Mehriban Əliyeva: Yaxşılıq, mərhəmət mənim üçün ümdə anlayışlardır
Mehriban Əliyevan qurumun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın ictimai həyatında mühüm hadisə olmaqla onun fəaliyyətinin qlobal çərçivələri haqda təsəvvür yaratmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. 1982-ci ildə təsis edilən İSESCO dünyanın 57 ölkəsinin elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrinin koordinasiyasını həyata keçirməklə islam dünyasında bu sahələrin inkişafı üçün irimiqyaslı layihələr, proqramlar reallaşdırır, müvafiq qrantlar verir. Eyni zamanda, müsəlman ölkəsi olmayan, yəni əhalisinin müəyyən qismi islam dininə aid olan ölkələrdə də İSESCO fəaliyyət göstərərək humanitar proqramlar həyata keçirir. Bu isə mükafatın təqdim edilməsi mərasimində M. Əliyevanın dediyi kimi sülhün, təhlükəsizliyin, əmin-amanlığın təminatıdır. Bu baxımdan Azərbaycanın birinci xanımının ilk qadın olaraq qurumun xoşməramlı səfiri seçilməsi onun yüksək beynəlxalq reytinqindən xəbər verir.
Bu ali mükafata layiq görülməsi bir daha təsdiq edir ki, xanım Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət Azərbaycan ictimaiyyətində rəğbət doğurmaqla yanaşı ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır. Belə ki, onun fəaliyyətinin nəticəsi olaraq təşəkkül tapan birinci xanım institutu Avropa sivilizasiyalarında əhəmiyyətli bir dəyər kimi qəbul edilir və müasir dünyada dövlətlərin plüral dəyərlər əsasında inkişafının indikatorlarından biri kimi nəzərdən keçirilir.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər biri digərini əvəz edən səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti ölkənin mövcudluğunu təhlükə altına qoyduğu şəraitdə hansısa ictimai institutlaşmadan söhbət gedə bilməzdi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət quruculuğunun tam mənası ilə həyata keçirilməsinə şərait yaratdı ki, bu da ictimai-siyasi tarazlığın təşəkkülünə, cəmiyyətdəki münasibətlərin sivil müstəviyə ad-lamasına imkan verdi. Bunun nəticəsi olaraq hüquqi dövlət, mülki cəmiyyət elementləri genişləndi.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətinin özəlliklərinə müraciət etməzdən əvvəl birinci ledinin beynəlxalq nüfuzunu xarakterizə edən bəzi məsələlərin üzərində dayanmaq lazım gəlir.
Ölkənin birinci xanımının ictimai fəaliyyətinin beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilməsinə nümunə olaraq bir sıra faktları xüsusi qeyd etmək məqsədəmüvafiq olardı.
Bunlardan biri Mehriban Əliyevanın indiyə qədər yalnız ən nüfuzlu şəxsiyyətlərə təqdim edilən "Caspian Energy İnteqration Award - 2005» mükafatlar silsiləsindən olan ödülə sahib olmasıdır. Belə ki, 30 ölkənin 100-dən artıq şirkət və təşkilatının nümayəndələrinin qatıldığı səsvermə nəticəsində Mehriban Əliyeva "Caspian Energy İnteqration Award - 2005» beynəlxalq mükafatının 2004-cü ilin ictimai xadimi nominasiyasına layiq görülmüşdür. Qeyd edək ki, buna qədər bu mükafatın müxtəlif nominasiyaları ilə Heydər Əliyev, Nursultan Nazarbayev, Vladimir Putin kimi nüfuzlu dövlət adamları təltif edilmişdilər.
Mehriban xanım Əliyevanın layiq görüldüyü digər nüfuzlu mükafat beynəlxalq qadın hərəkatındakı xidmətləri ilə əlaqədardır. O, çox ciddi kriteriyalar əsasında müəyənləşdirilən və Ankara İş Qadınları Dərnəyi İdarə Heyəti tərəfindən təsdiq edilən "2004-cü ilin birinci xanımı» mükafatına layiq görülmüşdür. Bu mükafata Mehriban xanım Əliyeva Azərbaycan -Türkiyə əməkdaşlığına verdiyi töhfəyə, Azərbaycan mədəniyyətinin, incə-sənətinin təbliğinə və qorunması istiqamətindəki fəaliyyətinə, YUNESKO-nun səfiri kimi beynəlxalq aləmdə fəaliyyət göstərərkən zərif cinsin nümayəndələrinin hüquqlarını qoruduğuna görə layiq görülmüşdür.
Bundan əlavə Türkiyədə nəşr olunan məşhur "Siyasət" jurnalının İdarə Heyətinin qərarı ilə Mehriban xanım Əliyevaya "2004-cü ilin birinci xanımı» mükafatı verilmişdir.
