Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir


Mayın 10-da “Buta” sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çıxışı

– Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün - may ayının 10-u müasir Azərbaycanın və hər bir azərbaycanlının həyatında və taleyində silinməz iz qoymuş böyük simanın, dahi şəxsiyyətin ad günüdür. Ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Heydər Əliyev Fondunun prezidenti kimi fondumuzun 5 illik yubileyi münasibətilə bura toplaşan bütün qonaqları səmimi qəlbdən salamlayıram. Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına - gənc, istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir.

Əziz qonaqlar, bir daha sizin hamınızı 10 may münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, uğurlar arzulayıram. Qoy, ad günü ilə yubileyi birləşdirən bu axşam keçmişin dərslərini unutmamağa, əcdadlarımızın xatirəsini uca tutmağa, bu günümüzü qorumağa, gələcəyimizi isə qurmağa çağıran bayrama çevrilsin. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun!

Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirildi. Filmdə ulu öndərin ailə həyatından görüntüləri əks etdirən kadrlar ilk dəfə ictimaiyyətə təqdim olundu.

* * *

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

- Əziz dostlar!

Bu gün bu qısa filmdə səslənən sözləri mən düz beş il bundan əvvəl - 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunun təsis günündə demişəm və bu sözlər bu gün də aktualdır. Bu sözlər həm keçmiş haqqında, həm gələcək haqqındadır. Ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, çoxlu elmi əsərlər yazılıb, çoxlu fikirlər səslənib. Bir şeyi əlavə edə bilərəm ki, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dovrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində, təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq, müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkənin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam etdirilir.

Beş il bundan əvvəl deyilən sözlər bu gün də aktualdır və bugünkü həyat, Heydər Əliyevsiz keçdiyimiz bu yol onun əyani sübutudur. Əgər bu siyasət davam etdirilməsəydi, bilmək olmaz Azərbaycan hansı fəlakətlərlə üzləşə bilərdi, hansı vəziyyətə düşə bilərdi. Məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir. Məhz o illərdə iqtisadi sahədə, energetika sahəsində böyük addımlar atılmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və bu gün bu strategiya uğurla davam etdirilir. Əgər biz bu mühüm amili götürsək, görərik ki, bu, olmasaydı, Azərbaycanın daxili vəziyyəti bu gün necə olardı, xarici mövqeləri necə olardı və ümumiyyətlə, beynəlxalq nüfuzu nədən ibarət olardı. Bütün bugünkü uğurlara görə biz ulu öndərə borcluyuq. Onun uzaqgörənliyi, cəsarəti, fədakarlığı bugünkü günü mümkün etmişdir və biz – onun davamçıları onun siyasətini bundan sonra da davam etdirəcəyik, Azərbaycanı bundan sonra da onun yolu ilə irəliyə aparacağıq. Azərbaycan dövləti müstəqil dövlətdir, Azərbaycan dövləti öz milli və dini ənənələrinə sadiq dövlətdir. Eyni zamanda, Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir və Azərbaycanın müasirləşməsi, modernləşməsi işində biz bundan sonra da öz səylərimizi qoyacağıq. Ölkəmizi inkişaf etmiş ölkələrin sırasına daxil edəcəyik. Ölkədə bu potensial var - həm insani potensial, həm siyasi iradə, həm iqtisadi potensial, bölgədəki mövqelərimizin möhkəmlənməsi, sürətli inteqrasiya prosesləri. Azərbaycanın qarşısında bütün yollar açıqdır, bütün üfüqlər açıqdır, aydındır və biz irəliyə gedirik. Biz inkişaf yolu ilə gedirik. Bu inkişaf yolunu Heydər Əliyev bizə göstərmişdir və onun Azərbaycan xalqına və onun davamçılarına ən böyük vəsiyyəti də məhz ondan ibarət idi ki, Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcəkdir.

Bu gün həm ölkədə gedən proseslər, həm bizim bölgədəki mövqelərimiz, dünya proseslərinə təsir imkanlarımızın genişlənməsi bir məqsədi güdür ki, Azərbaycan dövləti daha da möhkəmlənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, təhlükəsizlik, sülh şəraitində, rifah içində yaşasın. Bizim son illər ərzində apardığımız bütün islahatlar bu məqsədi güdür.

