Xoş məramlar elçisi
Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.
Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına "birinci xanım" ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamındasa unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Görünür, bunun özü də maraqlı bir qanunauyğunluqdur. Azərbaycanın milli dövlətçilik tarixində bu ənənəni elə bir şəxs formalaşdırır ki, o, dünyaya göz açıb tərbiyə aldığı ailə, bütün ömrü boyu əhatə olunduğu mühit, üz tutduğu dəyərlər etibarilə əsl Azərbaycan qadınının simvolu sayıla bilər. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və tanınmış şərqşünas alim mərhum Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açıb. XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan, uşaqlıq, gənclik illərindən sevə-sevə oxuduğumuz, əsərləri ilə həyat yollarında bizlərə müəllimlik etmiş Mir Cəlal Paşayevin və milli mətbuatımızın patriarxı, minlərlə Azərbaycan jurnalistinin müəllimi, ustadı olan qüdrətli qələm sahibi Nəsir İmanquliyevin ocağından nur alıb. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi olan Zərifə xanım Əliyeva olub.
Azərbaycanda "birinci xanım" institutunun geniş mənada məhz 2003-cü ilin oktyabrından sonra formalaşması və bunun Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktını xüsusi vurğulamalıyıq. Mehriban xanım Əliyeva bu ənənəni Azərbaycan siyasətinə gətirməklə özünü ölkənin birinci xanımı kimi təsdiqləmiş, onun dəyərli fəaliyyəti ictimaiyyətin diqqətinə gəlmişdir. Bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin 15 oktyabr prezident seçkilərindəki qələbəsindən əvvəl başlayıb. Mehriban xanım Əliyevanın hələ 1995-ci ildən etibarən təsis edilən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin inkişafı, xalqımızın tarixi və nadir mədəniyyət nümunələrinin xaricdə təbliği, bir neçə il sonra isə həm də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi ölkəmizdə bu idman növünün yüksəlişi istiqamətində gördüyü işlər tədricən onun cəmiyyətdə birinci xanım kimi qəbul olunmasına əsaslar yaradırdı.
Bəzən obyektiv və subyektiv səbəblərdən, hansısa məmurun səhlənkarlığı, ünvanlanmış şikayətlərə biganə münasibəti ucbatından vətəndaşın dövlət qurumlarından ümidi üzülür. Amma belə vəziyyətlə üzləşən vətəndaşlar üçün sonuncu bir ümid ünvanı da vardır. Hər kəs əmin ola bilər ki, burada onun dövlətə olan inamını qırmayacaq, mövcud imkanlar daxilində ona kömək etməyə çalışacaqlar. Azərbaycan vətəndaşı bu ünvanı artıq yaxşı tanıyır: HEYDƏR ƏLİYEV FONDU. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın əsas məqsədləri hər şeydən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsinə xidmət edən iri miqyaslı proqramların həyata keçirilməsinə dəstək vermək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri gerçəkləşdirmək, ölkənin iqtisadi potensialını möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və digər həyati məsələlərdən ibarətdir.
İqtisadi inkişaf yolu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliyə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiyaya dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələrindəndir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son dövrdə atdığı addımlar sırasında konkret olaraq, təhsilə yönəltdiyi böyük diqqət onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin danılmaz sübutu sayıla bilər. Ölkəmizin inkişafında təhsilin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alan Heydər Əliyev Fondu 2005-ci ildə bu sahədə bir neçə irimiqyaslı layihə hazırlayaraq həyata keçirmişdir. Bunlardan ən mühümü ölkəmizdə çox böyük əks-səda doğurmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Fond Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında hazırlanan bu proqramı cəmiyyətə təqdim edəndə etiraf edək ki, çox az adam Azərbaycan üzrə üç-dörd ay ərzində 132 məktəb tikiləcəyinə, özü də bu məktəblərin əksəriyyətinin ucqar bölgələrdə, dağlıq rayonlarda inşa olunacağına inanırdı. Lakin Mehriban xanım Əliyeva sübut etdi ki, inam, iradə, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
Məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuş, bütün layihə iştirakçılarının gərgin əməyi, yorulmaz səyi nəticəsində minlərlə məktəbli yeni tədris ilini yaraşıqlı, gözoxşayan təhsil ocaqlarında qarşılamışlar. Fond "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin də icrasına başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa edilmişdir. Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd, Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Qısa vaxt ərzində 132 yeni məktəb tikilməsi dövlət müstəqilliyinə cəmi bir neçə ildir ki, qovuşan, müharibə vəziyyətində olan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan istənilən ölkə üçün fövqəladə göstərici sayıla bilər. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məhz belə bir layihəni tezliklə həqiqətə çevirmiş, yaxın və uzaq xaricdə indiyədək analoqu olmayan bu layihənin reallaşması təkcə Azərbaycanda deyil, bütün dünyada geniş əks-səda doğurmuşdur.
