Çap etmək   ⁞     ⁞   Fond haqqında

Humanist, ictimai təşəbbüskarlıq, xeyriyyəçilik...


Yarandığı gündən bu prinsiplər əsasında fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr təqdirəlayiqdir

Yarandığı ilk gündən humanizm prinsiplərinə əsasən fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli - mənəvi dəyərlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı öndə dayanır. Körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirən Heydər Əliyev Fondunun layihələrinin başlıca meyarı uşaqlara diqqət və qayğıdan ibarətdir.

"Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaq."

Ümummilli lider Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu tövsiyələrdə bu günümüzün, sabahımızın qurucuları olan gənc nəslə etibarı, inamı öz əksini tapıb. Azərbaycanda böyüyüb, boya - başa çatan uşaqlar hər mənada xoşbəxtdirlər. Çünki ölkəmizdə onların firavan, sağlam böyüməsi üçün hər cür şərait var. Analara göstərilən qayğını da uşaqlar üçün yaradılan gözəl şəraitə əlavə etsək deyilənlərin təsdiqi üçün əlavə izaha ehtiyac qalmaz. Ölkənin gələcəyini daha parlaq görmək üçün gənc nəslə diqqət və qayğısını artıran Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2009-cu ilin Azərbaycanda "Uşaq ili" kimi elan edilməsi bu məhəbbətdən irəli gəlir. Belə bir sənədin qəbulu uşaqlara dövlət qayğısının daha da təzahürüdür. Əsas təşkilatçı Heydər Əliyev Fondu olmaqla "Hər uşağın ailəyə ehtiyacı var" kampaniyasının davamı olaraq belə bir sərəncamın imzalanması bir daha göstərdi ki, uşaqlara qayğı dövlət siyasətinin əsas prioriteti kimi xüsusi diqqətdə saxlanılır, onların sosial müdafiəsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır.

Yarandığı gündən cəmiyyətin ictimai siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat, vətəndaş üçün nümunədir. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkili üçün 30-dan artıq uşaq evi və internatlarda yenidənqurma və bərpa işlərinə diqqəti artıran millət vəkili Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Mehriban xanım Əliyevaya ünvanlanmış minnətdarlıq məktublarının sayı sonsuzdur.

Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Mehriban xanımın göstərdiyi xidmətlər əvəzsizdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan bankın yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr bəlkə də heç bir ölkədə alternativi olmayan xeyirxahlıq, humanistlikdir. Əvvəllər uşaq evlərində tərbiyə alan, yetkinlik yaşına çatan, yeniyetmə qızların yaşaması üçün evlərin tikilməsi, onlara nəzarətin təşkili Mehriban xanım Əliyevanın əxlaqi, milli-mənəvi dəyərlərimizə önəm verdiyini göstərməklə ictimaiyyəti narahat edən bir problemə son qoydu. Ən əsası odur ki, istifadəyə verilən və kimsəsiz körpələrin doğma ocağı sayılan bütün obyektlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili, hərtərəfli inkişafı üçün hər cür şərait yaradılır.

Dünyanın bir çox bölgəsində milyonlarla uşaq aclıqdan və səfalətdən əziyyət çəkir. Planetin qaynar bölgələrində baş verən qanlı müharibələrdən, iqtisadiyyatı zəif dövlətləri bürüyən yoxsulluqdan ən çox əziyyət çəkən uşaqlardır. Övladlarının sağlam, firavan böyüməsi üçün yaranan şəraitdən məmnun qalan hər bir ölkə vətəndaşı Azərbaycanda siyasi sabitliyi və iqtisa¬di uğurları təmin edən dövlət tərəfindən həyata keçirilən islahatları ürəkdən bəyənir, Prezident İlham Əliyev siyasətinə dəstək olurlar.

Ümumtəhsil məktəblərində şagirdlərə elmin, təhsilin ən müasir nailiyyətlərinə uyğun bilik aşılanır. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasına başlıca vəzifə kimi diqqət yetirilir. MDB məkanında yalnız Azərbaycanda bütün siniflər üzrə təhsil alan şagirdlər pulsuz dərsliklərlə, oxu materialları və əlavə tədris vəsaitləri ilə təmin olunurlar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi profilli və sadələşdirilmiş tədris proqramlarına uyğun məktəblər, internatlar fəaliyyət göstərir.

