Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan naminə ali dəyərlər və prinsiplərə söykənən çoxşaxəli fəaliyyət


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyirxah əməlləri və səmərəli fəaliyyəti ilə cəmiyyətdə yaşından, sosial statusundan, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin böyük rəğbətini qazanıb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bütün ölkə vətəndaşlarının nəzər-diqqətində ən ali məqama yüksəldiyi yerli və beynəlxalq ictimaiyyət tərəfindən əminliklə ifadə olunur. O, məhz xeyirxah əməlləri və fəaliyyəti sayəsində bu gün Azərbaycan cəmiyyətində yaşından, sosial statusundan, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hamının böyük rəğbətini qazanıb. Mehriban xanım Əliyeva insanlar üçün xeyirxahlıq mücəssəməsidir, ehtiyacı olana əl tutandır, haqqı tapdalananı qoruyandır.

Bütövlükdə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəni layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.

Xüsusilə də, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.

Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür və Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Mehriban Əliyevanın fəal ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir

Bir sözlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəal ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. O, yorulmadan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa, mədəniyyətimizi beynəlxalq miqyasda layiqincə təbliğ etməyə çalışır. Şəcərədən gələn kübarlıq Mehriban xanım Əliyevanın respublika daxilində və ölkə hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı xeyriyyəçi, humanist fəaliyyətində xüsusilə nəzərə çarpır. Qeyd edildiyi kimi, Mehriban xanım Əliyeva həmçinin rəhbərlik etdiyi və xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond vasitəsilə mədəniyyət, təhsil və səhiyyə sahələrində müxtəlif layihələrlə çıxış edir, insanların sosial ehtiyaclarının ödənilməsinə xüsusi həssaslıqla yanaşır. Beləliklə, Mehriban xanım Əliyevanın şəxsi nümunəsi respublikamızda ölkənin inkişafı və müsbət imicinin artması naminə ictimai fəallığın yüksəlməsini stimullaşdırıb.

Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin uğurlarında öz əksini tapır

Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Mehriban xanım Əliyeva, bir qayda olaraq, həlli çətin görünən problemləri diqqət mərkəzində saxlayır, fəaliyyətini ən həssas sahələrə yönəldir. Və həmişə də belə çətin sahələrdə hansısa uğur qazanmağın mümkünlüyünə skeptik yanaşanları təəccübləndirir. Belə ki, onun diqqəti və məqsədyönlü fəaliyyəti sayəsində konkret sahələrdə problemlər həllini tapır, yüksəliş başlayır. Beləliklə də, Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır.

Ümumiyyətlə, Azərbaycanın birinci xanımının yüksək dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti nəinki ölkəmizdə, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək səviyyədə təqdir olunur, qiymətləndirilir. Heç də təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bir çox beynəlxalq mükafatlara da layiq görülüb. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

Cəmiyyət Mehriban xanım Əliyevadan örnək götürməyə, onun nümunəsində etalon kimi görünən cəhətləri əxz etməyə çalışır

Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. Və şübhə yoxdur ki, əgər bu gün də belə bir sorğu keçirilsəydi, nəticə daha böyük üstünlüklə yenə təkrarlanacaqdı. Buna səbəb nədir? Nə üçün illərdir ki, Mehriban xanım Əliyeva cəmiyyətin favoriti olaraq qalır, insanların ona olan rəğbəti getdikcə daha da artır? Sualların cavabı yenə də Mehriban xanım Əliyevanın mükəmməl şəxsi keyfiyyətlərində və səmərəli fəaliyyətindədir. Mehriban xanım Əliyevanın daim milli-mənəvi dəyərlərimizə sadiq qalması, nümayiş etdirdiyi humanizm, xeyirxahlıq, Vətən, xalq sevgisi onu ləyaqətli Azərbaycan qadınının simvoluna çevirib. Müasirlik və millilik, ənənələrə, dəyərlərə bağlılıq ölkənin birinci xanımının timsalında çox gözəl harmoniya təşkil edir. Dünya Mehriban xanım Əliyevanın timsalında həm milli köklərə möhkəm bağlı olmasından qürur duyan, həm də ictimai-siyasi nöqteyi-nəzərdən çox fəal olan, eyni zamanda, intellektual cəhətdən yüksəkdə dayanan Azərbaycan qadınını görür. Ölkəmizin birinci xanımına xas olan bu kimi yüksək keyfiyyətlər həm cəmiyyətdə milli təəssübkeşliyi artırır, həm də qadın fəallığının artmasında böyük rol oynayır. Cəmiyyət Mehriban xanım Əliyevadan örnək götürməyə, onun nümunəsində etalon kimi görünən cəhətləri əxz etməyə çalışır. 2011-ci ilin sentyabrında Almaniyada nəşr olunan “Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadın ictimai və siyasi xadimin məqalələri və ya müsahibələri ilə yanaşı, Mehriban xanım Əliyevanın da müsahibəsi yer alıb. Bundan başqa, 2012-ci il iyulun 1-də Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda iclasda çıxış edən Azərbaycanın birinci xanımı qadınların ictimai-siyasi həyatdakı artan rolundan bəhs edib, Şərqin ilk demokratik parlament respublikasının Azərbaycanda yaradıldığını və burada qadınlara verilən seçki hüququnun bir çox aparıcı dövlətləri qabaqladığını vurğulayıb.

Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bununla bağlı bir neçə faktı xatırlatmaq yerinə düşər. Belə ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, eyni zamanda, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Həmçinin sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, eləcə də İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya bu beynəlxalq təşkilatın mükafatı verilib. Eyni zamanda, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın “Şərəf Legionu” ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci ilin aprel ayında ona MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2014-cü ilin iyununda Mehriban xanım Əliyeva Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, avqust ayında “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva, eyni zamanda, 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeninə, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan “Sreten” ordeninə layiq görülüb.

Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Məsələn, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə Mehriban xanım Əliyeva “2014-cü ilin Ən nüfuzlu qadını” adına layiq görülüb. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib. Eyni zamanda, “The Business Year” şirkəti Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüb.

Bütövlükdə, Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatların və fəxri adların sayı kifayət qədər çoxdur. Və ölkənin birinci xanımı daha bir ali mükafatla Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev Mükafatını təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirirlər

Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyəti ilə də Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına mühüm töhfələr verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirir, ona yüksək etimad göstərirlər. 14 saylı Xəzər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanmaqdadır. Çünki Mehriban xanım Əliyeva millət vəkili kimi Xəzər rayonunun sosial-iqtisadi inkişafında misilsiz xidmətlər göstərib. Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da gözə çarpmaqdadır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu rayonda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Onu da qeyd edək ki, 2010-cu il parlament seçkilərində Mehriban xanım Əliyeva seçicilərin 94,19 faiz səsini toplayaraq millət vəkili seçilmişdi. Bu, respublika üzrə ən yüksək göstərici idi.

Birinci xanımın bu statusda səmərəli fəaliyyəti Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, ölkənin daxili siyasətinə də yeni müsbət çalarlar gətirir. Məsələn, Mehriban xanım Əliyevanın genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi onun deputat kimi fəaliyyətində yaddaqalan məqamlardan biridir.

Bir sözlə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bütövlükdə cəmiyyətimiz, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur və Azərbaycan naminə fəaliyyət kimi yüksək dəyərləndirilir.


Nurlan Qələndərli

Yeni Azərbaycan.- 2015.- 28 oktyabr.- № 198.- S. 6-7.