Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Fransaya səfəri
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 2-də Fransaya səfərə gəlmişdir.
Mehriban xanım Əliyeva həmin gün Fransa Baş nazirinin iqamətgahında hökumət başçısı Dominik de Vülpenin xanımı Marillor de Vülpenlə görüşmüşdür.
Baş nazirin xanımı Mehriban xanım Əliyevanı iqamətgahın qarşısında səmimiyyətlə qarşılamışdır.
Xanım de Vülpen Mehriban xanım Əliyevaya Parisin ən qədim və möhtəşəm memarlıq abidələrindən olan Matinyon sarayının tarixi barədə danışmış, hörmətli qonağı ayrı-ayrı salonlarla tanış etmişdir.
Sonra Mehriban xanım iqamətgaha daha əzəmətli görkəm verən bağdakı nadir ağac növlərinə, tarixi abidələrə də baxmışdır.
İqamətgahla ümumi tanışlıqdan sonra Marillor de Vülpen ilə Mehriban Əliyevanın görüşü olmuşdur.
Görüş zamanı Baş nazirin xanımı rəhbərlik etdiyi Cəmiyyətin ölkədəki əlil uşaqlara, onların təhsilinə göstərdiyi qayğıdan, bu qəbildən olan uşaqların ümumi orta təhsil almaları üçün Cəmiyyətin hazırladığı xüsusi proqram, xəstə uşaqların təhsilinin normal şagirdlərin bilik səviyyəsinə çatdırılması üçün görülən işlər barədə məlumat vermişdir.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin bu sahəyə yaxınlığını xatırlatmış, Fondun bu istiqamətdə xüsusi proqramının olduğunu, valideyn qayğısından məhrum uşaqların təlim-tərbiyəsinə hərtərəfli qayğı göstərildiyini bildirmiş və bu sahədə təcrübə mübadiləsinin xüsusi əhəmiyyətini vurğulamışdır.
Səmimilik şəraitində keçən görüşdən sonra Fransa Baş naziri xanımının adından Mehriban Əliyevanın şərəfinə nahar verilmişdir.
AzərTAc
2007, 2 aprel