Valideyn himayəsindən məhrum olan bütün uşaqları doğma ovladı kimi sevən, qayğısını əsirgəməyən "Hər uşağın ailəyə ehtiyacı var" söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi heç bir internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə-heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Bu problemin həlli üçün dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" (2006-2015 - ci illər) həyata keçirilir. in¬ternat və uşaq evlərində ailə mühitinə uyğun maksimum əlverişli şərait yaradılır.

Ümumiyyətlə, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, onun həyata keçirdiyi layihələr haqqında hər birimizin məlumatı var.

Qeyd etdiyimiz kimi 2004-cü ildən cəmiyyət həyatında fəal mövqe tutan Heydər Əliyev Fondunun reallaşan ilk layihəsi təsadüfi deyil ki, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"dır. Ötən illərdən gerçəkləşən bu layihə ölkədəki uşaq evləri və internat məktəblərinin bir çoxunda mövcud vəziyyəti kökündən dəyişməyə, uşaqların sosial şəraitini yaxşılaşdırmağa, təlim-tərbiyənin səviyyəsini yüksəltməyə, ən başlıcası isə ailə mühitinə yaxın olan şəraitdə böyümələrinə imkan yaradıb.

Heydər Əliyev Fondunun gənc nəslin təhsilinin inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Belə ki, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, dünya təcrübəsi də bu həqiqəti təsdiqləyir ki, ölkənin inkişafında, tərəqqisində neft-qaz amili ilə yanaşı, elmi potensial, yeni texnolo¬giyalar əsas yer tutur. Azərbaycan müasir, sivil ölkədir, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi maraq göstərir. Biliyin əsası məktəblərdən qoyulur. Heydər Əliyev Fondunun prezidenti Mehri¬ban xanım Əliyeva çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir. Məktəblilər beynəlxalq standartlara ca¬vab verən məktəblərdə dərs almalıdırlar. Proqram çərçivəsində 200-dən artıq məktəb tikilib, lazımi avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.

Heydər Əliyev Fondunun beş ildə milli irsimizin qorunması istiqamətində göstərdiyi səylər də təqdirəlayiqdir. Muğamımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçirilməsi də deyilənlərə nümunədir.

Fondun fəaliyyətində diqqəti çəkən məqamlardan biri də həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması isti-qamətində atdığı addımlardır. Qeyd edək ki, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı neçə-neçə kitablar çap etdirilib. Faciələrimizlə bağlı dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tədbirlər keçirilir.

Humanizm, insanpərvərlik və mərhəmətlik kimi bəşəri prinsiplər Heydər Əliyev Fondunun fəaliyyətinin əsasında dayanır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ərə-fəsində, eyni zamanda bu ilin mart ayında - Novruz bayramında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın amnistiya ilə bağlı parlamentə müraciəti də deyilənlərə əyani sübutdur.

Bir məqamı qeyd edək ki, respublikamızın müstəqilliyi dövründə əfv və amnistiyaların verilməsi tarixi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə ulu öndərimiz 1995-2003 - cü illərdə 32 əfv fərmanı imzalamışdır. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda ölüm hökmü ləğv edildi.

Humanizm, insanpərvərlik və xeyirxahlıq ənənəsi ulu öndərimizin siyasi varisi İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən sonra daha geniş vüsət aldı. Bu illərdə imzalanmış əfv və amnistiya fərmanları 50 mindən çox məhkuma şamil edilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətində insanpərvərlik əsas yer tutur. Xalqımız bu xeyirxahlığa görə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fon¬dunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edir.

Heydər Əliyev Fondunun ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, yaşıllıqların salınmasına yönələn addımları da diqqətdən kənarda qalmır. Belə ki, Fondun "Hərəyə bir ağac əkək" kampaniyası paytaxt və bölgələrdə ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi, yaşıllıqların salınmasına hər kəs öz töhfəsini verməyə çalışdı.

Ümumiyyətlə, Heydər Əliyev Fon¬dunun fəaliyyəti çoxşaxəlidir. Fondun yaradılmasından az müddət keçməsinə baxmayaraq, ölkənin ictimai-siyasi, mədəni həyatında oynadığı rol çox böyük əhəmiyyətə malikdir.


Yeganə Əliyeva

İki sahil.- 2009.- 9 may.- № 86.- S. 4.