Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Olimpiada ərəfəsində bədii gimnastların yeni reytinq cədvəli açıqlanıb


Beynəlxalq Gimnastika Federasiyası (FİG) bədii gimnastların yeni dünya reytinqini açıqlayıb. Olimpiada ərəfəsində yarışların daha sıx keçirilməsini nəzərə alan FİG siyahıdakı gimnastların sayını 32 nəfərə çatdırıb. Belə ki, reytinq cədvəlində artıq asiyalı gimnastlar da çoxluq təşkil etməyə başlayıblar.

Son reytinq sıralamasına görə, Azərbaycan gimnastı Dinarə Gimatova 48.60 xalla 12-ci pillədə qərarlaşıb. Dünya gimnastlarının reytinq cədvəlində Dinarə Gimatova Almudena Sid (İspaniya), Svetlana Rudalova (Belarus), Olqa Kapranova (Rusiya), Eleni Andriola (Yunanıstan) kimi məşhur idmançıları qabaqlayır.

Olimpiadada ilk onluğa daxil olmaq məqsədini qarşısına qoyan gimnastımız bu mötəbər yarışa hazırlıq məqsədi ilə hazırda Serbiya və Çernoqoriyanın Budva şəhərində təlim-məşq toplanışındadır. Qeyd edək ki bu, Afina Olimpiadası ərəfəsində sonuncu təlim-məşq toplanışı deyil. Belə ki, o, avqustun 4-21-də Afinada da təlimlərə qatılacaq. Məhz bundan sonra onun böyük turnirə nə dərəcədə hazır olduğu müəyyənləşəcək.

Yeri gəlmişkən qeyd edək ki, iyulun 31-də digər olimpiyaçılarla birlikdə D. Gimatovanın da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb. Burada bütün idmançılar Olimpiya andı içəcəklər.

3.00 reytinq xalı ilə cədvəldə 31-ci yeri tutan digər gimnastımız Anna Qurbanova da rəfiqəsi ilə birlikdə hazırda Budvada ustalığını artırır. Onun əsas məqsədi iyulun sonlarında Bolqarıstanda keçiriləcək Dünya kuboku mərhələsində uğurla çıxış etməkdir.

Reytinq cədvəlinə yenə də, rusiyalı gimnast Alina Kabayeva başçılıq edir (359.50 xal). İkinci, üçüncü pilləni tutan ukraynalı Anna Bessonova (197.00) və rus İrina Çaşşina (177.00) ondan xeyli geri qalırlar. Mütəxəssislərin proqnozlarına görə, Afina Olimpiadasının medalları uğrunda əsas mübarizə məhz bu üç gimnast arasında gedəcək. Xatırladaq ki, qaliblər yalnız çoxnövçülükdə müəyyən olunacaqlar.


AzərTAc
2004, 8 iyul