Gimnastlarımız beynəlxalq turnir və "A" seriyalı klub birinciliyi yarışlarında
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Olimpiya dünyası"na verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Kalver şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi Zeynəb Cavadlı təmsil edib. Gimnastımız halqa ilə çıxışında 13.025 xalla 9-cu, lentlə 10-cu (12.425 xal), mütləq çoxnövçülükdə isə 23 iştirakçı arasında 12-ci (50.775 xal) pillədə qərarlaşıb. Amerika şərhçiləri Bakı Gimnastika Məktəbinin yetirməsinin kompozisiyasını və gözəl idman geyimini xüsusi vurğulayaraq, onun barəsində belə deyiblər: "Zeynəb artıq yeniyetmə idmançılarla deyil, tanınmış rəqibləri ilə bərabər mübarizə aparır". Turnirdə proqramın 5 növü üzrə liderlik edən belaruslu İnna Jukova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2-3-cü yerlərə isə, müvafiq olaraq, Lübov Çerkaşina (Belarus) və İrina Risenson (İsral) layiq görülüb.
Federasiyanın mətbuat xidməti onu da bildirir ki, yığma komandanın liderləri Aliyə Qarayeva və Anna Qurbanova İtaliyada "A" seriyalı klub birinciliyinin ilk mərhələsində çıxış edirlər. A.Qurbanova bu il də "Ardor" (Paduya) klubunun idman şərəfini qoruyacaq. Digər gimnastımız A. Qarayeva isə "San-Corcio-79" komandasının tərkibində mübarizə aparacaq. Spoleto şəhərində təşkil olunacaq yarışların ikinci mərhələsi fevralın 10-u, üçüncü mərhələsi fevralın 24-ü, final isə martın 10-da keçiriləcək. Xatırladaq ki, ötən il hər iki klub çempionatın gümüş medalını qazanıb. Anna Qurbanovanın "Ardor" komandası "Al", Dinarə Gimatovaınn "San-Corcio-79" klubu isə "A2" seriyasında ikinci nəticəni göstərib.
Olimpiya dünyası.- 2007.- 27-29 yanvar.- № 3.- S. 4.