YUNESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "İlin qadını" elan edilmişdir
Qadın liderlərin ictimai birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "İlin qadını" elan edilmişdir. Sorğu qadınların IV Beynəlxalq konfransının 10 illiyinə həsr olunmuş BMT-nin 49-cu xüsusi sessiyasına hazırlıq çərçivəsində keçirilmişdir.
Sorğunun aparılması ilə əlaqədar yaradılmış ekspert şurasının Beynəlxalq Mətbuat Mərkəzində keçirilən iclasında onun nəticələri açıqlanmışdır. Milli Məclisin deputatı, Qadın Liderlər Birliyinin sədri Məlahət Həsənova bildirmişdir ki, ictimaiyyətin bu sorğuya marağı gözlənildiyindən də yüksək olmuşdur. Nəzərdə tutulurdu ki, respondentlərin sayı təxminən 1500 nəfər olacaq, lakin sorğuda 2246 adam iştirak etmişdir.
Azərbaycan Sosiologiya Assosiasiyasının prezidenti Rüfət Quliyev demişdir ki, sorğu sərbəst surətdə seçilmiş bölgələrdə üç metodika üzrə - anket sorğusu yolu ilə, mətbuat vasitəsilə və ekspertlərin rəyləri üzrə keçirilmişdir. Anketdə mədəniyyət, publisistika, ictimai-siyasi, elm, təhsil, idman sahəsində fərqlənmiş 35 qadının adı var idi.
İştirakçıların sayı bölgələr üzrə belə idi: Bakı - 415, Əli Bayramlı - 150, Gəncə - 103, Ucar - 99, Qazax - 100, Cəlilabad - 100, Sumqayıt - 100, Dəvəçi - 100, Şamaxı - 100, Naxçıvan - 89, Yevlax - 102, Tərtər - 100, Qax - 102 nəfər. Respondentlərin 51 faizini qadınlar, 48,6 faizini kişilər təşkil etmişlər. Sorğu iştirakçılarının əksər hissəsi (41,4 faiz) 35-49 yaş qrupuna aiddir. Respondentlərin sosial statusu belədir: işləyənlər - 52,8 faiz, təhsil alanlar - 18,5 faiz, pensiyaçılar - 8,9 faiz, evdar qadınlar - 12,4 faiz, işsizlər - 7,4 faiz.
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daha çox (74,7 faiz) səs toplayaraq, Azərbaycan qadınına xas öz yüksək əxlaqi keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə "İlin qadını" elan olunmuşdur.
Ekspert şurasının üzvləri Mehriban xanım Əliyevanı ümumxalq məhəbbətinə və dəstəyinə əsaslanan bu yüksək ada layiq görülməsi münasibətilə təbrik etmişlər.
İclasda həmçinin bildirilmişdir ki, qalibin, habelə ilk onluğa daxil olan şəxslərin mükafatlandırılması mərasimi yaxın günlərdə keçiriləcəkdir.
AzərTAc
2005, 18 fevral