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin müəllifi kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Mehriban xanım Əliyevanın bu xeyirxah təşəbbüsün reallaşması üçün cəmiyyətimizə ünvanladığı çağırışa qoşulmağımızdan qürur duyuruq. Bu sətirlərin müəllifi də vaxtilə təhsil aldığı, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin adını daşıyan Muradxan kənd orta məktəbini yenidən inşa etdirmiş, məktəbin maddi-texniki bazası tam müasirləşdirilmiş, Avropa standartlarına uyğun qurulmuşdur.
Hələ 2005-ci ilin Parlament seçkilərinə xeyli qalmış kütləvi informasiya vasitələrindən məlum olanda ki, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da deputatlığa namizədliyi irəli sürüləcək, bir istək bütün ölkə seçicilərinin ümumi arzusuna çevrildi: Azərbaycanın səsvermə hüququna malik hər bir vətəndaşı Mehriban xanım Əliyevanın məhz onun yaşadığı şəhərin, rayonun, kəndin deputatı olmasını arzu edirdi. Ölkənin ayrı-ayrı regionlarında yaşayan vətəndaşlarımız xoşməramlı səfirin namizədliyinin məhz onların təmsil etdikləri dairədən irəli sürülməsi təşəbbüsündən çıxış edir, bu xahişi Mehriban xanım Əliyevanın özünə də çatdırırdılar. Vətəndaşlarımızın bu arzusu tamamilə məntiqi görünürdü. Çünki Heydər Əliyev Fondunun prezidentinin parlamentdə hər hansı bölgəni təmsil etməsi, həmin regionun yüksəlişi, burada yaşayan insanların sosial-iqtisadi problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi, sakinlərin maddi-rifah halının daha da yaxşılaşdırılması demək idi. Yeni Azərbaycan Partiyasının vahid siyahısında isə Mehriban xanım Əliyevanın namizədliyi 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürüldü.
Hələ seçki təşviqatı kampaniyasının ilk günlərindən seçicilər Mehriban xanıma inandıqlarını, mövcud problemlərin həllinə yardımçı olacağına ümid etdiklərini, indiyə qədər verdiyi bütün vədlərə əməl etdiyini bildirərək, seçkilərdə məhz ona səs verəcəklərini bəyan edirdilər. Bu rəğbət heç də təsadüfi olmayıb, deputatlığa namizədin xeyirxah əməllərinə ümumxalq qiymətinin ifadəsi idi. Milli-mədəni dəyərlərimizin, muğam, musiqi sənətimizin qorunub saxlanması və dünyada təbliğində, Olimpiya idman hərəkatının genişləndirilməsi sahəsində böyük xidmətləri, kimsəsiz, valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən qüsurlu uşaqlara diqqət və qayğısı Mehriban Əliyevaya cəmiyyətin bütün təbəqələri arasında hörmət və ehtiram qazandırmışdır. Elə Mehriban xanım Əliyeva şəxsiyyətinə olan xalq inamının ifadəsi kimi də 6 noyabr 2005-ci il Parlament seçkilərində 14 saylı Əzizbəyov ikinci seçki dairəsi seçicilərinin mütləq əksəriyyəti məhz ona səs verdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 92.12 faiz səs toplamaqla aldığı seçici dəstəyinin miqyasına görə (23106 səs) respublika üzrə bütün namizədləri geridə qoydu. O, seçicilərinin inamına sadiqdir. Mehriban xanımın seçki kampaniyası dövründə vətəndaşların diqqətinə çatdırdığı proqramlar intensiv şəkildə həyata keçirilir.
Milli Məclisin deputatı seçildikdən sonra sırf millət vəkili kimi Mehriban xanım Əliyevanın fəaliyyətində maraqlı bir məqam diqqəti çəkir. Adətən, seçkiqabağı təşviqat dövründə maraqlı ideyalar gündəmə gətirilir. Deputatlığa namizədlər seçki zamanı vətəndaşların dəstəyini qazanmaq üçün xalqa doğru gedərək, ardıcıl görüşlər keçirir, bir-birindən fərqli platformalar açıqlayırlar. Belə bir təsəvvür yaranır ki, bu platformalarda irəli sürülən müddəalar real işə çevrilərsə, qısa müddətdən sonra konkret ərazilərin bütün problemləri öz həllini tapacaqdır. Amma əfsuslar olsun ki, bəzi deputatlığa namizədlərin xalqa birbaşa ünsiyyətinin ömrü seçki başa çatana qədər çəkir. Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyətini fərqli edən ən əsas məqam isə bundan ibarətdir ki, o, seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir.
Mehriban xanım Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni-sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban xanım Əliyevanın qismətinə yazılmışdır. Bunu yeni ənənənin formalaşdırılmasından daha çox, əslində dünyaya nə vaxtsa türk dünyasından yayılan və hansısa dönəmdə unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı hesab etmək bəlkə də daha doğru olardı. Dövlətçilik sistemində Xaqan - xatun modelini əslində bütün dünya məhz türk ruhundan əxz etmişdir. Mehriban xanım Əliyevanın timsalında bu qədim ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz ənənələrə sədaqət hissi ilə bağlıdır. Ötən yüzillikdə lider-xaqan missiyasını həyata keçirən Heydər Əliyevin ən yaxın köməyi bir xatun olaraq mərhum akademik Zərifə xanım Əliyeva idi. Yeni yüzillikdə onların ruhunun, ideyalarının varisi olan Prezident İlham Əliyevə də bu kömək məhz Mehriban xanım Əliyevadan gəlir. Bu vəhdət, bu mənəvi birlik işğal olunmuş torpaqlarımızın azadlığa çıxmasında, Azərbaycanın bir dövlət kimi dünyada tanınmasında, cəmiyyətimizdə mövcud olan bir sıra problemlərin həllində öz müsbət sözünü çoxdan deyir.
