Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır


Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir. Xalqın milli mədəniyyətinin, milli–mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirhaxlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır. Fəaliyyət göstərdiyi son 8 ildə ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir.

Fondun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən, Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə, diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, böyük ictimai rəğbət qazanmışdır. Fond fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri–hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 8 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli–mədəni müxtəlifliyin, habelə, uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı–seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.

Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri bu baxımdan xüsusi qeyd oluna bilər. Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi də buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları Avropanın 15 dövlətində keçirilən soyqırım qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi–ictimai xadimlərə paylanmışdır.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO–nun bəşəriyyətin qeyri–maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun ötən illərdə milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomu olmuşdur. YUNESKO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005, 2007, 2009–cu və 2011–ci illərdə keçirilən və Azərbaycan Televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan müğamın təbliği baxımından təqdirəlayiqdir. Milli mədəniyyətin incisi olan muğamın dünyada geniş təbliği məqsədilə Bakı şəhərində müasir üslubda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də fondun qlobal layihələri sırasında mühüm yer tutur. Bundan başqa, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Xeyirxahlıq, mərhəmət və nəciblik kimi yüksək əxlaqi keyfiyyətlər tarix boyu Azərbaycan xalqının etnik–dini düşüncə sistemində mühüm yer tutmuş, insanların özündən sonra bu dünyada qoyub getdiyi ən müqəddəs, ülvi dəyərlər kimi qəbul olunmuşdur. Bəşər sivilizasiyasına böyük töfhələr vermiş Azərbaycan xalqı da həyatının mənasını xeyirxah və savab əməllərdə axtaran, Tanrının bəxş etdiyi zəngin maddi–mənəvi xəzinəni xalqı ilə təmənnasız bölüşən, onun maariflənməsi, bəşəri miqyasda özünə layiqli yer tutmasına çalışan nəcib şəxsiyyətləri ilə bu gün də böyük qürur hissi keçirir. Bu seçilmiş şəxsiyyətlər özlərinin saf həyat amalı ilə həm də başqalarına örnək olur, əsl şəxsiyyət və insanlıq mücəssəməsi kimi tarixin yaddaşına möhürlərini vururlar.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də Azərbaycan xalqının tarixən tapındığı yüksək mənəvi dəyərlərdən qaynaqlanır. Qeyri–hökumət təşkilatı kimi yaradılan fondun ilk gündən cəmiyyətə aşılamaq istədiyi ali dəyərlərdən biri də məhz xeyriyyəçiliklə bağlıdır. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hesab edir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir. Xeyriyyəçilik yoluna doğru ilk addımlarını atan hər kəs başlanğıcda anlamalıdır ki, bu anlayışın əsasında müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş insanların qayğı və problemləri dayanır: xeyriyyəçilik fəaliyyətində iştirak insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər. “İctimai əxlaqa xas olan bəzi naqisliklər — şəxsiyyətlərarası etimadın, insanların bir–birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur. Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ, sözün həqiqi mənasında, kütləvi hal almamışdır” — deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayır.

Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə ölkədə fəaliyyət göstərən digər qeyri–hökumət təşkilatları, o cümlədən bəzi hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu “ümid qapısı” kimi məhz bu ünvana üz tuturlar. Fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada, Fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur.


Baba Tağıyev,
“İrəli Azərbaycan” İctimai Birliyinin sədri

Respublika.- 2012.- 24 avqust.- № 187.- S. 4.