Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əzizbəyov rayonunda təhsil və mədəniyyət obyektlərinin açılışında iştirak etmişdir
Mayın 10-da, ulu öndərimizin anadan olmasının 83-cü ildönümü günündə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Əzizbəyov rayonunda bir neçə mədəniyyət və təhsil obyektinin açılışında iştirak etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir" müdrik kəlamını öz fəaliyyətində örnək kimi qəbul edən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən bir qismi də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti artıq onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır.
Əsaslı şəkildə Mərdəkan qəsəbəsində yenidən qurulan kütləvi kitabxananın açılış mərasiminə gələn Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Kitabxananın müdiri Ofeliya Abdullayeva mərasimə toplaşanlara xatırlatdı ki, əvvəlki darısqal bina müasir tələblərə cavab vermədiyinə, yararsız vəziyyətə düşdüyünə görə sakinlər, kitabxana kollektivi Mehriban xanıma müraciət etmişdi. Həm də bizim deputatımız olan Mehriban xanım xahişimizə dərhal müsbət reaksiya verərək, kömək göstərmişdir. Qısa vaxt ərzində əvvəlkindən 4 dəfə geniş olan, 480 kvadratmetr sahəni tutan kitabxana binası inşa olunmuşdur. 86 min nüsxə fondu olan bu kitabxanada indi Azərbaycan və rus dillərində 4 şöbə, oxu zalı, işçilər üçün istirahət yeri vardır. Heydər Əliyev
Fondu tərəfindən kompüter dəsti və xeyli təzə kitab da bağışlanmışdır.
Bütün bunlara görə Mehriban xanıma kollektivin, çoxminli oxucuların və mədəniyyət işçilərinin minnətdarlığını bildirən kitabxanaçılar, görülmüş işləri həm də milli mədəniyyətimizin inkişafına xeyirxah, uzaqgörən qayğının nəticəsi kimi qiymətləndirdilər.
Mehriban xanım kitabxananın fondu, şöbələri, oxucuların rahatlığı üçün yaradılmış şəraitlə tanış oldu, foyedə təşkil edilmiş foto-sərgilərə baxdı, oxucularla söhbət edərək onların maraq dairəsini öyrəndi, kitabın hər zaman əvəzedilməz bilik mənbəyi olduğunu xatırlatdı. Kitabxanaya daxil olan yeni xarici ədəbiyyatla, dövri mətbuatla, latın qrafikası ilə çapdan çıxan kitablarla, kataloq sistemi ilə yaxından maraqlanan Mehriban xanım burada yaradılan şəraitdən razılığını bildirdi, kollektivə öz tövsiyələrini verdi, kompüter sisteminə keçidlə bağlı hansı problemlərin mövcud olduğunu soruşdu və bildirdi ki, kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi üçün fond bundan sonra da lazımi kömək göstərəcəkdir.
Kitabxananın fəal oxucuları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işlərinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın dəstəyini yüksək qiymətləndirdilər, deputat kimi fəaliyyətindən də razılıqlarını vurğuladılar.
Uşaq bağçalarının inkişafını, maddi-texniki bazasının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Şimal DRES" yaşayış massivində 10 nömrəli körpələr evi və uşaq bağçasında da yenidənqurma işləri aparılmışdır. Bir neçə ay əvvəl burada olan Mehriban Əliyeva sakinlərin xahişini nəzərə alaraq, uşaq müəssisəsinin müasir tələblərə cavab verməsi üçün tədbirlər görüləcəyini bildirmişdi.
"Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində həyata keçirilən yenidənqurma işləri ötən əsrin 40-cı illərində inşa edilmiş bu köhnə binanın əvvəlki arxitektura görkəmi saxlanılmaqla, simasını tamamilə təzələmişdir. Bağça müasir avadanlıqla, təzə yataq dəstləri, çarpayılar, oyuncaqlarla təmin edilmiş, binada istilik sistemi quraşdırılmış, həyətdə uşaqların gəzintisi, müxtəlif oyunların keçirilməsi üçün xüsusi sahə yaradılmışdır. Buraya gələn əvvəlki çala-çuxur yolun əvəzində indi geniş, asfalt döşənmiş, ətrafına sıx cərgələrlə küknar ağacları əkilmiş yol salınmışdır. Bağçanın açılış mərasimində iştirak edən Mehriban xanım Əliyevanı səmimiyyətlə qarşılayan tərbiyəçi-müəllimlər, valideynlər bütün bunlara görə ona təşəkkürlərini bildirdilər.