Siyasi analitiklər və təhlil mərkəzləri xanım Mehriban Əliyevanın fəaliyyətini bir neçə qrupa bölürlər. Bunlar əsasən aşağıdakı istiqamətlərdir: Birincisi, M. Əliyeva prezidentin xanımı kimi onu rəsmi səfərlərdə və bölgələrdə keçirilən görüşlərdə müşayiət edir və ictimai təmaslara qoşulur. Bu faktor beynəlxalq görüşlər zamanı yüksək effekt yaratdığı kimi ölkədaxili görüşlərdə də müsbət nəticə verməkdədir. Bu ilk növbədə xalqla Prezidentin səmimiyyətinə bir nümunədir. Xanım Əliyeva Prezident İlham Əliyevin həyat yoldaşı kimi daha rahat şərtlər ilə yaşamaq imkanından imtina edərək insanların ehtiyaclarının və problemlərinin həllinə dəstək vermək üçün fədakar ictimai missiyaya başlamışdır. Nəciblik, xeyirxahlıq prinsiplərinə təbiətən malik olan M. Əliyeva xalqın problemlərinin hələ bitmədiyi bir mərhələdə kənarda qala bilməzdi. Odur ki, prezident İlham Əliyev ilə birgə regionlara səfərlər edərək insanların içərisinə getməyi, onları ölkə başçısı ilə birgə dinləməyi üstün tutdu. Bəzən rəsmi orqanlara müraciət etməkdə tərəddüd edən sadə insanlar üçün Mehriban Əliyeva ilə görüşlər pənah yerinə, ümid mənbəyinə çevrildi. Dərdlərini sərbəst ifadə edən insanlar onların problemlərinə həssas yanaşan ölkənin birinci xanımına xeyirxahlıq mücəssəməsi kimi baxmaqda son dərəcə haqlı idilər. Belə ki, hər növbəti səfər M. Əliyevanın insanlara qayğısında yeni nüanslar üzə çıxarır, onlara reallaşması mütləq olan ümidlər verir.
Milli Məclisdəki fəaliyyəti Mehriban Əliyevanın peşəkar siyasətçi kimi cəmiyyət tərəfindən qəbul edilməsində mühüm əhəmiyyət daşımışdır. Əzizbəyov ikinci seçki dairəsindən millət vəkili seçilən Mehriban Əliyeva bu dairədən olan insanların problemlərinə ciddi diqqət ayırmışdır. Təkcə fərdi məsələləri deyil, məhəllə, küçə, qəsəbə miqyaslı problemləri həll etməyə təşəbbüskar və yardımçı olması onun deputatlıq fəaliyyətinin xalq üçün səmərəliliyinin göstəricisidir.
Mehriban Əliyevanın millət vəkili kimi fəaliyyətinin səciyyəvi cəhəti budur ki, o, yalnız seçildiyi dairənin problemləri ilə maraqlan-maq və onları həll etməklə kifayətlənməyib, həm də Milli Məclisin qanunvericilik prosesində fəallıq göstərir. Belə ki, qanunların hazırlanması və müzakirələrində iştirak etməklə müasir bilgilərinin parlament təcrübəsində istifadə olunmasına şərait yaradır ki, bu da ümumi işə mühüm töhfədir.
Məlumdur ki, qanunların müasir səciyyəsində praktikliyin, işlək xüsusiyyətçiliyin olması mühüm şərtdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda M. Əliyevanın təcrübi biliklərindən istifadə edərək qanunların hazırlanmasına yardımçı olması müsbət qiymətləndirilməlidir.
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi genişmiqyaslı fəaliyyəti onun ictimai xadim imicinin formalaşmasının başlıca xüsusiyyətlərindən olmuşdur. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlərin ümumi mənzərəsinə epizodik şəkildə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, bu fond gərgin iş qrafikinə malik bir şəbəkə kimi ölkə infrastrukturunun müxtəlif sahələrində uğurlu fəaliyyət göstərir. Təkcə təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondu müasir Azərbaycan tarixinə özünə yer almış bir qurum kimi daxil olub. Son bir ildə tikilən məktəblərin sayı on üç ildə tikilənlərin sayına bərabərdir. "Yeniləşən Azərbaycana yeni məktəb» proqramı ölkəmizdə böyük rəğbətlə qarşılanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə 132, 2006-cı ildə 60 yeni məktəb binası tikilib və müasir avadanlıqlarla təchiz edilmişdir. Bununla yanaşı yüzlərlə səhiyyə obyektinin yenidən qurulması məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır.
Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı»nı da uğurla həyata keçirir ki, bunun nəticəsi olaraq respublikamızda genişmiqyaslı işlər görülmüşdür. Belə ki, müdafiəyə ehtiyacı olan uşaqlara - uşaq evləri və internatdakı uşaqlara, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olmuş uşaqlara qayğı və kömək adıçəkilən proqramın əsas qayəsidir. Bu layihədə mühüm isti-qamətlərdən biri də "Uşaq səhiyyə proqramı» çərçivəsində talassemiya və diabetdən əziyyət çəkən uşaqlara tibbi dəstək məqsədilə həyata keçirilən tədbirlər sosial yardıma ehtiyacı olan insanların illərlə davam edən acılarına son qoymaq baxımından mühüm əhəmiyyət daşıyır.
Mehriban Əliyeva BMT-nın təhsil, mədəniyyət, elm məsələləri üzrə ali orqanı olan YUNESKO ilə münasibətlərin inkişaf etdirilməsinə daim böyük diqqət yetirmişdir. Bu təşkilatın xoşməramlı səfiri seçilməsi onun şifahi və yazılı sənət nümunələrinə qayğısının nəticəsidir. Xoşməramlı səfir statusuna layiq görüldükdən sonra Mehriban Əliyevanın genişlənən fəaliyyət imkanları Azərbaycanın da beynəlxalq tanıtımında mühüm vasitəyə çevrilmişdir. Çevik və dərin düşüncə tərzinə malik olması ölkənin birinci xanımına beynəlxalq məkanda Azərbaycanın maraqlarının qorunmasına şərait yaratmışdır. Bunun nəticəsidir ki, YUNESKO rəhbərliyi Azərbaycan mədəniyyəti ilə bağlı keçirilən bütün beynəlxalq tədbirlərə fəal qoşulmuş səfir kimi M. Əliyevanın fəaliyyətindən razılıq etmişlər. Hal-hazırda o, yalnız Azərbaycan ilə bağlı məsələlərin deyil, qlobal mədəni-mənəvi tədbirlərin təşkilatçısı kimi BMT strukturlarında qəbul edilən ictimai xadim statusu qazanmışdır. YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Mehriban Əliyevaya göndərdiyi məktubda onun hazırkı mərhələyə qədər xidmətlərini və gələcək fəaliyyətinə inamını belə ifadə etmişdir: "Qeyri-maddi mədəni irsin qorunması və təbliği işinə Sizin necə böyük əhəmiyyət verdiyinizi bilirəm və əminəm ki, YUNESKO həmin layihələrin həyata keçirilməsinə yüksək diqqət yetirəcəyinizə ümid edə bilər. Xanım Əliyeva, Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm."
Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən biri də onun regionlarda yaşayan əhali ilə səmimi təmaslar yaratmaq bacarığıdır. Yüksək mədəniyyətindən qaynaqlanan səmimi rəftarı qısa zaman ərzində Mehriban Əliyevanı sadə insanlara sevdirdi və onlara doğmalaşdırdı. Gədəbəy rayonuna səfəri zamanı Slavyanka kəndinin rus icması ilə davranışı onun yüksək mədəniyyətinin növbəti təzahürü olmaqla həm də, Azərbaycanda etnik qruplara tolerant münasibətin nümunəsi idi. Məlum həqiqətdir ki, heç də bütün MDB ölkələrində milli azlıqların problemləri öz həllini tapmamışdır. Yalnız Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs tamhüquqlu vətəndaş kimi özünü reallaşdırmaq imkanlarına malikdir.
Gədəbəy rayonunun Slavyanka kəndində Mehriban xanımın kənd sakinlərinə qoşulub rəqs etməsi dövlət səviyyəsində milli azlıqlara eyni kriteriyalarla yanaşmanın göstəricisidir. Mehriban Əliyevanın fəaliyyətində onun idmana qayğısı mühüm yer tutur. İdman ictimaiyyətinin təkidli dəvətindən sonra M. Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilmişdir. Beynəlxalq aləmdə ruh və bədənin harmoniyası kimi insanın mükəmməlliyini ehtiva edən idmanın bu növünə Mehriban Əliyeva tərəfindən göstərilən qayğı Azərbaycan gəncliyinin estetik zövqünün formalaşmasında mühüm vasitəyə çevrilmişdir. Məhz xanım Əliyevanın Gimnastika Federasiyasında rəhbərliyə başlamasından sonra yeniyetmə və gənclərin idmanın bu növünə marağı kəskin şəkildə artmışdır. Bununla yanaşı, federasiya beynəlxalq miqyaslı yarışların təşkilində mühüm təcrübə əldə etmiş və fəaliyyəti beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir.
