Bir çox məsələlər həllini tapmalıdır
Mehriban Əliyeva: “Yeni parlamentin fəaliyyətinin effektli olacağına inanıram”
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və parlament seçkilərində ən yüksək səs qazanmaqla qalib gələn Mehriban Əliyeva "İnterfaks" agentliyinə müsahibə verib. O bildirib ki, deputat kimi gələcək fəaliyyətində əsas diqqəti təhsil və səhiyyə sahəsinə ayıracaq.
- Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu Azərbaycan cəmiyyətinin bir çox sosial problemlərinin həllində yaxından iştirak edir. Yaxın zamanlarda Fond daha hansı işləri görməyi planlaşdırır?
- İlk olaraq biz əsas diqqəti gələcək nəslin daha az təminatlı hissəsinin təhsilini yaxşılaşdırmağa yönəltdik. Bu sahədə fəaliyyətimiz əsasən internatlar, yetim evləri və uşaq bağçalarının problemlərinin həllinə istiqamətlənib. Bizim xalqımıza böyük bədbəxtlik gətirən Dağlıq Qarabağ münaqişəsi valideynsiz qalmış uşaqların sayını əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, fond əqli və fiziki cəhətdən geridə qalmış uşaqlara da böyük diqqət ayırır. Bundan əlavə, fond müvəqqəti və birdəfəlik görmə, eşitmə və s. bu kimi problemlərlə üzləşən uşaqların çətinliklərini aradan qaldırmaq üçün də xüsusi proqram həyata keçirir.
Bizim birbaşa təhsillə bağlı olmayan layihələrimiz də mövcuddur ki, burada əsas diqqət uşaqların sağlamlığına yönəlib. Buna misal olaraq mən talassemiya, şəkər xəstəliyindən əziyyət çəkən uşaqlara yardım proqramını göstərə bilərəm. Fond tərəfindən həyata keçirilən kənd məktəblərinin yenidən inşası və təmiri proqramı əhali arasında böyük rezonans doğurdu. Belə bir uzunmüddətli strategiyanın hazırlanmasında əsas məqsəd yaxın zamanlarda ölkənin bütün məktəblərinin qəbul olunmuş standartlara cavab verməsini təmin etməkdir. Hazırkı məqamda Heydər Əliyev İnstitutunun yaradılması istiqamətində işlər aparılır.
Bu, bizim millətin intellektual elitasını formalaşdıra biləcək universitet olmalıdır. Biz istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda tanınmış təhsil işçiləri ilə müzakirələr aparırıq. İnanıram ki, təhsildə Avropa standartları ilə milli dəyərləri özündə cəmləşdirə biləcək bir model yaradacağıq.
- Mənəvi irsin qorunması sahəsində YUNESKO - Azərbaycan arasındakı əməkdaşlığı necə dəyərləndirirsiniz?
- Bu əlaqələr çox yüksək səviyyədədir. Qurumun icraçı direktoru Frederik Mayor 1996-cı ildə Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmişdi. 2000-ci ildə "Kitabi Dədə Qorqud" eposunun 1300 illik yubileyi zamanı YUNESKO-nun sonrakı İcraçı direktoru Koişiro Matsuura Azərbaycana təşrif buyurdu. Bu ilin sentyabrında isə YUNESKO-nun mənzil qərargahında 2000-dən çox qonağın da qatıldığı Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Bu əməkdaşlığın yüksək olmasını qurumun icraçı direktoru Koişiro Matsuuranın avqust ayında Azərbaycana rəsmi səfər etməsi də göstərdi. Onunla yanaşı, Azərbaycanda YUNESKO-nun bir çox xoşməramlı səfirləri də var idi. Təhsil sahəsində YUNESKO ilə Azərbaycan hökuməti arasında memorandum imzalandı. Həmin səfər tək təhsil sahəsində müzakirələrlə yekunlaşmadı. O zaman YUNESKO ilə birgə gerçəkləşdirilən beynəlxalq muğam mərkəzinin təməl atma mərasimi də oldu. Prezident İlham Əliyevlə Koişiro Matsuura arasında səfərin yekunlarına dair imzalanan sənəd isə qurumla Azərbaycan arasında bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq üçün şərait yaratdı.
- YUNESKO işğal olunmuş ərazilərdə milli-tarixi abidələrin gələcək taleyi ilə bağlı hansısa addımlar atacaqmı?
- Heç yadıma gəlmir ki, YUNESKO-nun xətti ilə reallaşan tədbirlərdə çıxışım zamanı mən bu məsələni qaldırmayım. Bütün mədəni və tarixi abidələrin siyahısını müəyyənləşdirmək mümkün deyil. Bu siyahıya işğal olunmuş ərazilərdə və münaqişə bölgəsində qalan dağıdılmış muzeylər, arxeoloji, təbil abidələr və s. daxildir. Tək onu xatırlatmaq kifayətdir ki, Azərbaycanın beşdə bir, hissəsini özündə cəmləyən işğal olunmuş ərazilərdə bizim mədəniyyətimizin korifeyləri sayılan Üzeyir Hacıbəyov və Bülbülün ev muzeyləri, Xocalı, Kəlbəcər mədəniyyətinin qalıqlarını əks etdirən abidə, Azıx mağarası və s. yerləşir. Lakin tarixi abidələr məsələsi münaqişənin həlli istiqamətində aparılan danışıqlardan kənarda müzakirə edilə bilməz. Məlumdur ki, sözügedən münaqişə 17 ildən artıq davam edən geniş miqyaslı humanitar fəlakətlərə yol açıb. Mən qeyd etmək istəyirəm ki, YUNESKO nə siyasi, nə də taleyi çox böhranlı vəziyyətdə olan konkret tarixi abidələrlə məşğul olan qurum deyil. Onun bir neçə məqsədləri mövcuddur, mən düşünürəm ki, qurumun fəaliyyəti münaqişədən sonrakı dövrdə daha əlverişli olar.
