Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyi açılacaq
Eldar Həsənov: "2007-ci ildə Azərbaycan-Rumıniya əlaqələrində nəzərəçarpacaq irəliləyişlər əldə olunacaqdır".
Tarixi bir faktdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci ölkə Rumıniya olmuşdur. O vaxtdan ötən müddət ərzində ölkələrimiz arasında münasibətlər durmadan inkişaf etməkdədir. Rumıniyanın paytaxtı Buxarest şəhərindəki ən gözəl parklardan birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi və burada büstünün qoyulması Ployeşt Neft-Qaz və Buxarest Texniki Tikinti universitetlərində 7 tələbə üçün "Heydər Əliyev təqaüdü"nün təsis edilməsi məsələlərində də şahidi olduğumuz münasibət ölkələrimiz arasındakı əlaqələrin səviyyəsindən xəbər verir. Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənovla söhbətimizdə də iki dost ölkə arasında münasibətlərin tarixi və inkişaf mərhələlərinə bir daha nəzər salmağa çalışdıq.
- Eldar müəllim, ölkələrimiz arasında diplomatik münasibətlərin tarixində nələri xüsusi ilə qeyd edərdiniz?
- Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il 11 dekabrda tanımış və 21 iyun 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur. Bəri başdan qeyd edim ki, Azərbaycan-Rumıniya münasibətlərinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident seçildikdən sonra dövlət başçısının ilk rəsmi səfərlərindən biri məhz Rumıniyaya olmuşdur. Şərqi Avropada Azərbaycanın ilk səfirliyi də məhz Buxarestdə açılmışdır. Ümumiyyətlə, ölkələrimiz arasında tarixi paralelliklər çoxdur. Hər iki ölkə keçmiş sosialist düşərgəsində yaşayıb, bu və ya digər şəkildə öz azadlığı uğrunda mübarizə aparıb. Rumıniya 1989-cu ildə, Azərbaycan isə 1991-ci ildə bu azadlığı əldə ediblər. Həm Rumıniya, həm də Azərbaycan Avroatlantik strukturlara inteqrasiya yolunu seçmişdir. Ötən illər ərzində iki ölkə arasında yüksək səviyyəli və uğurlu dövlət səfərləri həyata keçirilmişdir. Siyasi əlaqələr və diplomatik münasibətlər yüksək səviyyədədir.
- Bəs ötən il iki ölkə arasında münasibətlər hansı hadisələrlə yaddaqalan oldu?
- Ümumiyyətlə götürsək, 2006-cı il Azərbaycan-Rumıniya münasibətlərində bir çox hadisələrlə yaddaqalan oldu. Məlum olduğu kimi, iyun ayında Rumıniya prezidenti Troyan Baseskunun təşəbbüsü ilə Buxarestdə "Qara dəniz - sülh və tərəfdaşlıq sammiti" keçirildi. Burada Avropada enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, mövcud konfliktlərin həlli kimi məsələlər diqqət mərkəzində idi. Toplantıda regionun bir çox dövlətlərinin başçıları iştirak edirdilər. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev çox geniş və əhatəli çıxış etdi. Yeri gəlmişkən qeyd edim ki, bu çıxış Şərqi Avropa ölkələrində böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyev Azərbaycanı çox yüksək səviyyədə təqdim və təmsil etdi. Ölkəmizin uğurları, iqtisadi potensialı, nailiyyətləri bir daha dövlət başçısının dilindən səsləndirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət, həqiqətlər, Azərbaycanın münaqişənin həllində göstərdiyi səylər, obyektiv və ədalətli mövqeyi bir daha ortaya qoyuldu. Digər tərəfdən isə oktyabr ayında Rumıniya prezidenti Troyan Baseskunun Azərbaycana səfərini xüsusi olaraq qeyd etmək istərdim. Səfər çərçivəsində qəbul olunan siyasi bəyannamə, imzalanan 4 sənəd iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcını qoydu. Ötən il ərzində bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində bir daha qarşılıqlı dəstəyin şahidi olduq. Mədəniyyət sahəsində nəzərəçarpacaq irəliləyişlər, yeni tərcümələr və kitabların nəşri ilə yadda qaldı. Milli Məclisin sədri Oqtay Əsədovun, eləcə də bir sıra yüksək vəzifəli rəsmilərin qarşılıqlı səfərləri ilə müşayiət olundu.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Buxarestin mövqeyini bir daha Sizdən eşitmək istərdik.
