Çap etmək   ⁞     ⁞   UNESCO

Qəbələ İkinci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olmuşdur


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur.

Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını, xanımını və YUNESKO-nun baş direktorunu hərarətlə qarşılamışlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış etmişdir.


Mehriban xanım Əliyevanın çıxışı

- Hörmətli cənab Prezident!

Hörmətli xanım baş direktor!

Əziz qonaqlar!

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələdə sizi səmimi qəlbdən salamlayıram. Qəbələ təkcə Azərbaycanın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin zəngin tarixi və əsrarəngiz təbiəti vardır. Yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıb. Təbii ki, hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Qəbələ torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay və bulaqların aramsız axarı və əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir.

Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur. Lakin Qəbələ bu gün yenə də paytaxtdır – mədəniyyət, musiqi paytaxtı. Qəbələ Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri bu səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcəkdir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxacaqlar. Kamera, klassik, folklor, caz musiqisi səslənəcək, bölgədə olan musiqi məktəblərinin şagirdləri ilə ustad dərsləri keçiriləcək, peşəkarlıq əməkdaşlığı yaranacaqdır. Bir sözlə, bütün bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır.

Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu öz növbəsində, ölkəmizin musiqi irsinin qorunub saxlanması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Mən bu sırada Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları vurğulamaq istərdim. Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır.

Bu gün mən xanım Bokovaya dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Xanım Bokova YUNESKO-nun baş direktoru vəzifəsində öz ilk səfərləri sırasında ölkəmizə gəlib və bu gün bizimlə Qəbələ festivalında iştirak edir. Azərbaycan ilə YUNESKO arasında çox sıx əməkdaşlıq mövcuddur. Son illər Heydər Əliyev Fondunun iştirakı və YUNESKO-nun dəstəyi ilə bir sıra iri layihələr artıq reallaşdırılıb. Mən bu sırada Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Beynəlxalq muğam festivalının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, təhsil sahəsində olan layihələri vurğulamaq istərdim. Mən ümidvaram ki, xanım Bokovanın ölkəmizə səfəri bu əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.

Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq bu gün burada olduğunuza görə Sizə minnətdaram. Mən əminəm ki, Sizin dəstəyiniz festivalın bütün iştirakçıları, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir.

Festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri səmimi qəlbdən salamlayıram və onlara təşəkkürümü bildirirəm. Bu musiqi bayramı ilk növbədə, sizin sayənizdə baş verir və mən sizin hamınıza Azərbaycana “Xoş gəlmisiniz” deyirəm.

Festivalın təşkilində əməyi olan hər bir insana, o cümlədən Heydər Əliyev Fondunun komandasına və yerli administrasiyaya dərin minnətdarlığımı bildirirəm. Bütün festival iştirakçılarına səmimi qəlbdən uğurlar arzulayıram və ümidvaram ki, möhtəşəm təbiət və dahi musiqinin qovuşması heç kimi biganə qoymayacaq və Qəbələ festivalı əsl gözəllik təntənəsinə çevriləcəkdir.

Çox sağ olun.


YUNESKO-nun baş direktoru xanım İrina Bokova çıxışı


- Hörmətli cənab Prezident!

Xanım Mehriban Əliyeva!

Zati-aliləri, xanımlar və cənablar!

Bu beynəlxalq festival üçün möhtəşəm səhnə olan qədim Qəbələ şəhərində bu axşam keçirilən qala-konsertdə Sizinlə bir yerdə olduğumdan xüsusi məmnunluq duyuram. Dünyanın görkəmli virtuozlarının bir qisminin toplaşdığı bu festival yaxın və uzaq ellərdən gəlmiş musiqisevərlərin məşhur Azərbaycan musiqi mədəniyyətinin inciləri ilə tanış olması üçün müstəsna imkan yaradır.

İcazə verin, ilk növbədə, məni dərin hörmət və ehtiramla qəbul etmiş Prezident Əliyevə səmimi təşəkkür edim və məmnunluq hissi ilə bildirim ki, Siz YUNESKO-nun prioritetlərini ölkənizin inkişafının təməl daşına çevirməkdə uğur qazanmısınız. Çox sağ olun, cənab Prezident.

