Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Xeyirxahlıq humanizm prinsiplərinin zirvəsində dayanır

“XXI əsrin böyük qadını” fəxri titulunun nominantı Mehriban xanım Əliyevanın fəaliyyəti hər birimiz üçün örnəkdir


Qadınlar zərif olduqları qədər də qətiyyətli, cəsarətli və əzmkardırlar. Bu keyfiyyətləri özündə birləşdirən mətin Azərbaycan xanımları tarix boyu olub. Onun varisləri bu gün də bu ənənəyə sadiqdirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti hər birimiz üçün örnəkdir.

Mehriban xanım Əliyeva bildirir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.”

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu yüksək adlara layiq görülməsini şərtləndirən işlərə, onun bilavasitə təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilmiş və reallaşdırılmaqda olan proqram və layihələrə qısaca da olsa nəzər salaq.

İctimai-siyasi fəaliyyətə başladığı gündən cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olan Mehriban xanım Əliyeva haqqında belə təsəvvür formalaşıb. O, səmimidir, məsuliyyətlidir, həssasdır, işgüzardır və xeyirxahdır.

Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri və Milli Məclisin deputatı kimi əhatəli və səmərəli fəaliyyətindən çox yazılıb. 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun məqsədi budur - milli mədəniyyətimizin inkişafına gömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xaricdə təbliğini dəstəkləmək.

Mehriban xanımın uşaq evlərində, internat məktəblərində qayğı və köməyə ehtiyacı olan uşaqlarla görüşü həmişə diqqət çəkir. O, hər bir xəstə uşaqla elə səmimi görüşür, elə söhbət edir ki, onun səmimiyyətinə həsəd aparırsan. Mehriban xanım Əliyevanın millət vəkili seçildiyi Əzizbəyov rayon sakinləri ilə görüşü, onların problemləri ilə yaxından tanış olması da diqqəti çəkən məqamlardandır. Sözü ilə işi bir olan, verdiyi vədlərə layiqincə əməl edən, deputat olduğu müddət ərzində mühüm problemlərin həllinə nail olan Mehriban Əliyevanın gördüyü işlər Əzizbəyov rayonunun sakinləri tərəfindən yüksək dəyərləndirilir.

Humanizm prinsiplərinə əsasən fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı öndə dayanır. Körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirən Heydər Əliyev Fondunun layihələrinin başlıca meyarı uşaqlara diqqət və qayğıdan ibarətdir.

“Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaq .”

Ümummilli lider Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu tövsiyələrdə bu günümüzün, sabahımızın qurucuları olan gənc nəslə etibarı, inamı öz əksini tapıb. Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər mənada xoşbəxtdirlər. Çünki ölkəmizdə onların firavan, sağlam böyüməsi üçün hər cür şərait var. Analara göstərilən qayğını da uşaqlar üçün yaradılan gözəl şəraitə əlavə etsək deyilənlərin təsdiqi üçün əlavə izaha ehtiyac qalmaz.

Ölkənin gələcəyini daha parlaq görmək üçün gənc nəslə diqqət və qayğısını artıran Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2009-cu ilin Azərbaycanda “Uşaq ili” kimi elan edilməsi bu məhəbbətdən irəli gəlir. Belə bir sənədin qəbulu uşaqlara dövlət qayğısının daha da təzahürüdür. Əsas təşkilatçı Heydər Əliyev Fondu olmaqla “Hər uşağın ailəyə ehtiyacı var” kampaniyasının davamı olaraq belə bir sərəncamın imzalanması bir daha göstərdi ki, uşaqlara qayğı dövlət siyasətinin əsas prioriteti kimi xüsusi diqqətdə saxlanılır, onların sosial müdafiəsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır.

Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat, vətəndaş üçün nümunədir. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkili üçün 30-dan artıq uşaq evi və internatlarda yenidənqurma və bərpa işlərinə diqqəti artıran millət vəkili Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Mehriban xanım Əliyevaya ünvanlanmış minnətdarlıq məktubları sonsuzdur.

Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Mehriban xanımın göstərdiyi xidmətlər əvəzsizdir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdilər. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan bankının yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlər daim təqdir olunur.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr bəlkə də heç bir ölkədə alternativi olmayan xeyirxahlıq, humanistlikdir. Əvvəllər uşaq evlərində tərbiyə alan, yetkinlik yaşına çatan, yeniyetmə qızların yaşaması üçün evlərin tikilməsi, onlara nəzarətin təşkili Mehriban xanım Əliyevanın əxlaqi, milli-mənəvi dəyərlərimizə önəm verdiyini göstərməklə ictimaiyyəti narahat edən bir problemə son qoydu. Ən əsası odur ki, istifadəyə verilən və kimsəsiz körpələrin doğma ocağı sayılan bütün obyektlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili, hərətərfli inkişafı üçün hər cür şərait yaradılır.

Dünyanın bir çox bölgəsində milyonlarla uşaq aclıqdan və səfalətdən əziyyət çəkir. Planetin qaynar bölgələrində baş verən qanlı müharibələrdən, iqtisadiyyatı zəif dövlətləri bürüyən yoxsulluqdan ən çox əziyyət çəkən uşaqlardır. Övladlarının sağlam, firavan böyüməsi üçün yaranan şəraitdən məmnun qalan hər bir ölkə vətəndaşı Azərbaycanda siyasi sabitliyi və iqtisadi uğurları təmin edən dövlət tərəfindən həyata keçirilən islahatları ürəkdən bəyənir, Prezident İlham Əliyev siyasətinə dəstək olurlar.

Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması layihəsi çərçivəsində xeyli sayda uşaq bağçası əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Daimi yaşayış yerlərini tərk edən aztəminatlı ailələrə göstərilən diqqət və qayğı da diqqət mərkəzindədir.

Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə kompyuter dəstlərinin, məktəb ləvazimatlarının və digər avadanlıqların hədiyyə edilməsi də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın harada yaşamasından asılı olmayaraq azərbaycanlı uşaqlarının təhsilinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Ümumtəhsil məktəblərində şagirdlərə elmin, təhsilin ən müasir nailiyyətlərinə uyğun bilik aşılanır. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasına başlıca vəzifə kimi diqqət yetirilir. MDB məkanında yeganə olaraq Azərbaycanda bütün siniflər üzrə təhsil alan şagirdlər pulsuz olaraq dərsliklərlə, oxu materialları və əlavə tədris vəsaitləri ilə təmin olunurlar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi profilli və sadələşdirilmiş tədris proqramlarına uyğun məktəblər, internatlar fəaliyyət göstərir.

Valideyn himayəsindən məhrum olan bütün uşaqları doğma ovladı kimi sevən, qayğısını əsirgəməyən “Hər uşağın ailəyə ehtiyacı var” söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi heç bir internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə - heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Bu problemin həlli üçün dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı ” (2006-2015-ci illər) həyata keçirilir. İnternat və uşaq evlərində ailə mühitinə uyğun maksimum əlverişli şərait yaradılır.

Qeyd etdiyimiz kimi, 2004-cü ildən cəmiyyət həyatında fəal mövqe tutan Heydər Əliyev Fondunun reallaşan ilk layihəsi təsadüfü deyil ki, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”dır. Ötən illərdən gerçəkləşən bu layihə ölkədəki uşaq evləri və internat məktəblərinin bir çoxunda mövcud vəziyyəti kökündən dəyişməyə, uşaqların sosial şəraitini yaxşılaşdırmağa, təlim-tərbiyənin səviyyəsini yüksəltməyə, ən başlıcası isə ailə mühitinə yaxın olan şəraitdə böyümələrinə imkan yaradıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin təhsilinin inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Belə ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, dünya təcrübəsi də bu həqiqəti təsdiqləyir ki, ölkənin inkişafında, tərəqqisində neft-qaz amili ilə yanaşı, elmi potensial, yeni texnologiyalar əsas yer tutur. Azərbaycan müasir, sivil ölkədir, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi maraq göstərir. Biliyin əsası təbii ki, məktəblərdən qoyulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir. Məktəblilər beynəlxalq standartlara cavab verən məktəblərdə dərs almalıdırlar. Proqram çərçivəsində 200-dən artıq məktəb tikilib, lazımi avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.

