşayan ailələrdəki uşaqların hansı şəraitdə təhsil almaları barədə xoşməramlı səfirlərə məlumat verərkən onlar bunu çox təəccüblə qarşıladılar. Onlar mənə söz verdilər ki, Azərbaycanda olarkən mütləq çadır düşərgələrinə gedəcək və vəziyyətlə yerindəcə tanış olacaqlar. Keçirdiyim görüşlər zamanı dağıdılmış abidələrimiz barədə də danışdım. Əlbəttə, bu istiqamətdə hələ çox işləmək lazımdır və artıq bu səfərim zamanı həmin problemlə bağlı fəaliyyətə başlamışam". Mehriban xanımı cəmiyyətə sevdirən digər xüsusiyyət onun ölkənin bu ağrılı probleminə əsil vətəndaş münasibətidir.

Xatırladaq ki, Türkiyənin xoşməramlı səfiri ermənilər tərəfindən uydurulmuş "soyqırımı"nın YUNESKO xətti ilə araşdırılmasına dünyanın tanınmış tarixçi alimlərinin cəlb olunmasını xahiş edibdir. Azərbaycanı və Türkiyəni qardaş ölkələr kimi eyni tarix və mədəniyyət birləşdirdiyindən xanım Əliyevanın YUNESKO-dakı fəaliyyəti ölkələrimizin münasibətlərinin hərtərəfli inkişafına yönəlibdir. Ümid edirik ki, "2004-cü ilin birinci xanımı"nın başladığı işlər uğurla nəticələnəcəkdir.


V. İsmayılova

Azərbaycan.- 2005.- 5 aprel.- № 75.- S. 2.