Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban xanımın qayğıkeşliyini unutmayacağıq


Bunu AzərTAc-a birinci qrup əlil, 21 yaşlı Ülviyyənin bibisi, kəlbəcərli məcburi köçkün Məlahət Həsənova bildirmişdir.

O demişdir: - Neçə illərdir Ülviyyə əsəb sistemi ilə bağlı ağır xəstəliyə tutulmuşdur. Bu illər ərzində həmin xəstəliyə tutulmuş övladları olan ailələri tapıb ünsiyyət qurmuşuq, bütün səylərimizi birləşdirib onların dərdini yüngülləşdirməyə çalışırıq. Bu işdə xeyirxah insanların da köməyi çoxdur. Mən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulamaq istəyirəm.

Mehriban xanımla ilk dəfə 2004-cü ildə görüşmüşdük. Bizi diqqətlə dinlədi. Söhbət zamanı Yevpatoriya delfinarisində müalicənin səmərə verdiyini, lakin oraya getmək üçün maddi imkanımızın olmadığını bildirdik. Tezliklə Ülviyyəni və bir neçə uşağı Ukraynaya – Yevpatoriyaya göndərdilər. Müalicə çox böyük səmərə verdi.

Bir neçə ay bundan əvvəl şəhərimizi gözəlləşdirən obyektlərdən birinin açılışında Prezidentimiz və onun xanımı ilə görüşdük. Mehriban xanım bizi tanıdı, hal-əhval tutdu, uşaqları soruşdu. Vəziyyəti danışdıq, yeni müalicə kursuna ehtiyac olduğunu bildirdik. Prezidentimiz söhbətə qoşulub dedi ki, narahat olmayın. İyul ayında üç ailənin övladları - bizim Ülviyyə habelə, Aslan Məmmədli və Elmir Rəhimov Yevpatoriyaya göndərildilər. Müalicə ayın 30-dək davam etdi, xeyli gümrahlaşmış uşaqlar vətənə qayıtmışlar. Onları nikbin, sabaha inamlı görəndə ürəyimiz ölkənin birinci xanımına, bu qayğıkeş insana minnətdarlıq hissi ilə aşıb-daşır. Allah onun balalarını saxlasın. Biz onun qayğıkeşliyini ömrümüz boyu unutmayacağıq.

Hər üç ailə adından ölkəmizin Prezidentinə, onun xanımına təşəkkür edirik.

AzərTAc
2008, 5 avqust