Mən çox şadam və çox böyük qürur hissi keçirirəm ki, biz – Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, onun kimi, Heydər Əliyev kimi, öz siyasətimizi xalqın inamına arxalanaraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı - azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur. Biz bu möhkəm zəmin üzərində müasir dövlət qururuq. O dövlət ki, artıq dünyada özünəlayiq yerini tuta bildi, o dövlət ki, öz hesabına yaşayır, müstəqil həyat sürür və dövlət müstəqilliyini hər şeydən üstün tutur.

Bu gün çox gözəl bir gündür. Bu gün biz iki gözəl hadisəni qeyd edirik – Heydər Əliyevin doğum gününü və onun adını daşıyan Fondun beş illik yubileyini. Bu son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq Fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük.

İndi statistik rəqəmləri gətirmək istəmirəm, bunlar hamısı artıq tarixdə var. Nə qədər insana şəfa verildi. Nə qədər insanlar sağalmayan yaralardan sağaldılar, müalicə aldılar. Nə qədər uşaq qayğı gördü, nə qədər kimsəsiz uşağa əl uzadıldı. Yeni tikilmiş uşaq evlərində yaşayan uşaqlar artıq gələcəyə inanırlar, onlar öz doğma Vətənində yaşamaqdan qürur hissləri keçirirlər. Fondun təşəbbüsü ilə başlanmış geniş məktəb tikintisi, - mən bunu bu gün açıq deməliyəm, - biz bu təşəbbüsü əsas götürüb ölkəmizdə geniş miqyasda məktəb tikintisinə başlamışdıq. Amma ilk məktəblər məhz Fondun təşəbbüsü ilə və Fond tərəfindən tikilmişdir. O məktəblərdə oxuyan, kompyuterlə məşğul olan, yaxşı imkanlara malik olan uşaqlar gələcəyə nikbinliklə baxırlar. Onlar Azərbaycanın gələcəyidir. Mən birmənalı şəkildə deyə bilərəm ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində və digər sahələrdə, ölkə həyatında önəmli bir amilə çevrilibdir və əminəm ki, Fondu bundan sonrakı fəaliyyətində də ümumbəşəri prinsipləri irəliyə aparacaqdır.

Heydər Əliyev Fondu milli Fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi – bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşübdür. Düşübdür deyəndə, Fond və Fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən Fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında Fondun rolu böyük olacaqdır.

Əziz dostlar, bu gözəl gündə mən sizin hamınızı yeni tikilmiş bu gözəl “Buta” sarayında salamlayıram. Bu gün çox əlamətdar bir gündür və əminəm ki, bu gün bizim üçün gözəl keçəcəkdir. Bu gün ulu öndər Heydər Əliyevin xatirəsini yad etdik. Onun xatirəsinə hörmət onun işlərinə ən böyük mükafatdır. Mən bu gün bu kürsüdən bütün Azərbaycan xalqına öz dərin hörmət və məhəbbətimi ifadə etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram. Sağ olun.

* * *

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.

Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Mükafatı ilk dəfə təqdim olunurdu. Heydər Əliyev Mükafatı komissiyası öz iclaslarında ölkənin ən yüksək mükafatına layiq görülən şəxsiyyətlərin yaradıcılıq yolunu və fəaliyyətini araşdırmışdır. Komissiya 2009-cu il 5 may tarixli iclasında öz qərarı ilə Azərbaycan Respublikasının Prezidentinə müvafiq Sərəncam vermək üçün 3 namizəd təqdim etmişdir.

Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarova Heydər Əliyev Mükafatını təqdim etdi.