Xarici mətbuata müsahibələrinin birində "Mən siyasətlə məşğul olmuram" desə də, həyata keçirdiyi xeyirxahlıq missiyası Mehriban Əliyevanın siyasi imicini formalaşdırmaqdadır. Artıq Milli Məclisin deputatı kimi Mehriban xanımın cəmiyyətimizin inkişafı üçün gördüyü işlər ümumilikdə Azərbaycan qadınlarının da ictimai-siyasi fəallığını artırır və bu tendensiya siyasi proseslərdə milli-mənəvi dəyərlərin daha çox nəzərə alınmasına, siyasi mühitdə təmiz, saf ab-havanın qorunmasına rəvac verir. Onun atdığı addımlar, həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Bu sətirlərin müəllifinə də yaxşı məlumdur ki, xaricdə, xüsusilə də Avropa ölkələrində hər hansı bir həqiqəti qəzet məlumatları və rəsmi təqdim süzgəcindən keçmiş quru faktlarla deyil, şəxsi münasibətlər, inam və səmimiyyət atmosferində aldıqda daha tez qavrayırlar. Mehriban xanım Əliyevanın beynəlxalq tədbirlərdə iştirakını izlədikdə görürük ki, bu tədbirlərdə təmsil olunan əcnəbi iştirakçılar Azərbaycanın birinci xanımını, sadəcə, hörmət və nəzakət xatirinə dinləmir, ona inanır, Azərbaycan haqqında daha çox məlumat almaq istəyirlər.
Çoxları bu sətirləri oxuyanda düşünə bilər ki, işğal kimi qlobal problemi belə sadə vasitələrlə nə dərəcədə həll etmək olar və yaxud ilk baxışda, bəlkə də, kifayət qədər "təsirli siyasi gücü" olmayan belə sadə vasitələr nəyisə həll etmək iqtidarında deyildir. Lakin müasir tariximiz bəzən ilk baxışda sadə görünən vasitələrin də siyasi müstəvidə önəmli rol oynamasına dəlalət edən hadisələrlə doludur. Bəzən məhz mədəniyyət siyasətçilərdən bir addım öndə gedərək, onların gördüyü ağır işlərin xoşməramlı, əlverişli fonunu yaradır. Nər bir ölkənin siyasi aurası mürəkkəb bir konstruksiyanı xatırladır. Bəzən bu konstruksiyanın ümumi planında xırda, ilk baxışda nəzərə çarpmayan, gözəgörünməz detallar onun bütövlüyünü, möhkəmliyini təmin edir. Müasir dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi dəyərlər aktuallığını itirmir, insan amili, şəxsi münasibətlər, mədəni-mənəvi ənənələr böyük təsir imkanlarına malikdir. Tarix həmişə kiçik dövlətləri böyük sınaqlara çəkir. Bu sınaqlardan çıxmaq yollarında aparıcı amal, məram, vətəndaşlıq həmrəyliyi, milli və ümumbəşəri mənəvi dəyərlər, mədəni ənənələrə sadiqlik və müasir dünya ilə ayaqlaşmaq, özünü qloballaşan dünyanın bənzərsiz bir hissəsi kimi dərk etməkdən ibarətdir. Tarix sübut edir ki, öz vətəndaşlarının qədrini bilən, onlarla fəxr edən, dünyada öz yerini milli siyasəti, iqtisadiyyatı, mədəniyyəti ilə özü müəyyənləşdirən ölkənin gələcəyi barədə düşünməyə dəyər.
Mehriban xanım Əliyeva bu gün həyata keçirdiyi şərəfli missiyanın əslində yaradıcısı deyil. Bu missiya Azərbaycandakı bütöv bir jurnalist nəslinin ustadı olan Nəsir İmanquliyevin, ədəbiyyat tariximizdəki ən uca zirvələrdən birini fəth etmiş böyük yazıçı və pedaqoq Mir Cəlal Paşayevin adı ilə başlayıb. Dəyərli alimlərimiz akademik Arif Paşayevlə mərhum professor Aida xanım İmanquliyevanın ocağında verilən tərbiyə, ümummilli lider Heydər Əliyevdən, Zərifə xanımdan əxz edilən həyat dərsi ilə bu təfəkkürə, ruha qovuşub. Bu mənada Mehriban xanım Əliyevanın üzərinə götürdüyü missiya daşıdığı ictimai statusdan daha çox yəqin ki, genetik yaddaşın diqtəsidir!..
Fərhad Qəribov,
Milli Məclisin deputatı
Azərbaycan.- 2006.- 23 avqust.- №188.- S. 3.