Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni nailiyyətləri


BALAKƏN

Roç Əhməd kəndi Balakən rayonunun ucqar kəndlərindəndir. Təqribən 400 nəfər yaşayan bu kənddə indiyədək müasir tipli məktəb binasının olmaması sakinləri ən çox narahat edən problemlərdən biri idi. Uyğunlaşdırılmış binada yerləşən, cəmi 20 şagird yeri olan iki otaqlı ibtidai məktəbi bitirən şagirdlər təhsillərini davam etdirmək üçün nəqliyyatın da ara-sıra hərəkət etdiyi kənd yolları ilə ən yaxın məsafədə yerləşən orta məktəblərə piyada 5-10 kilometr yol qət etməli olurdular.

Fevral ayının 15-də kənddə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikiləcək 120 yerlik əsas məktəbin bünövrəsi qoyuldu. Təməlqoyma tədbirində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili R.Ab-dullayev, millət vəkili R.Aslanova, Prezident aparatının məsul işçisi cənab M.Quliyev, rayon icra hakimiyyətinin başçısı A.Məmmədov iştirak və çıxış etmişlər.

Tədbirdə çıxış edən kənd sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, yeni tikiləcək məktəbdə qonşu Murğuztala və Əyritala kəndlərinin uşaqları da təhsil ala biləcəklər.

Balakən rayonunun Talalar kəndində fəaliyyət göstərən 1 nömrəli orta məktəb üçün 240 yerlik məktəb binasının inşasına 2005-ci ilin oktyabr ayında başlanmış, 2006-cı ilin sentyabr ayının 15-ində isə istifadəyə verilmişdir.

Mazımçay kənd əsas məktəbi üçün 100 yerlik məktəb binasının tikintisinə 2006-cı il iyunun 15-də başlanıb. 2006-cı il oktyabrın 1-də həmin binanın tikintisi başa çatdırılmışdır.

Katexdəki 3 nömrəli məktəb üçün 240 yerlik binanın inşasına isə 2006-cı ilin avqust ayında başlanıb. Hazırda binanın tikintisi davam etdirilir.

ABŞERON

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yoncalıq, Quşçuluq massivlərində, o cümlədən Novxanı kəndində 240 yerlik yeni məktəb binaları tikilmişdir. Bundan əlavə, Goradil kəndində 120 yerlik 6 sinif otağı in-şa edilmişdir. Məktəblərə və yardımçı siniflərə lazım olan avadanlıqlar gətirilmiş, tərtibat işlərinə başlanmışdır.

2007-2008-ci tədris ilində həmin sinif otaqları və məktəb binaları istifadəyə veriləcəkdir.

LƏNKƏRAN

Heydər Əliyev Fondunun vəsaiti, təşəbbüsü və dəstəyi ilə inşa edilən məktəblərin sayı günbəgün artmaqdadır. Belə məktəblərin sayı Lənkəranda da az deyildir.

Hələ 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranın Şağlaküçə kənd orta məktəbi üçün 360 yerlik, rayonun Girdəni kənd orta məktəbi üçün isə 240 yerlik bina inşa edilmişdir.

Ötən il rayonun Digah kəndi və Liman şəhər 1 nömrəli orta məktəbi üçün də yeni bina tikilmişdir. Həmin binalar da Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır.

Bundan əlavə, 2006-cı ildə Lənkərandakı O. Mirzəyev adına qarışıq tipli uşaq evi də Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təchiz edilmişdir.


Azərbaycan müəllimi.- 2007.- 23 fevral.- № 7.- S. 1.