- Bilirsiniz ki, artıq bir neçə ildir Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsində Rumıniya birmənalı və qəti mövqe nümayiş etdirir və bu dəstəyində gələcəkdə də israrlıdır. Eyni zamanda, qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "seçkilər"in legitimliyini bir dövlət olaraq tanımadığını və tanımayacağını açıq şəkildə bəyan etmişdir. Ərazi bütövlüyü Rumıniya üçün müqəddəs prinsipdir və bu ölkə ona sadiqliyini həmişə nümayiş etdirir.
- İndiyədək iki ölkə arasında imzalanan sənədlər əsasən hansı sahələri əhatə edir?
- İki ölkə arasında əməkdaşlığa dair müxtəlif sahələri əhatə edən 42 ikitərəfli sənəd imzalanmışdır. Bunlar əsasən iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrinə aid sənədlərdir. Bundan əlavə, iki ölkə arasında texniki əməkdaşlıq və hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işini tənzimləyən sənədlər, siyasi bəyanatlar mövcuddur. Yəni iki ölkə arasında əməkdaşlığa dair hüquqi-normativ baza kifayət qədər zəngindir.
- 2006-cı ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi hansı səviyyədə olub?
- Azərbaycandan Rumıniyaya ixrac və ümumiyyətlə ticarət dövriyyəsi artıq bir neçə ildir ki, yüksələn xətlə inkişaf edir. Ötən il ticarət dövriyyəsinin həcmi 162 milyon avro təşkil etmişdir. Bəzi Azərbaycan və rumın şirkətlərinin üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi ixrac əməliyyatlarını da nəzərə alsaq, bu rəqəm bir qədər də artıq ola bilər. Ötən il Azərbaycan Rumıniyadan əsasən mebel, avadanlıqlar və texnologiyalar idxal edib. Əvəzində isə bu ölkəyə neft və kimya məhsulları, pambıq, metal və s. məhsullar ixrac edilib. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün potensial imkanlar mövcud əlaqələrin səviyyəsindən daha yüksəkdir və iki ölkə arasında imzalanan sənədlər yaxın illərdə iqtisadi müsibətlərin daha da güclənməsinə səbəb olacaqdır.
- Ötən il Bakıda keçirilən hökumətlərarası komissiyanın iclasından sonra iki ölkə arasında iqtisadi əlaqələrdə nə kimi irəliləyişlər oldu?
- Burada bir haşiyə çıxmaq istərdim. Azərbaycan prezidenti İlham Əliyev həm 2004-cü ildə, həm də ötən il Buxarestdə səfərdə olarkən, eyni zamanda Rumıniya prezidenti Troyan Baseskunun Bakıya səfəri zamanı iqtisadi münasibətlərin siyasi münasibətlər səviyyəsinə çatdırılmasını qarşımıza bir vəzifə kimi qoymuşlar. Sözügedən iclasdan sonra iqtisadi əlaqələrimizdə bəzi irəliləyişlər oldu. Onlardan biri də Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinin Şərqi Avropada məhz Rumıniyada açılmasıdır. Hazırda hər iki ölkədəki səfirliklər iqtisadi əlaqələrin lazımi səviyyəyə çatdırılması üçün konkret tədbirlər planı hazırlayaraq, onu həyata keçirməyə başlayıblar. Onu da qeyd edim ki, rumın iş adamları Azərbaycanla iqtisadi əməkdaşlığa çox böyük maraq göstərirlər.
- Bəs cari ildə hansı tədbirlərin, səfərlərin həyata keçirilməsi nəzərdə tutulur?
