Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Ölkənin birinci xanımı hansı siyasi texnoloqların xidmətindən istifadə edir?


2003-cü il Prezident seçkilərindən dərhal sonra baş verən olaylar Azərbaycan siyasətşünaslarını o qədər aludə etdi ki, ölkənin üfüqlərində yeni bir ulduzun doğduğunun fərqinə belə vara bilmədilər. Bu ulduz-ölkənin birinci ledisi Mehriban xanım Əliyeva idi. Bu, siyasi arenanın sadə tamaşaçılarına əvvəl-əvvəl adi bir meteor parıltısı kimi gəldi, lakin hadisələr inkişaf etdikcə, hamı Mehriban xanımın təsadüfi fiqur olmadığının, ictimai-siyasi mühitə tamamilə yeni baxış və yanaşma gətirdiyinin şahidi oldu. Bəli, Mehriban Əliyeva Azərbaycan siyasətinə uzun müddətdir ki, davam edən və olduqca gərgin ab-hava vermiş iqtidar-müxalifət savaşında çoxdan unudulmuş humanitar təfəkkür tərzi gətirdi. İndi artıq heç kim inkar edə bilməz ki, bu, çoxdan qərarlaşmış və bəlkə də daşlaşmış; sümükləşmiş Azərbaycan siyasi elitası tarixində yeni bir mərhələnin əsasını qoyan yanaşma idi. Mehriban xanım cəmiyyətimizə xalqın ən çox ehtiyac duyduğu dəyərlərin dirçəldilməsi, bunlara diqqətin və qayğının artırılması təmayülünü daxil etdi və tez bir zamanda həmin təmayülü aparıcı xəttə çevirə bildi. Yaxşını yamandan, Xeyiri şərdən, gerçəyi yalandan özünəməxsus bir həssaslıqla seçə bilən xalq buna politoloqlardan daha ayıq reaksiya verdi, bu zərif və cazibədar xanıma aydın diqqət yetirdi və ona daha isti, məhrəm duyğular bəslədi, dərin bir rəğbətlə yanaşmağa başladı. Siyasət alimləri isə yalnız xalqın gerçək simpatiyasını qazandıqdan sonra Mehriban Əliyevanın ictimai-siyasi statusunu etiraf etməli oldular.

Əslində, onun ictimai-siyasi mühitə qədəm qoyması bir qədər əvvəl, ulu öndərimiz Heydər Əliyevin sağlığında başlamışdı. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradıcısı, "Azərbaycan-İrs" jurnalının təsisçisi olaraq zəngin mədəniyyətimizin təbliği kimi mühüm bir missiyanın önündə gedən xanım Əliyevanın fəaliyyəti o dövrdə bir qədər ciddiyə alınmır, sadəcə, Prezident gəlininin, gələcək Prezident xanımının ictimai həyatda aktivlik göstərmək cəhdi kimi qiymətləndirilirdi. Mütərəqqi Qərb ölkələri səfirlərinin xanımlarını, qadın hərəkatı fəallarını, məşhur elm, mədəniyyət və incəsənət xadimlərini başına toplayıb, müstəqillik dövrünün keşməkeşlərində gözdən, könüldən uzaq salınmış milli mədəniyyətimizin ictimai həyatda öz layiqli yerini tutması üçün göstərdiyi fədakarlıq da indiki dövlət başçısının siyasi portretinə onun həyat yoldaşının gətirmək istədiyi ştrixlər səviyyəsində anlaşılırdı. Bu fədakarlıqda gizlənən səmimi vətənpərvərliyi, gerçək milliliyi, riyadan, məkrdən, siyasi hiyləgərlikdən uzaq ziyalılığı, tarixlərin o tayında qalmış kübar xalqçılığını layiqincə duymaq, başa düşmək və dəyərləndirmək bəlkə heç asan da deyildi. Çünki onun fəaliyyətinə münasibət - Azərbaycan siyasətində xalqın tarixi mövcudluq şərtlərindən biri və birincisi olan milli mədəniyyətə münasibətlə eyni idi. Bu, elə bir vaxt idi ki, siyasətə xoş-zor qoşulanlar xalqın adından xalq üçün müxtəlif süni və qondarma dəyərlər uydurur, onu "xoşbəxt" etmək naminə şüarlar səsləndirir, həmin uydurma dəyərlər və şüarlar uğrunda eynilə qondarma "mübarizələr" aparırdılar. Mehriban xanım isə ölkənin iki tanınmış ziyalı nəslinin düşüncə tərzini, həyat fəlsəfəsini əxz etmişdi, elə buna görə də Azərbaycan xalqına həqiqi xidmət göstərməyin düzgün yolunu dəqiq bilirdi. O yaxşı başa düşürdü ki, dünyada özünü, keçmişini, bu gününü layiqincə təmsil eləməyi bacarmayan, müasir biliklərə, texnologiyalara, təfəkkürə və mədəniyyətə yiyələnməyən xalqın gələcəyinə kimlərisə inandırmaq çətindir. Nə qədər ki, bu problemlər həll olunmayıb, dünyaya özlərini mədəni, azərbaycanlıları, türkləri isə vəhşi, barbar xalq kimi təqdim eləyən ermənilərin bədnam təbliğatının qarşısını almaq mümkün olmayacaq. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizi hərbi-siyasi qarşıdurmalardan, iqtisadi böhran məngənəsindən, sosial aşınmadan qurtarmışdı, onun qarşısında dövlətimizi dünya siyasəti meridianlarına çıxarmaq kimi qlobal problemlər dayanırdı. Buna baxmayaraq, böyük öndər Azərbaycanın mədəni yüksəlişi qayğısına da qalmış, onun inkişaf perspektivlərinin magistral yollarını müəyyənləşdirmişdi. İndi bu yolla irəliləmək istəyənləri ardınca aparmağa qadir Mehriban xanım kimi həqiqi avanqard gənclər lazım idi. Mir Cəlal, Nəsir İmanquliyev ocaqlarının tərbiyəsini görmüş Mehriban xanım öz siyasi müəlliminin, "ata" dediyi öndərimizin göstərdiyi bu yolu seçdi. Görünür, bu məqamda özünə inamı sarsılmış sadə xalqla onun baxış bucağı üst-üstə düşdüyü üçün tezliklə uğura tuş gəldi, elin rəğbətini və təmənnasız sevgisini qazandı.