Mehriban xanım qəsəbə sakinlərini və 23 nəfər işçisi olan bu kollektivin üzvlərini belə bir obyektin inşası münasibətilə təbrik etdi, valideynlərə uşaqlarını hər zaman sağlam görməyi arzuladı. Sakinlər az müddətdə belə dəyərli işin görülməsini əsil fədakarlıq kimi qiymətləndirdilər, Milli Məclisin deputatının verdiyi vədlərə ardıcıl, dəqiq əməl etməsinin xüsusi razılıq doğurduğunu söylədilər.
Mehriban xanım 200-dən çox uşağın təlim-tərbiyəsi üçün burada yaradılan şəraitlə yaxından tanış oldu, görülən işləri müsbət dəyərləndirdi, tövsiyələrini bildirdi, böyüməkdə olan nəslin sağlamlığının, tərbiyəsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, rayonun digər uşaq tərbiyə müəssisələrində də belə nümunəvi şəraitin yaradılacağını vurğuladı. Ümummilli lider Heydər Əlievin doğum günündə fond daha bir uğurlu layihəsini başa çatdırdı.
Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsi uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətə düşmüşdü. Fondun prezidenti Mehriban Əliyeva ötən gəlişində buradakı vəziyyətlə yaxından tanış olaraq, Bakının bütün uşaq evləri və internat məktəblərində böyüyən uşaqların yay istirahəti üçün burada lazımi şəraitin yaradılması ideyasını irəli sürdü. Fondun əməkdaşlarına tapşırıq verdi ki, təcrübəli mütəxəssislər cəlb olunaraq, geniş ərazidə yay düşərgəsi yaradılması üçün layihə hazırlansın. Layihə Mehriban xanımın şəxsən iştirakı ilə baxılaraq, əlavələrlə birlikdə qəbul ediləndən dərhal sonra tikinti işlərinə başlandı. Qısa müddət ərzində burada əsil uşaq şəhərciyi yaradılmışdır. Yaşıllıqlarla əhatələnmiş hovuz, rahat istirahət guşələri, tennis kortları, rəngbərəng gül-çiçək kolları göz oxşayır. Buradan gələn musiqi sədaları hələ uzaqdan eşidilirdi. Al-əlvan gül-çiçəyə qərq olmuş həyətdə Mehriban xanımı uşaq evinin "Azəri" mahnı və rəqs ansamblı oynaq rəqslərlə qarşıladılar.
Düşərgənin yataq, iaşə və inzibati binalardan ibarət hər 3 korpusunu gəzən Mehriban xanım ən müasir avadanlıqla, inventarla komplektləşdirilmiş binalardakı səliqə-sahmandan, tikinti işlərinin keyfiyyətindən razılığını bildirdi, burada arzusunda olduğu mənzərəni görməsindən sevindiyini gizlətmədi. Dedi ki, ən böyük arzusu bütün uşaq evlərində belə şərait görməkdir və yəqin ki, yaxın illərdə belə də olacaqdır. Çünki yalnız belə rahat şərait və tərbiyəçi müəllimlərin, cəmiyyətin bütün təbəqələrinin xoş, qayğıkeş münasibəti uşaqların ata-anasızlıq dərdini azalda bilər.
Düşərgənin müdiri Nərminə Zöhrabova belə bir nümunəvi şəhərciyi onlara bəxş edən Mehriban xanıma minnətdarlıq etdi, bu xeyirxahlığın həmişə yaddaşlarda qalacağını vurğuladı, savab əməl sahibinə və onun ailəsinə, övladlarına Allahdan xoşbəxtlik dilədi.
Qəsəbə ağsaqqalı Cümşüd Muradov burada quraşdırılan təzə yüksəkgərginlikli transformatordan ətraf məhəllələrin də istifadə etdiyini minnətdarlıq hissi ilə bildirdi.
Mehriban xanım uşaqlarla, qəsəbə sakinləri, kollektivin üzvləri ilə xatirə şəkli çəkdirdi.
Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə həmin gün burada Bakının müxtəlif uşaq evi və internat məktəblərində tərbiyə olunan uşaqların iştirakı ilə düşərgədə musiqili bayram axşamı təşkil edildi.
Respublikamızın tanınmış müğənniləri uşaqlara unudulmaz sevinc bəxş etdilər.
Xalq qəzeti.- 2006.- 11 may.- № 103.- S. 7.