- 2007-ci ildə Azərbaycan-Rumıniya əlaqələrində nəzərəçarpacaq irəliləyişlər əldə olunacaqdır. Cari ildə Rumıniya Senatı sədrinin, eləcə də parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfərləri planlaşdırılır. Həmçinin, bu ilin avqust-sentyabr aylarında Buxarestdə yeni bir "Qara dəniz sammiti"nin keçirilməsi nəzərdə tutulur. Rumıniya prezidenti bu sammitdə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevi də görmək istədiyini bəyan edib. Toplantıda Azərbaycanın yüksək vəzifəli dövlət xadimlərinin iştirakı gözlənilir. Eyni zamanda bu ilin payızında Buxarestdə hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. İki ölkənin mədəniyyət nazirlikləri arasında əldə olunmuş razılığa əsasən, rumın mədəniyyətinin Azərbaycanda və Azərbaycan mədəniyyətinin Rumıniyada təbliği istiqamətində bir sıra konkret tədbirlər həyata keçiriləcəkdir. Hazırda tərəflər arasında bu istiqamətdə müzakirələr davam etdirilir. Buxarest şəhərinin mərkəzində yerləşən və ərazisinə görə ən böyük parklarından biri olan "Heydər Əliyev Xiyabanı Tey parkı"nda yenidənqurma və bərpa işlərini başa çatdırmağı planlaşdırırıq. Artıq Heydər Əliyev Fondunun Buxarest şəhərində nümayəndəliyinin açılması məqsədilə qeydiyyat işləri başa çatmaq üzrədir. Bu il həmçinin Ployeşt Neft-Qaz universitetində "Heydər Əliyev adına təqaüd" alan 3 əlaçı tələbənin və universitet rəhbərliyinin Bakıya səfəri planlaşdırılır. Rumıniyada Heydər Əliyev adına təqaüdlərin təsis olunması və verilməsi bizim üçün böyük şərəf və mühüm bir hadisədir. Eyni zamanda bir sıra QHT təmsilçilərinin də qarşılıqlı səfərləri nəzərdə tutulub. Bütün bu səfərlər və tədbirlər isə Azərbaycan-Rumıniya əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
- Eldar müəllim, Heydər Əliyev Fondunun Buxarestdə nümayəndəliyi burada hansı işlər görəcək?
- Heydər Əliyev Fondu öz fəaliyyət dairəsinə və nəcib işlərinə görə artıq bütün dünyada tanınmaqdadır. Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin təbliği istiqamətində fondun gördüyü işlər əvəzsizdir. Çox uzağa getməyək. Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Fondun təşkilatçılığı ilə xarici ölkələrdəki Azərbaycan səfirliklərinə göndərilən materiallar, foto və video çəkilişlər ermənilərin Xocalıda törətdiyi vəhşiliklər barədə həqiqətlərin dünyaya çatdırılmasında çox böyük rol oynadı, faciəni faktların dili ilə ictimaiyyətə çatdırmağa imkan verdi. Bunu keçirdiyimiz tədbirlərdə iştirak edənlərin göz yaşlarından və ürək yanğısı ilə bildirdikləri fikirlərdən aydın görmək mümkün idi. Biz belə tədbirlər silsiləsini Rumıniyanın 5 şəhərində keçirdik. Hesab edirəm ki, Fondun Rumıniyadakı nümayəndəliyi fəaliyyətə başladıqdan sonra, biz bu kimi təbliğat tədbirlərini daha intensiv şəkildə keçirə biləcəyik.
- Rumıniyada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində nə kimi işlər aparılır?
- Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın ən güclü diasporlarından biri məhz Rumıniyadadır. Burada yaşayan azərbaycanlıların sayı az olsa da, diasporumuzun fəaliyyəti çox güclüdür. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində millət vəkilləri, senatorlar, professor və akademiklər, tanınmış yazıçılar, ziyalılar, türk və tatar icmalarının nümayəndələri, Azərbaycanı sevən rumınlar təmsil olunurlar. Martın əvvəlində Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunda iştirak edən Rumıniya nümayəndə heyətinin tərkibində azərbaycanlı və türklərlə yanaşı ölkəmizi sevən, dəstəkləyən rumınlar da vardı. Diasporumuzun daha da güclənməsi və genişlənməsi məqsədilə tərəfimizdən təsirli tədbirlər, əməli işlər davam etdirilməkdədir.
- Eldar müəllim, xarici dövlətdə ölkənin təbliğində mədəni tədbirlərin keçirilməsi də mühüm amildir. Bu istiqamətdə nə kimi işlər aparılır?
- Əgər bu gün rumın bəstəkarı Azərbaycan şairinin sözlərinə musiqi bəstələyirsə, rumın oxucusu "Müqəddəs Qurani-Kərim"i, hər bir azərbaycanlının tarixi pasportu olan "Kitabi-Dədə-Qorqud"u, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərini, eləcə də onun şah əsəri olan "Leyli və Məcnun"u, Səməd Vurğunu, Anarı, Bəxtiyar Vahabzadəni, Elçin Əfəndiyevi, Çingiz Abdullayevi öz ana dilində oxuyursa, bu bizim üçün böyük bir şərəf və iftixardır. Sözsüz ki, görüləcək işlərimiz də çoxdur. Biz burada Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq niyyətindəyik. Qarşıya qoyduğumuz əsas vəzifə zəngin Azərbaycan mədəniyyətini rumın xalqına çatdırmaqdır.
Səlim Loğmanoğlu
Kaspi.- 2007.- 6 aprel .- № 58.- S. 11.