Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın ABŞ-a işgüzar səfəri başa çatmışdır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz ilə görüşmüşdür.
Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən humanitar sahədə həyata keçirilən layihələr barədə danışdı, neftdən əldə edilən gəlirlər hesabına ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirildiyini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açaraq münaqişə nəticəsində valideynlərindən məhrum olmuş uşaqlara qayğı göstərilməsinin Heydər Əliyev Fondunun daim diqqət mərkəzində olduğunu qeyd etdi.
Karen Hyuz Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirdi və bunun Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, Azərbaycanın dini azadlığa hörmət edilməsi baxımından nümunəvi ölkə olduğunu bildirdi və 2007-ci ildə İslam Konfransı Təşkilatı tərəfindən Bakıda "Dözümlülüyün təbliğ olunmasında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda keçiriləcək konfrans ilə maraqlandı. Bu konfransın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün mühüm olduğunu qeyd edən Mehriban xanım Karen Hyuzu bu tədbirə dəvət etdi.
Mehriban Əliyeva ABŞ dövlət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Görüşdə ümumi təhlükələr, xüsusilə quş qripi xəstəliyinin qarşısının alınması istiqamətində iki ölkənin əməkdaşlığı məsələləri müzakirə edildi və xanım Dobryanski bu işdə ölkəsinin Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi və təhlükəsizlik məsələləri üzrə işçi qruplarının fəaliyyət göstərdiyini qeyd edən Paula Dobryanski həmçinin demokratiya və insan hüquqları məsələləri üzrə də müzakirələrin keçirilməsinin zəruriliyinə toxundu. O, Azərbaycanın müasir dünyəvi dövlət kimi Qərblə islam aləmi arasında körpü rolunu oynaya biləcəyini bildirdi.
Azərbaycanda tam dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən Mehriban Əliyeva YUNESKO və İSESCO-nun xoşməramlı səfiri kimi bu istiqamətdə bütün təkliflərə açıq olduğunu vurğuladı. Görüş zamanı Azərbaycanın birinci xanımı ölkəmizdə demokratik təsisatların daha da təkmilləşdirilməsi üçün görülən tədbirlər barədə də danışdı.
Mehriban xanım Əliyevanın ABŞ-a işgüzar səfəri başa çatmışdır.
Azərbaycan.- 2006.- 9 dekabr.- № 276.- S. 3.