- YUNESKO-nun mədəni irsi siyahısına aşıq musiqisinin salınması şansları nə qədərdir? Ümumiyyətlə, daha hansı Azərbaycan musiqi janrlarının bu siyahıya daxil edilməsi üçün təqdim olunacağı gözlənilir? Muğamın tanınması istiqamətində həyata keçirilən proqramın vəziyyəti nə yerdədir?
- Mən bu şansları yüksək dəyərləndirirəm. Bununla biz tarixi ədaləti bərpa etmiş olarıq. Muğamla aşıq sənəti musiqi folklorunun ayrı-ayrı qollarıdır. Azərbaycanın bölgələrində muğam, bəzilərində aşıq, bəzilərində isə aşıq musiqisi geniş yayılıb. Hazırda isə Azərbaycan tərəfi YUNESKO-nun mədəni irsinə Novruz bayramının qəbul edilməsinə çalışır.
Muğamın tanınması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu istiqamətdə hazırda muğam ensiklopediyasının hazırlanması, müxtəlif disklərin yazılması prosesi davam edir. Mən düşünürəm ki, sözügedən sahədə əsas irəliləyiş beynəlxalq muğam mərkəzinin açılışından sonra olacaq.
- Qobustan və Azərbaycanın bir sıra digər tarixi abidələrinin YUNESKO-nun "mədəni və maddi abidələrin qorunması" proqramına daxil edilməsi nə qədər vaxt aparacaq?
- Əvvəlcə onu bildirmək istəyirəm ki, bu proses üç ildən artıqdır ki, davam edir. YUNESKO-nun bu proqramına hansısa bir tarixi abidənin qəbulu üçün müxtəlif komissiyaların və ekspertlərin rəyi, külli miqdarda sənədlər və s. lazımdır. Xatırladım ki, cənab Matsuura səfəri zamanı Qobustana baş çəkdi. Buranın gözəl aurası isə bütün xoşməramlı səfirləri heyrətə gətirdi. Həmin gün biz artıq dünyadan köçmüş Qobustana aşiq olan Tur Xeyerdalı da xatırladıq. Noyabrın sonlarında biz buraya gələcək sonuncu ekspert qrupunu gözləyirik və ümid edirəm ki, 2006-cı ildə Qobustan bu siyahıya daxil ediləcək.
- Rəhbərlik etdiyiniz "Azərbaycan mədəniyyətinin dostları fondu" haqda danışın.
- Bu il fondun on ili tamam oldu. Bu bayramı çox möhtəşəm qeyd etdik. Ziyafət zamanı muğam, "Kitabi Dədə Qorqud" eposundan hissələr və xalq mahnıları səsləndirildi. Planlarımız isə az deyil. Gələn ilin fevralında Mstislav Rastropoviçlə Şostakoviçin 100 illiyi ilə bağlı birgə festival təşkil edəcəyik. Fondun yaxın zamanlarda reallaşdıracağı tədbirlərdən biri də Parisdə Firəngiz Əlizadənin yeni bəstəsinin təqdimatıdır. Vyana kamera teatrı ilə Üzeyir Hacıbəyovun "Arşın mal Alan" operasının burada qoyulması barədə razılıq əldə etmişik.
- Necə fikirləşirsiniz, Azərbaycanda qadınların karyera əldə etməsi çətindirmi?
- Azərbaycanda qadınların böyük əksəriyyəti işləyir. Bir qayda olaraq, onların bir çoxu təhsil, səhiyyə, ictimai-iaşə sahələrinə cəlb edilib. Azərbaycanda professor, ayrı-ayrı xəstəxanaların baş həkimi, məktəb direktorları və s. vəzifələrini tutan bir çox məşhur qadınlar var. Lakin onlar nədənsə karyera əldə etdiklərini düşünmür. Karyera dedikdə, burada əsasən qadın nazir, yaxud da qadın deputat nəzərdə tutulur. Bu cür yanaşma tamamilə yanlışdır. Son olaraq bildirirəm ki, Azərbaycanda qadınların karyera əldə etmək istəyi qarşısında heç bir maneə yoxdur.
- Bu il siz deputat seçildiniz. Bu dövr ərzində hansı problemlərin həllinə diqqət yönəldəcəksiniz?
- Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri olduqca genişdir. Buraya təhsil və səhiyyə, mədəniyyət və idman, sosial problemlərin həlli və s. daxildir. Mənim əldə etdiyim təcrübə imkan verir ki, yaranmış problemin çətinlik dərəcəsini müəyyənləşdirim. Bir çox məsələlər öz həllini qanunvericilik sahəsində tapmalıdır. Bunlara misal olaraq təhsil haqqında qanunu göstərə bilərik. Bir çox problemlərlə bağlı isə gözəl qanunlar qəbul edilib, lakin onlar işləmir. Ümid edirəm ki, yeni parlamentin fəaliyyəti effektli olacaq və o, cəmiyyət üçün aktual olan problemlərin həllini tapa biləcək.
Azad Əliyev
Həftə içi.- 2005.- 16 noyabr.-№ 218.- S. 1-2.