Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması üçün misilsiz işlər görür

Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək qiymətləndirilir


Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisi və xalqımızın rifahını yüksəldir. Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticəsini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verən fond bu ənənə çərçivəsində fəaliyyətini davam etdirir.

Bildiyimiz kimi, qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malik bir dövlət olaraq, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir və öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərir. Ölkənin zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına öz təsirini göstərir.

Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə, ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır. Qeyd olunan mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır. Belə bir mədəniyyəti özündə ehtiva edən Azərbaycanın tarixin dönəmlərində yaşamış simaların əsrlərində xalqımızın adət və ənənələri, onun bəşəri mahiyyət daşıyan dəyərləri öz əksini tapmışdır. Belə ədəbi nümunələr Azərbaycan klassik sənətində kifayət qədərdir ki, bunlar yenidən nəşr edilərək xalqa, eləcə də, dünya ədəbiyyatına təqdim edilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyəti müstəsnadır. Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" kitabını latın qrafikası ilə yenidən nəşr etdirməsi Azərbaycan mədəniyyətinə öz töhfəsini vermiş oldu. Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Mütəfəkkir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində ümummilli lider 13 iyun 2000-ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd etmişdi. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan "Əxlaqi-Nasiri" kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanmışdır. Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Kitabın fars dilindən tərcümə edilərək təqdim edilməsi Heydər Əliyev Fondunu milli-mənəvi dəyərlərimizə olan münasibətin təzahürüdür.

Mədəniyyətimizə olan diqqətin təzahürünün davamı olaraq bu günlərdə Heydər Əliyev Fondu Şərq ölkələrində sevilən və məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir. Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış "Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəsilə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.

Belə bir dəyərlərin məcmusunun qeyri-xalqların ədəbiyyatına daxil edilməsi Azərbaycanın qədim mədəniyyəti, tarixi ilə onları tanış etmək və xalqımıza məxsus xüsusiyyətlərin təbliğinə təsirini göstərməkdədir. Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.

"Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini bir daha zənginləşdirmişdir. Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsil mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitablar buranın qonağı olan xarici dövlət nümayəndələrinə də Azərbaycan haqqında təsəvvür yaratmaq məqsədi daşıyır. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.

Belə əsrlərdən soraq gətirən nümunələr Azərbaycan tarixin saxtalaşdırmaq, ona müxtəlif donlar geyindirməyə çalışanların qarşısında bir çəpərdir. Tarixi sənədlər nə qədər geniş şəkildə təbliğ olunarsa, Azərbaycan tarixi də dünyaya bir o qədər faktlar, sənədlər əsasında təqdim olunar.

Fondun təkrar nəşr və tərcümə etdirdiyi hər iki əsər bədii gücü ilə yanaşı, Azərbaycan fikrini, elmini, mədəniyyətini, tarixini, adət və ənənələrini geniş ictimaiyyətə təqdim edən vəsait kimi əhəmiyyətlidir.


Nəzakət

Səs.- 2010.- 22 iyun.- № 109.- S. 3.