Ömər Eldarov təşəkkür edərək dedi:

- Əziz dostlar! Mən xoşbəxtəm desəm, bu, heç nə deməmək kimi olar. Mən həyəcanlıyam, ona görə də, danışığım səlis olmayacaq. Bu mükafatı almaq mənim üçün çox böyük fərəhdir. Bu, respublikamızda mövcud olan ən yüksək mükafatdır. Bu mükafatı almaq məni ona görə xüsusilə sevindirir ki, o, dövlətimizin banisi Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev bu gün çiçəklənən dövlətin iqtisadi və başqa əsaslarını uzun illər boyu yaratmışdır.

Obrazlı şəkildə desək, indi Azərbaycan dünyada kiçik, lakin ən parlaq və ən dinamik inkişaf edən ölkədir. Çox sağ olun, İlham Heydər oğlu! Çox sağ olun!

Dövlətimizin başçısı ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova Heydər Əliyev Mükafatını təqdim etdi.

Arif Məlikov dedi:

- Azərbaycan Prezidentinə, onun xanımına öz dərin təşəkkürümü bildirir və bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm və onun surəti həkk olunan bu nişanı həmişə fərəhli günlərdə fəxrlə döşümdə aparacağam. Mən Heydər Əliyevlə uzun illər ünsiyyətdə olmuşam və bu ünsiyyətin nəticəsində borc bildim ki, bir neçə il üzərində işlədiyim səkkizinci simfoniyanı ona həsr edim. Bu yaxınlarda Prezidentin Sərəncamı ilə mənim yubiley günlərimi keçirəndə ilk gecədə səkkizinci simfoniya səsləndi. Yeddinci simfoniya İhsan Doğramacıya həsr olunmuşdu. İki simfoniya birlikdə səsləndi. Mən bununla fəxr edirəm. İndi o, CD və DVD formasında buraxılıb. İnanıram ki, onun dinləyicələri bundan sonra da artacaq. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.

Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.

Mehriban xanım Əliyeva dedi:

- İlk növbədə, cənab Prezident, Sizə və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm, çox sağ olun.

X X X

Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi oldu.

Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edildi.

“Qızıl çinar” beynəlxalq mükafatı həyatını yer üzündə bəşəri dəyərlərin, humanizm prinsiplərinin bərqərar olmasına həsr edən ictimai xadimlərə, dünyanın tanınmış adamlarına, seçilən və sevilən insanlara təqdim olunacaqdır. Bu gün “Qızıl çinar” beynəlxalq mükafatı Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirak edən, sıx əməkdaşlığa səy göstərən, xalqlararası əlaqələrin möhkəmlənməsinə, ümumi işə öz töhfəsini verən insanlara təqdim olunur.

“Qızıl çinar” beynəlxalq mükafatını nominantlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təqdim etdi.

Sıx əməkdaşlığa və ümumi işə verdiyi töhfəyə görə ilk nominasiyada mükafata bütün həyatı humanizm ideyalarından qaynaqlanan, ulu öndərin məsləkdaşı və yaxın dostu professor, doktor İhsan Doğramacı layiq görülmüşdür. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edildi.

Əli Doğramacı təşəkkür edərək dedi:

- Cənab Prezident,

hörmətli Mehriban xanım,

Atam İhsan Doğramacı bu gün burada sizlərlə birlikdə olmağı çox istəyirdi. Atamın həkimləri isə onun daha çox yaşaması üçün səyahət etməməsini istəyirlər. Nəticədə atam həftənin yeddi günü Ankarada işləyir, amma təyyarəyə minib səyahət edə bilmir. Atam Heydər Əliyevi tanıdığı gündən ona heyran olmuşdur. Böyük lider Heydər Əliyevin həyatı boyunca sülhə, insanlığa, türk dünyasına və Azərbaycana etdiyi böyük xidmətlər və fədakarlıqlar qəlbimizdə və yaddaşımızda nəsillərdən-nəsillərə keçməklə iz bıraxmışdır. Bu böyük insanın yolunu davam etdirmək üçün qurulmuş Heydər Əliyev Fonduna, atamın təşəkkürlərini və hörmətlərini çatdırmaq üçün buradayam. Bu gün bu çox yüksək mükafatın atama verilməsinin Heydər Əliyevin ruhunu şad etdiyinə inanıram. Sizlərə dərin hörmətimi ərz edirəm. Sağ olun!

Qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədova “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.

Əlibaba Məmmədov təşəkkürünü bildirərək dedi:

- Mən bu gün çox şadam ki, bu mükafat ulu öndərimizin doğum günündə mənə təqdim olunur. Çox əzizimiz, hörmətli cənab Prezidentimizə və yenə də əzizimiz, hörmətli Mehriban xanıma ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olsunlar!

Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən ilk layihədə fəal iştirakına, etibarlı tərəfdaşlığın qurulmasına və ümumi işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də “Qızıl çinar”la mükafatlandırıldı.

Marko Borsotti dedi:

- Bu mükafatı almaq böyük şərəfdir. Bu fürsətdən istifadə edərək mən bütün qonaqların qarşısında bir daha bəyan etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyevlə görüşüm həmişə xatirimdədir. Həmin görüş zamanı o, mənə ölkənin gələcəyi ilə bağlı fikirlərini söylədi. Mən bir daha onun uzaqgörənliyinin şahidi oldum. Bir daha onu qeyd etmək istəyirəm ki, Heydər Əliyev - Azərbaycanın ümummilli lideri bu ölkənin irəliyə doğru aparılmasında, onun inkişafında çox böyük, müstəsna rol oynamışdır. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bundan sonra da onun əldə etdiyi nailiyyətləri dəstəkləyəcəyəm. Eyni zamanda, mən Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm ki, bu mükafatla məni təltif etmişdir. Çox sağ olun!

Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi böyük dəstəyə, yüzlərlə insanın sağlamlığının bərpasına əvəzsiz töhfəsinə görə ürək və damar cərrahı Rəşad Mahmudov elan olundu və mükafat sahibinə təqdim edildi.

Rəşad Mahmudov təşəkkür edərək dedi:

- Məni belə bir mükafata layiq gördüyünüzə görə təşəkkür edirəm. İnanın, ildə ən azından 700-800 açıq ürək əməliyyatı aparan bir insan olaraq bu əməliyyatlarda keçirdiyim həyəcandan daha böyük həyəcan keçirdim. Mən əvvəlcə Azərbaycanda “Himayəçi Ana” obrazını və rəmzini bu qədər gözəl bir şəkildə yaratdığınıza görə, bunu dünya ictimaiyyətinə həm milli dəyərlərimiz, həm də müasirliyinizlə çatdırdığınıza görə, bizləri və bizlər kimi milyonlarla insanı xeyirxah işlərə ruhlandırdığınıza görə və nəticədə gördüyümüz işləri bu şəviyyədə yüksək qiymətləndirdiyinizə görə təşəkkür etmək istəyirəm.

Bir azərbaycanlı gənci olaraq, bir Azərbaycan həkimi olaraq fürsətdən istifadə edib Prezidentimə minnətdarlıq etmək istəyirəm! 2005-ci il mayın 10-da 15 illik təhsilimi bitirdikdən sonra Azərbaycana gələrək, Mərkəzi Neftçilər Xəstəxanasında ürək və damar cərrahiyyəsi şöbəsində fəaliyyətə başladıq. O gündən bu günə qədər üç mindən çox insanın üzərində açıq ürək əməliyyatı aparmışıq.