Bir mənzərəni xatırlamaq vacibdir: Ötən əsrdə xalqımızın başına gətirilmiş müsibətlərin bəlkə də ən dəhşətlisi və bənzərsizi olan 20 Yanvar faciəsinin qara ildönümlərindən biri idi. Ucu-bucağı görünməyən insan seli hər il olduğu kimi, həmin gün də aramla, səbrlə, təmkinlə, basabas salmadan, böyük ehtiramla müstəqillik uğrunda qurban getmiş günahsız şəhidlərimizin ziyarətgahına doğru irəliləyirdi. Telekameralar usanmadan, matəm musiqisi altında gedən bu prosesi canlı yayımlayırdı. İzdihamın içində ara-sıra tanınmış simalar da gözə dəyirdi, amma axşama az qaldığından ziyarətə gələnlərin böyük əksəriyyəti adi vətəndaşlar idi. Elə bu vaxt kameraların "nəzərləri" iki qızı ilə sakit-sakit şəhid məzarlarına doğru irəliləyən qara paltarlı kübar bir xanıma dikildi. O anda vətənpərvər tamaşaçının keçirdiyi hissləri "matəm qarışıq sevinc" kimi ifadə etmək olardı. Çünki həmin xanım bir özgəsi deyil, Prezidentin həyat yoldaşı, ölkənin birinci xanımı Mehriban Əliyeva idi. Övladlarını da yanına alıb, xalqının müqəddəs kədərini əlahiddə şəkildə yox, onunla bir yerdə, onunla bərabər hüquqda, bir sırada addımlayaraq bölüşməyə gəlmişdi. Bu adi hərəkət Azərbaycan xalqının öz müstəqilliyini, ərazi bütövlüyünü uğrunda qurban verdiyi şəhidlərin xatirəsinə dərin ehtiramın bənzərsiz rəmzi məna kəsb edən təzahürü kimi yaddaşlara həkk olundu. Hər il həmin gün bütün azərbaycanlıların qəlbində duyğuların bütöv bir qarışığı, buketi tüğyan edirdi - şəhidlərimizə görə mərhəmət, hüzn, qürur, onları gözgörəti ölümə aparmış "keşiş qaponlar"a qarşı qəzəb və hiddət, günahsız vətəndaşlarımızı qanına qəltan etmiş düşmənə nifrət və üsyankarlıq... Amma həmin gün ürəklərdə bir duyğu da öz layiqli yerini tapdı - ölkənin birinci xanımına ehtiram və minnətdarlıq duyğusu.