Mən həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ən səmimi təşəkkürümü bildirmək istərdim. Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, YUNESKO üçün şərəfdir. Lakin mən deyərdim ki, Sizin nailiyyətlərinizin miqyasını bir ad ilə əhatə etmək çətindir. Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız. Çox sağ olun, Mehriban xanım. Mən bu sözləri Sizin gənclərin işinə, təhsil və dialoq işinə sədaqətinizi nəzərə alaraq deyirəm. Siz ölkənin hər yerində musiqi məktəbləri açmısınız, bütün uşaqların, o cümlədən yoxsul ailələrdən olan uşaqların musiqi təhsili almasına imkan yaratmısınız. Fikrimcə, biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi – şifahi ədəbiyyatın müxtəlif nümunələrindən başlamış müasir musiqi sənətinə qədər - bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə şəxsən Sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur.

Xanımlar və cənablar, Qəbələ festivalı çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri təşkil edilir, ənənəvi, klassik, müasir musiqini və cazı əhatə edən proqram həyata keçirilir. Bu festival Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir. İcazə verin, festivalın bədii direktorlarının xidmətlərini qeyd edim və London Kral Filarmonik Orkestrini, Yuri Başmeti, Boris Berezovskini və bir sıra digər görkəmli ifaçıları salamlayım, bu axşam öz dəyərli istedadını bizimlə bölüşdüklərinə görə onlara təşəkkür edim.

Qəbələ beynəlxalq mədəni görüşlər üçün ən münasib yerdir. Biz Qafqaz Albaniyasının qədim paytaxtının yanındayıq. Vaxtilə bura Asiyanın, ərəb dünyasının, Avropanın kəsişdiyi məkanlarda dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi, çiçəklənən region olmuşdur. Xalqların və mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. YUNESKO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridir, onların qorunub saxlanması və populyarlaşdırılması üçün bütün tədbirlər görülməlidir.

Belə nümunələrdən biri muğamdır. YUNESKO tərəfindən tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş bu janr fars, türk və ərəb ənənələri əsasında klassik poeziyanı və improvizasiyanı özündə birləşdirərək insanı vəcdə gətirən melodiyalar yaradır və nəticə etibarilə Azərbaycan ənənələrini təşkil edir. Bu siyahıya sizin ölkənin mədəni bənzərsizlik rəmzlərindən biri olan poeziyanı, dastanları, rəqsləri, vokal və instrumental musiqini birləşdirən Azərbaycan aşıq sənəti də daxildir. Digər tərəfdən, Yeni il bayramı – hər il martın 21-də Azərbaycanda, habelə Türkiyədə, Hindistanda, İranda qeyd edilən Novruz bayramı əfsanələr, rəvayətlər, rituallar, dünyanın mədəni dəyərlərini, ailələr və icmalar arasında həmrəyliyi inkişaf etdirən festivallarla bağlıdır.

Xanımlar və cənablar, özünüifadənin bütün bu formaları çoxəsrlik tarixə malikdir. Bu gün də mövcud olan həmin formalar qəlbimizin ən incə tellərinə toxunur, çox vaxt müasir meyillərin təsiri altında inkişaf edir. Bizim identikliyimizi formalaşdıran bu ənənələr varislik və mənsubluq hissləri doğurur. Əminəm ki, özünüifadənin çox zəngin musiqi formalarının, dünyanın digər mədəni ənənələrinin populyarlaşdırılması budəfəki festivala bənzər təşəbbüslər vasitəsilə qarşılıqlı anlaşmanın və dialoqun möhkəmlənməsinə imkan yaradacaqdır.

Biz sürətli sosial-iqtisadi dəyişikliklərlə səciyyələnən qloballaşma dövründə yaşayırıq və ənənəvi özünüifadə formalarının tükənməsindən, hətta itirilməsindən ehtiyat edirik. Bu özünüifadə formalarının populyarlaşdırılmasının ən yaxşı yolu isə festivalların, mədəni mübadilələrin və digər layihələrin köməyi ilə, habelə bu bədii formaların öyrənilməsi və onların gənc nəslə çatdırılması üçün şərait yaratmaq yolu ilə onlarla tanış olmaqdır.