Prezidentimizin sosial inkişaf istiqamətində apardığı əməli işlərin və səhiyyəyə göstərdiyi dəyərin ən gözəl və ilk nümunəsi olan Lənkəran Müalicə-Diaqnostika Mərkəzində, ilk dəfə Azərbaycan paytaxtından kənarda, ucqar bir rayonda açıq ürək əməliyyatını - bu şərəfli işi mənə etibar etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bunun ardınca 31 yaşında ikən “Tərəqqi medalı” ilə təltif etdikdən sonra daha da ruhlandıraraq Naxçıvanda, Şirvanda, Qəbələdə, Zaqatalada keçirilən yüzlərlə açıq ürək əməliyyatında bu şərəfli işi mənə həvalə etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan həkiminin Sovetlər Birliyi süquta uğradıqdan sonra uzun illər natamamlıq hissi içərisində yaşaması, xaricdə keçirilən konfranslarda, simpoziumlarda iştirakdan çəkinməsi artıq arxada qalmışdır. Bu gün yaratmış olduğunuz bu gözəl, bu əvəzedilməz səhiyyə ocaqları ilə biz həkimlərin xəstələrimizə yüksək xidmət göstərmək imkanı yaratdığınıza görə təşəkkür edirəm. Bu gün Azərbaycan xəstəsinin öz həkiminə inamını qaytardığınıza görə təşəkkür etmək istəyirəm. Bu gün xaricdə təhsil alan minlərlə azərbaycanlı gəncin işləmək üçün ölkəmizə qayıtmaq istəyini yaratdığınıza görə təşəkkür etmək istəyirəm. Bu gün Azərbaycanda tibb təhsili alan minlərlə gəncdə gələcəyə inam yaratdığınıza və düşüncələrini genişləndirdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Biz gənclər ideya atamız Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu inkişaf yolunun, Prezidentimizin səhiyyə sahəsində müsəlləh əsgərləriyik. Bu gün Azərbaycanda zəngin maddi-texniki bazası olan gözəl müalicə ocaqları yaradılarkən biz həkimlər də üzərimizə düşən məsuliyyətin fərqindəyik və Sizi inandırırıq ki, Azərbaycanın Avropa tibbinə inteqrasiya proqramı çərçivəsində görəcəyimiz çox işlər vardır. İnşallah, sizlərin humanizm bayrağı altında sıx birləşərək bütün bu işlərin öhdəsindən layiqincə gələcəyik. Bu gün mənə verilən bu mükafata görə dərin qürur hissi keçirirəm və buna görə hamınıza təşəkkür edirəm. Çox sağ olun!

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə və ümumi işə verdiyi töhfəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə də “Qızıl çinar” beynəlxalq mükafatı verildi.

Kşiştof Krayevski dedi:

- Hörmətli cənab Prezident,

hörmətli Mehriban xanım Əliyeva,

hörmətli xanımlar və cənablar.

İlk öncə, mənə verilən bu yüksək mükafata görə sizə Polşa Respublikası adından və öz adımdan səmimi minnətdarlığımı bildirmək istərdim. Mən çox həyəcanlıyam. Polşa Respublikasının Azərbaycandakı səfiri qismində öz fəaliyyətimə başlayarkən mən arzulayırdım ki, ölkələrimiz arasındakı əlaqələrimiz bir çox sahələrdə dostluq mühitində inkişaf etsin. Təhsil hər iki ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli bir sahədir. Mən çox şadam ki, Polşa Sarıqamış kəndindəki məktəbin tikintisi ilə bağlı layihədə iştirakı ilə Azərbaycanda gənc nəslin formalaşmasına töhfələr verdi. Layihənin həyata keçirilməsi Heydər Əliyev Fondunun iştirakı olmadan mümkün olmazdı. Öz xeyirxah işləri ilə fərqlənən və nəcib bir təşkilat olan Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan fəxr edirəm. Habelə xanım Mehriban Əliyevaya, onun tərifəlayiq fəaliyyətinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli cənab Prezident,

hörmətli xanımlar və cənablar,

Bilin ki, Azərbaycanın mənim şəxsimdə səmimi bir dostu vardır və mənim üçün Polşa ilə Azərbaycan arasında dostluq əlaqələrinin qurulması olduqca dəyərlidir. Yaşasın Azərbaycan!

Sonuncu nominasiyada gənc nəslin hərtərəfli, əsl vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edildi.

Nərminə Zöhrabova minnətdarlıq edərək dedi:

- Mən övladlarım adından, böyük ailəmiz adından cənab Prezidentimizə və onun xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Çox sağ olun, təşəkkür edirik. Əməyimizə verdiyiniz qiymətə görə sağ olun.

Mükafatlandırma mərasimindən sonra geniş konsert proqramı təqdim olundu. İncəsənət ustaları konsertdə maraqlı proqramla çıxış etdilər.


Xalq qəzeti.- 2009.- 13 may.- № 101.- S. 3-5.