Əlbəttə, o gün milyonlarla həmvətənimiz telekameraların gözü ilə bu lal və hüznlü səhnəni müşahidə etmiş, bu vətənpərvər xanımın sadəliyinə, fədakarlığına, kübarlığına heyran kəsilmişdi. Mehriban xanımın bütün sonrakı fəaliyyəti də sübuta yetirdi ki, xalqa yaxınlığını, bağlılığını, hörmət və məhəbbətini belə kiçik, lakin əlamətdar addımlarla büruzə verməklə onun ruhuna hakim kəsilmək mümkündür. Kifayətdir ki, xalq sənin ona yuxarıdan aşağı baxmadığına inansın. Kifayətdir ki, xalq görsün: sən onun dərdini, ehtiyacını bilir və ona əllindən gələn qədər kömək göstərmək, dəstək vermək istəyirsən. Kifayətdir ki, xalq sənin xoş məramını anlaya bilsin. Lakin bunun özü də asan məsələ deyil. Siyasətlə illər boyu məşğul olanlar, onu özünə peşə seçənlər var ki, çoxillik fəaliyyətləri dövründə xalqın tükünü belə tərpədə bilmirlər. Onlar xalqın adından bəyanatlar verir, onun maraqları ilə alver edir, lakin xalqa qovuşmağı heç cür bacarmırlar, necə deyərlər, hərəsi öz həyatını yaşayır - xalq öz həyatını, bu tip siyasətçilər isə öz həyatlarını. Onlar özlərini xalqdan mümkün qədər daha çox ayırmağa, bununla da sanki özlərinin müstəsnalıqlarını büruzə verməyə can atır və elə bununla da uduzurlar. Təəssüflər olsun ki, bu gün Azərbaycan siyasətində yer tutanların böyük əksəriyyəti məhz belələridir.

Belələri Mehriban xanımın xalqı ilə belə asanlıqla dil tapmasına qısqanclıqla yanaşırlar - başqa cür mümkün də deyil. Onlar bu birliyə min bir yozum verir, gah bunu kökündən inkar edir, gah da müxtəlif səbəblərlə izah edirlər. Doğrudur, siyasi texnologiyaların inkişaf etdiyi, manipulyasiya imkanlarının günbəgün artdığı, insanların nəinki şüuruna, hətta təhtəlşüuruna da təsir üsullarının kəşf olunduğu bir dövrdə texnoloji imkanlardan, elmin yeni nailiyyəti sayılan metodlardan istifadə edilməsində təəccüblü bir şey də yoxdur. Və təsadüfi deyil ki, Mehriban xanımın Azərbaycan siyasətinə ildırımsürətli gəlişini, burada öz layiqli yerini tapmasını, ən əsası isə geniş xalq kütlələrinin qəlbini belə tezliklə ələ almasını da məhz siyasi texnoloqların gücü ilə izah edənlər daha çoxdur. Etiraf edək ki, bəzən bu gənc və kübar xanımın qısa, lakin sirayətedici nitqlərinin, hətta sözsüz, yalnız jestlər və mimikalar səviyyəsində belə qarşısındakılara göstərdiyi təsirin altında bəzən bu fikrin gerçəkliyinə inanır və düşünürsən ki, görəsən, Mehriban Əliyeva hansı siyasi texnoloqların xidmətindən istifadə edir?