Xanımlar və cənablar, bu festival bizim bu gün, 2010-cu ildə bayram etdiyimiz, Birləşmiş Millətlər Təşkilatı və YUNESKO tərəfindən keçirilən “Beynəlxalq mədəniyyətlərin yaxınlaşması ili”nin ruhuna tam uyğundur. Bu ideya mənə çox yaxındır ki, biz ölkələr çərçivəsində və onların arasında mədəniyyətlərarası dialoq vasitəsilə daha çox qarşılıqlı anlaşmaya, hörmətə və həmrəyliyə nail olmağa kömək edə bilərik. Müasir aləmdə əsl dünya mədəniyyəti yaratmaq üçün bu dəyərləri təbliğ etmək lazımdır. Biz bu il və sonrakı dövrdə qəlblərin və zəkaların görüşünü təşviq etmək üçün yeni kanallar və yollar açmağa çalışacağıq.

Başqa aləm kəşf etməyin saysız-hesabsız üsulları vardır. Lakin bu gün biz həmin məqsədə ən universal dil və mədəni dialoqun ən mükəmməl metaforası olan musiqinin köməyi ilə nail oluruq. Azərbaycan identikliyində dərin kökləri olan, hər birimizin qəlbində estetik duyğular oyadan musiqi, mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq bütün insanların yaxınlaşması üçün ən yaxşı vasitədir. Sizin əfsanəvi şairiniz Nizami Gəncəvi XII əsrdə məhəbbət haqqında özünün ölməz poeziyasında yazırdı: Gələcəyi görə bilmirik, hər bir insanın tale telləri adi gözlə görünən dünyanın hüdudlarından çox-çox uzağa aparır. Biz bu tellərin haraya apardığını görə bilmirik, kim deyə bilər ki, bugünkü açar sabah qıfıla, bugünkü qıfıl isə açara çevrilməyəcəkdir. Qıfıl qorxudursa, açar dialoqdur. Mən istəyirəm ki, bu nüfuzlu beynəlxalq festival xalqların və mədəniyyətlərin müxtəlifliyinin rəmzi olsun, bu müxtəliflik sizin bəzən “Odlar yurdu” adlandırılan ölkənizi müxtəlif dövrlərin mədəni nailiyyətlərini nümayiş etdirmək üçün bir səhnəyə çevirsin.

Lakin festivala başlamazdan əvvəl istərdim ki, musiqi sərrafı, əsl insanpərvər və indicə qeyd etdiyim kimi YUNESKO-nun dostu olan xanım Mehriban Əliyevaya məhz bu bayram çərçivəsində bir daha xüsusi ehtiramımı bildirim.

Hörmətli xanımlar və cənablar, hörmətli xanım Əliyeva, icazə verin, Sizin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinizin, mədəniyyətlərarası dialoqun inkişafı naminə daim göstərdiyiniz səylərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfənizin, YUNESKO-nun ideallarına və məqsədlərinə sadiqliyinizin təsdiqlənməsi əlaməti olaraq YUNESKO-nun “Qızıl Motsart” medalını böyük məmnuniyyətlə Sizə təqdim edim.

İrina Bokova YUNESKO-nun “Qızıl Motsart” medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

X X X

İrina BOKOVA: Diqqətinizə görə çox sağ olun və mən YUNESKO-nun bu fəxri təltifi münasibətilə xanım Əliyevanı bir daha təbrik etmək istərdim. Diqqətinizə görə sağ olun, gecəniz xoş keçsin.

X X X

Mərasimdə Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

Sonra konsert proqramı oldu.

London Kral Filarmonik Orkestrinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa etdiyi ilk əsər Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturası oldu.

Tanınmış musiqiçilər Yuri Başmet bəstəkar Bruçun əsərini, Dmitri Yablonski dahi bəstəkar Çaykovskinin violonçel və orkestr üçün noktürnü ifa etdilər. Gecədə Motsartın 40-cı simfoniyasından hissələr ifa olundu.

Tamaşaçılar Meksikadan dəvət edilən tanınmış tenor Emilio Ponsun, Böyük Britaniyadan gələn skripkaçı Xloe Hanslipin mükəmməl ifalarını da dinlədilər.

Xalq Artisti, professor Fərhad Bədəlbəylinin ifasında bəstəsi özünə aid olan fortepiano və orkestr üçün “Dəniz” və Tofiq Quliyevin “Qaytağı” əsərləri gecəyə xüsusi ovqat bəxş etdi.

Festivalın rəsmi açılış mərasiminə Azərbaycan musiqisinin fəxri, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısı yekun vurdu.

Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatdı.


AzərTAc
2010, 31 iyul