Heydər Əliyev Fondunun beş ildə milli irsimizin qorunması istiqamətində göstərdiyi səylər də təqdirəlayiqdir. Muğamımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Fondun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçirilməsi də deyilənlərə əyani sübutdur.

Mehriban xanım Əliyevanın fəaliyyətində diqqəti çəkən məqamlardan biri də həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlardır. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı neçə-neçə kitablar çap etdirilib. Faciələrimizlə bağlı dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tədbirlər keçirilir.

Humanizm, insanpərvərlik və mərhəmətlik kimi bəşəri prinsiplər Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanır. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ərəfəsində, eyni zamanda bu ilin mart ayında - Novruz bayramında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı, Mehriban xanım Əliyevanın amnistiya ilə bağlı parlamentə müraciəti də deyilənlərə əyani sübutdur.

Bir məqamı qeyd edək ki, respublikamızın müstəqilliyi dövründə əfv və amnistiyaların verilməsi tarixi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndərimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalamışdır. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda ölüm hökmü ləğv edildi.

Humanizm, insanpərvərlik və xeyirxahlıq ənənəsi Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən sonra daha geniş vüsət aldı. Bu illərdə 10-dan artıq imzalanmış əfv və amnistiya fərmanları 50 mindən çox məhkuma şamil edilib.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində insanpərvərlik duyğuları əsas yer tutur. Xalqımız bu xeyirxahlığa görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, yaşıllıqların salınmasına yönələn tədbirlər də diqqətdən kənarda qalmır. Belə ki, Fondun “Hərəyə bir ağac əkək ” kampaniyası paytaxt və bölgələrdə ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək, yaşıllıqların genişləndirilməsinə hər kəs öz töhfəsini verməyə çalışdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirir: “Hər şey ortaya qoyulan məqsəddən, enerjidən, ağılın və istedadın ölçüsündən asılıdır”. Mehriban xanım bu ifadə ilə siyasətdə və dövlət idarəçiliyində sayı az olmayan Azərbaycan qadınlarını bir az da fəal, daha cəsarətli olmağa çağırır.

Ölkənin birinci xanımının işgüzarlığı daim yüksək dəyərləndirilir. Milli Məclisin üzvü və Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti kimi həyata keçirdiyi tədbirlərin sayı artıq yüzlərlədir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Ölkədə keçirilən sosial sorğuya görə, “İlin qadını” adına layiq görülmüşdür. Milli mədəniyyətimizin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis etmişdir. Yəni bütün bu sahələrdə çalışmaq üçün insandan qeyri-adi dərəcədə işgüzarlıq tələb olunur.

Xeyriyyəçilik, sözün həqiqi mənasında, humanizm prinsiplərinin zirvəsində durur. Mehriban Əliyeva heç zaman özünün reallaşdırdığı xeyriyyəçilik tədbirlərindən söz açmır. Amma onun bu kimi tədbirləri beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Mehriban Əliyevanın fəaliyyətində Avropa dəyərlərinə ehtiram və diqqət yetərincədir.

Bir məqamı da qeyd edək. Bu ilin iyulun sonlarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva “XXI əsrin böyük qadını” fəxri tutulunun nominantı kimi irəli sürülmüşdür.

Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulamışlar. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və idman sahəsində görülən geniş və çoxşaxəli işlər diqqətə çatdırılır.

Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalamışdır. Keçən il bu şəhərdəki İncəsənət qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. İlk növbədə Mehriban Əliyevanın dəstəyi sayəsində həyata keçirilmiş bu tədbir Kanada ilə Azərbaycan arasında əsl mədəni körpüyə çevrilmişdir.

Göründüyü kimi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti nəinki ölkə, dünya miqyasında da yüksək dəyərləndirilir.

Sadalananlar Mehriban xanım Əliyevanın gördüyü işlərin az bir hissəsidir. Qarşıdakı illərdə də Mehriban xanım ölkə və beynəlxalq səviyyəli neçə-neçə əhəmiyyətli layihələrə imza atacaq, mədəniyyətimizin, təhsilimizin, insanların sağlamlığının qorunması naminə genişmiqyaslı xeyirxahlıq nümayiş etdirəcək.


Yeganə Əliyeva

İki sahil.- 2009.- 25 avqust.- № 158.- S. 3.