Amma az sonra onun fəaliyyətinin nə qədər sadə, lakin nə qədər mühüm və ardıcıl addımlardan ibarət olduğunu xatırlayır və onun təsir mexanizmini də aydınlaşdıra bilirsən. Fakt budur ki, artıq Mehriban xanım Azərbaycanın sevilən simalarından birinə çevrilib, xalq onun fəaliyyətini izləyir, onu görmək, dinləmək, onunla ünsiyyətdə olmaq istəyir. Onun məktəblərdə, tibb ocaqlarında, muğam konsertlərində, elmi konfranslarda əhalinin ən müxtəlif təbəqələri, eləcə də xarici qonaqlarla görüşlərində göstərdiyi humanizm, insanpərvərlik nümunələri Azərbaycanda bədheybət şəklə salınmış siyasətin ümumi simasına məxsusi bir gözəllik, ülvilik verir. Mehriban xanımın hər görüşünün, onun keçirdiyi hər bir aksiyanın İlham Əliyev iqtidarına xalqa yaxınlıq baxımından rəsmi təbliğatdan qat-qat artıq dividentlər gətirdiyinə indi heç kimin şübhəsi yoxdur. Doğrudanmı bütün bunlar cəmiyyətdəki statusu kifayət qədər yüksək olan, intellektual səviyyəsi ilə bu mərtəbədən də yüksəklərə qalxmağı bacaran bir xanımın şəxsi səyləri hesabına əmələ gəlir? Onun atdığı addımlar spontan səciyyəni daşıyır, yoxsa əvvəlcədən planlaşdırılır, düzülüb-qoşulur? Respublikanın birinci xanımı olması öz-özlüyündə aşkarlayır ki, o, "xalq arasında çıxış"larında heç də tam sərbəst və müstəqil ola bilməz. Amma axı burası da var ki, planlaşdırma ilə, etiket qaydalarına əməl etməklə bu boyda uğuru belə asanlıqla qazanmaq olmaz! Bəs nədədir Mehriban xanımın təsir gücü? Yuxarıda qeyd etdik ki, o, həddən artıq sadə, təvazökar və millətsevərdir. O, özünü kütlənin xoşuna gəlməkdən ötrü qurutmur, nitqlərini əzbərləmir, davranışlarını rol kimi məşq etmir, xalq arasında səhnədə rol oynayırmış kimi hərəkət etmir. Düşündüyü kimi danışır, olduğu kimi görünür, baxışlarını açıq, səmimi, lakin qəti tərzdə ifadə edir, insanları özünün haqlı olduğuna inandırır. Aydın görünür ki, planlaşdırdığı tədbirlərin bütün görünən və görünıəyən tərəflərini irəlicədən yaxşı-yaxşı öyrənib, qaldırdığı problemləri dərindən bilir, elə buna görə də diletant kimi görünmür. "Qarabağ xanəndələri" albomunu nəşr edəndə də, maddi tarixi abidələrimizlə bir sırada qədim muğamlarımızı YUNESKO səviyyəsində təmsil və təbliğ edəndə də xalqın əziz bildiyi dəyərlərlə işlədiyini düzgün qiymətləndirir. Bürokratik aparatın, məmurların get-gəlindən bezib haqqa ümidlərini itirmiş həmvətənlərimizin əlindən tutanda da yüksək səmimiyyət nümayiş etdirir. Onu nə populyarlıq, nə süni şöhrət, nə də bir günlük, beş günlük dəyərlər düşündürür. Xoşa gəlmək istəsəydi, Mehriban xanım yəqin ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hesabına məktəblər, bağçalar, internatlar yox, məscidlər tikdirərdi. Muğam mərkəzləri deyil, estrada arenaları qurdurardı. Xalqın düşünən hissəsinə yox, emosional kütlələrinə hesablanmış tədbirlər keçirər, xeyriyyəçiliyin siyasi gəlir gətirən növləri ilə məşğul olardı.

Bu gün tək bizim yox, çoxlarının nəzərində beynəlxalq, regional, ölkə siyasətinin sərt reallıqları ilə ayaqlaşmaq zərurəti ilə üzləşən Prezidentin ictimaiyyətlə ən mahir əlaqələndiricisi məhz elə odur - Mehriban Əliyeva. Özünün daxildən gələn yüksək ünsiyyət mədəniyyəti, paklığı, təmizliyi, mənəvi ucalığı, ziyalı cövhəri ilə Mehriban xanım bu gün Azərbaycan dövlət idarəçiliyinə rəsmən heç bir dəxli olmasa da, İlham Əliyev siyasi xəttini bəzən təhrif edən, onunla xalq arasında sədlər yaradan "iqtidar mənsubları" ilə həqiqi antiteza təşkil edir. Mehriban xanım xalqına zidd mövqedə dayananların hamısına qarşı ən layiqli opponentdir, baxmayaraq ki, o, bu gün nə iqtidardakı, nə müxalifətdəki opponentlərinin heç birinə qarşı açıq çıxışlar etmir. Onun əleyhdarlığı da, tərəfkeşliyi də dildə deyil, əməldədir. Mehriban xanım o qədər səmimidir ki, təbliğatdan, təşviqatdan uzaq əməllərində də öz daxili aləmini gizlətməyi bacarmır. Əlindəki imkanlardan ona pənah gətirən, ondan nicat umanların nəfinə istifadə edir, xalqın zəruri ehtiyaclarını dəqiqliklə duyub qiymətləndirir. Bunlar elə güclü və parlaq fərdi keyfiyyətlərdir ki, heç bir texnoloq məsləhəti ilə başa gələ bilməz. Bunları ən mahir aktyorlar belə oynamağa qadir deyil. Bunlar insana ana südü, ata öyüdü, yaşanmış həyat təcrübəsi ilə, qazanılmış biliklərlə verilən nadir xüsusiyyətlərdir. Belə incə və həssas məsələlərdə Mehriban xanım özünəxas daxili səmimiyyəti ilə bütün texnoloji nailiyyətlərin fövqündə dayanan unikal şəxsiyyətdir.

Beləliklə, onun fəaliyyətinə bu prizmadan yanaşdıqda birinci xanımın hansı "texnoloq" və "məsləhətçi”lərin xidmətindən yararlanması da müəyyənləşir.


Yeni Azərbaycan.- 2005.- 30 avqust.- № 166.- S. 3.