VI Beynəlxalq Elm Olimpiadasının açılışı olub
Mehriban Əliyeva: "Gənc peşəkar kadrların bilik və bacarıqları sayəsində Azərbaycanda çox sayda layihələr həyata keçirilir"
VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu ilə başlayıb.
"Hazırda gənc peşəkar kadrların bilik və bacarığı sayəsində Azərbaycanda çox sayda layihələr həyata keçirilir. 15 yaş yeniyetmələrin həyatında məsuliyyətli dövrdür. Biz ümid edirik ki, bu olimpiadanın qalibləri öz vətənlərinə böyük təəssüratlarla qayıdacaqlar. Diqqətə layiqdir ki, Azərbaycanda Uşaq ili bu cür genişmiqyaslı tədbirlə başa çatır", - Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun oxuduğu təbrik məktubunda deyilir.
Açılış mərasimində çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev deyib ki, biologiya, kimya və fizika kimi fənlər hər bir ölkənin elminin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir: "Hazırda Azərbaycan ciddi dəyişikliklər yolundadır. Bu olimpiada yeniyetmələr üçün geniş imkanlar açır, yeni əlaqələr yaratmağa imkan verir".
Hafiz Paşayevin sözlərinə görə, olimpiadanın Təşkilat Komitəsinin rəhbərliyi, 30 nəfər azərbaycanlı alim 500-dək tapşırığın hazırlanması üzərində işləyib. Bu tapşırıqlar 60-dan yuxarı görüşdə müzakirə edilib: "Əsas olan qələbə deyil, iştirak etmək və həmçinin yeni dostlar qazanmaq, bilik əldə etməkdir".
Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, qaliblər ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar: "Biz bu olimpiadadan böyük nəticələr gözləyirik".
Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Qinqtinqin sözlərinə görə, İndoneziyada bu yarışın qalibləri ölkə ali məktəblərində bütün tədris dövrü ərzində təqaüdlə təmin edilirlər və bu təcrübə Azərbaycanda da tətbiq edilə bilər.
2-11 dekabr tarixlərində Bakıda keçiriləcək olimpiadada 15 yaslı məktəblilər arasında fizika, kimya və biologiya üzrə 49 ölkədən 600 yeniyetmə və onların müəllimləri iştirak edəcəklər. Elm yarışması ingilis dilində keçiriləcək. Olimpiada 2004-2005-ci illərdə İndoneziyada. 2006-а ildə Braziliyada. 2007-ci ildə Tayvanda. 2008-ci ildə isə Koreyada keçirilib.
Mamed
Azad Azərbaycan.- 2009.- 4 dekabr.- № 176.- S. 2.