1995-ci ildə M. Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması təşəbbüsünü göstərmiş, onun rəhbərliyi ilə bu qeyri-hökumət təşkilatı respublikanın ictimai-mədəni həyatına daxil olmuşdur. Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Fond qısa vaxt ərzində milli sərvətlərimizin beynəlxalq səviyyədə özgələşdirilməsinə qarşı məqsədyönlü fəaliyyət aparmışdır. Xüsusilə, mədəni dəyərlərimizin ermənilər tərəfindən mənimsənilməsinə qarşı Azərbaycan Mədəniyyətinin Dostları Fondu beynəlxalq miqyasda qətiyyətlə mübarizə etməklə onların mənfur qonşularımızın fitnəsindən qorunmasına töhfə vermişdir.
Mehriban Əliyevanın genişmiqyasiı fəaliyyətində tarixi abidələrin, müqəddəs ziyarətgahların yenidən qurulması və insanların istifadəsinə qayğısı mühüm yer tutur. Müqəddəs yerlərin, tarixi abidələrin qorunması və bərpası istiqamətində Mehriban Əliyevanın fəaliyyəti xalqımızın genefonduna hörmətin ən bariz nümunəsidir. Məsələnin mahiyyəti bundadır ki, xalqın mövcudluğu üçün zəruri mənəvi keyfiyyətlər sırasında inam faktoru başlıca yer tutur. Azərbaycan xalqının şüuruna hopmuş müqəddəslərə inam, tapınmaq xüsusiyyəti hazırkı mərhələdə kütləvi psixotoplardan qaçmağın ən müasir üsullarından biridir. Mehriban Əliyevanın müqəddəs yerlərin və tarixi abidələrin qorunmasına yüksək qiymət verməsi xalqın gündəlik məişətinə edilən hörmət əlaməti olmaqla yanaşı, həm də bir milli konsolidasiya məsələsidir.
Mehriban Əliyevanın titanik fəaliyyəti Prezident İlham Əliyev ilə səmimi vəhdətinin praktik nəticəsidir. Cənab İlham Əliyevin qurub yaratmaq istəyinə dəstək verən birinci xanım xalqın qayğılarına həyat yoldaşı ilə bahəm əlac etmək niyyətində qətiyyətlidir.
Fəaliyyətinin aparıcı xəttini "Yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün həqiqətən ümdə anlayışlardır» kimi xarakterizə edən Mehriban Əliyeva sözün həqiqi mənasında xeyirxahlıq mücəssəməsinə çevrilib. Mir Cəlal Paşayev ocağından nəfəs götürən, təlim-tərbiyə, Aida İmanquliyeva kimi dünya şöhrətli alim ananın xeyir-duasından qaynaqlanan insanlara şəfqət, Heydər Əliyev ocağının müqəddəsliyi ilə çulğalaşaraq Mehriban Əliyevanın yüksək şəxsi keyfiyyətlərinə impuls verməkdədir. Qurub -yaratmaq eşqi böyük olan Mehriban Əliyeva fəaliyyəti ilə respublikada birinci xanım institutunun yaranmasını təmin etdi. Belə ki, ətrafına böyük ziyalılar ordusu toplayan, müxtəlif peşə sahiblərini insanların qayğılarını həll etməyə yönəldən, bütün sosial zümrələr arasında xarizmatik nüfuza malik vədlərini əməli ilə tamamlanan Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında fenomenal xüsusiyyətlər daşıyıcısı olan şəxsiyyət kimi qəbul edilir. Azərbaycanda prezidentin xanımı hadisələrin arxasınca gedən insan yox, özü hadisə və proseslərə istiqamət verən, dövlət quruculuğunda fəal iştirak edən şəxsiyyətdir. Bu isə Azərbaycanın yeniləşməsi, modernləşməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Çünki ölkənin gələcəyi prezidentin ümummilli inkişaf kursunu həyata keçirəcək nüfuzlu xadimlərin fəaliyyəti ilə bağlıdır. Keçdiyi ictimai-siyasi həyat yolu, malik olduğu təcrübə gələcək proseslərdə M. Əliyevanın mühüm rol oynaması üçün kifayət qədər əsas yaratmışdır.
Azərbaycanın gələcəyi ilə bağlı Mehriban Əliyeva nikbindir: "Məncə yüksəlişə nail olmaq üçün əsas iki amil lazımdır. Birincisi, siyasi sabitlik, ikincisi iqtisadi inkişaf. Bu gün bizim ölkəmizdə bunların ikisi də var. İqtisadi inkişafın göstəricilərinə baxsaq görərik ki, biz dünyada lider ölkəyik. Azərbaycanın hər rayonunda, hər regionunda inkişaf gedir, islahatlar aparılır, yeni məktəblər, xəstəxanalar açılır, yeni zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılır, respublikamızın ən ucqar rayonlarına yollar çəkilir. Mən əminəm ki, möhkəm iradə olanda , qarşıya qoyduğumuz hər bir məqsədə nail ola biləcəyik".
Rabil Mehtiyev
İki sahil.- 2006.- 25 noyabr.- № 218.- S. 3.