Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Tokioda Yaponiya Kimono Akademiyası ilə tanış olmuşdur


Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfəri çərçivəsində onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 9-da Tokioda Yaponiya Kimono Akademiyası ilə tanış olmuşdur. Burada Azərbaycanın birinci xanımını yaponlara xas olan böyük ehtiramla qarşıladılar. "Kimono" sözü yapon dilində geniş mənada milli geyim mənasını verən ümumi anlayışdır. Min ildən artıq tarixi olan kimononun növləri çoxdur: kişi və qadın kimonoları, üst, alt kimonoları və s. Kişi kimonoları adətən tutqun rəngli parçadan tikilir və naxışları az olur. Qadın kimonolarının qolları uzun, kəməri isə enli olub arxada bant şəklində bağlanır. XVII əsrdən kimono əhalinin bütün təbəqələrinin universal geyiminə çevrilmişdi. XIX ərsin sonunda Avropa mədəniyyətinin təsiri ilə kimono tədricən məişətdən sıxışdırılsa da, tamamilə itmir. Milli adət və ənənələrə çox həssas olan yaponlar onu bu günədək qoruyub saxlayırlar.

Hörmətli qonağa bütün bunlar barədə və digər maraqlı məlumatlar verildi. Mehriban xanım Əliyeva ölkənin müxtəlif regionlarına aid rəngarəng kimonolarla böyük maraqla tanış oldu.

Görüşdən xatirə olaraq, Azərbaycanın birinci xanımına kimono hədiyyə edildi. Mehriban xanım akademiyanın nümayəndələri ilə xatirə şəkli çəkdirdi.


Xalq qəzeti.- 2006.- 10 mart.- № 52.- S. 4.