Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu


“Muğam dəstgahları” layihəsi: bir daha şifahi musiqi irsinin qorunması və təbliğinə dair


Fevralın 18-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və YUNESKO-nun "Muğam dəstgahları" layihəsi çərçivəsində ilk muğam konserti keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, görkəmli musiqi xadimləri, muğam ustadları, xarici qonaqlar, dövlət və hökumət rəsmiləri iştirak etdilər. Konsert dinləyicilər tərəfindən alqışlarla, yüksək təəssüratla qarşılandı.

Dövlət Filarmoniyasının səhnəsində Azərbaycan muğamı hələ 1930-cu illərdən başlayaraq, bu konsert qurumu təmirə dayandığı son illərə qədər səslənib. Başqa sözlə, Dövlət Filarmoniyası XX əsr ərzində Azərbaycan muğamının və eyni zamanda xalq mahnı və rəqslərimizin ən çox səsləndiyi, ifa olunduğu konsert müəssisəsi olub. Filarmoniyanın səhnəsində XX əsrin bütün görkəmli muğam və xalq mahnı ifaçıları konsertlər veriblər, bu səhnədə ifaçılıq təcrübəsi, dinləyici alqışları və sənət şöhrəti qazanıblar. Bu baxımdan, Dövlət Filarmoniyasının təmir-bərpa olunaraq musiqi mədəniyyətimizə qaytarılması həm də ifaçılıq ənənələrinin, muğam konsertlərinin bərpası və yenidən musiqi həyatımıza qaytarılması deməkdir. Digər tərəfdən, "Muğam dəstgahları" layihəsi - 18 fevral konserti muğam-janrımızı bu səhnədə ifa etmiş bütün sənətkarların ruhu qarşısında, eyni zamanda muğamlarımızın tədrisi, elmi araşdırılması və nota yazılması işində ilk bünövrəni qoyan Üzeyir Hacıbəyovun, Bülbülün, Fikrət Əmirovun, Niyazinin... ruhları qarşısında böyük hörmət və ehtiram əlaməti kimi qiymətləndirilə bilər.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və YUNESKO-nun "Muğam dəstgahları" layihəsi haqqında bəzi fikirlərimi oxucularla bölüşdürmək istəyirəm. Birincisi, bu layihə ilk növbədə Azərbaycan şifahi musiqi irsinin, onun orijinallığının qorunması, muğam ənənələrinin yaşadılması və təbliği məqsədi daşıyır. Bu məqsəd, əlbəttə, milli maraqlara xidmət edən yüksək humanist bir məqsəddir.

Qeyd edim ki, şifahi musiqi irsinin qorunması və yaşadılması - müasir etnomusiqişünaslıq elminin ən aktual problemlərindən biridir. Təəssüflər olsun ki, ölkəmizdə hələ bu vaxta qədər Azərbaycan şifahi musiqi irsinin qorunması, saxlanması və yaşadılması probleminə həsr olunmuş elmi konfrans keçirilməyib. Halbuki müstəqillik əldə etmiş Azərbaycan xalqının şifahi musiqi mədəniyyətinin bugünkü və gələcək taleyi mütəxəssislər tərəfindən vaxtaşırı müzakirə edilməli, elmi mülahizələr, təklif və ideyalar ortaya qoyulmalı, elmi nəticələr müəyyənləşməlidir. Çünki şifahi musiqi irsinin qorunması, saxlanması və yaşadılması ciddi elmi yanaşma tələb edən problemdir. O cümlədən, qədim şifahi musiqi irsinin bərpası problemini də bu məsələlər sırasına daxil etmək lazımdır. Qədim maddi-mədəniyyət nümunələrinin bərpasına dair arxeologiya, memarlıq və musiqi alətşünaslığı özünün kifayət qədər metod və təcrübəsinə malikdir. Bəs qədim dövrlərin maddi olmayan musiqi incəsənətini, musiqi nümunələrini necə bərpa etməli? Bu suala mən "Folklorizm: termin, proses, problem" ("Musiqi dünyası" jurnalı, 2004, №3-4) məqaləmdə qismən cavab vermək istəmişəm. Lakin hesab edirəm ki, bu sahədə xarici ölkələrin də elmi təcrübəsini öyrənmək, ideya və təklifləri elmi şəkildə müzakirə etmək vaxtı çatmışdır. Odur ki, təklif edirəm: Azərbaycanda "Xalqların şifahi musiqi mədəniyyəti və müasirlik: saxlanma, təbliğat, bərpa, tədqiqat, əməkdaşlıq problemləri" mövzusunda beynəlxalq miqyaslı elmi-praktik simpoziumlar keçirilməsi məqsədəuyğun olar. Mütəmadi keçirilən bu beynəlxalq miqyaslı elmi-praktik tədbir yalnız Azərbaycanın, yaxud bir neçə şərq xalqının deyil, bütün dünya xalqlarının şifahi musiqisini əhatə etməlidir. Simpoziumlar vasitəsilə Azərbaycan bütün dünyada bu problemlə məşğul olan vahid elmi-mədəni məkana, vahid inteqrativ mərkəzə çevrilə bilər.

İkincisi, "Muğam dəstgahları" layihəsi Azərbaycan şifahi musiqi mədəniyyətinə göstərilən beynəlxalq marağın bilavasitə ifadəsidir, Azərbaycana bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində yaranmış beynəlxalq diqqət və maraq ilk növbədə ümummilli lider Heydər Əliyevin tarixi xidməti və nailiyyəti hesab olunur. Heydər Əliyev Azərbaycan mədəniyyətinin təbliği, dünyaya tanıdılması, ölkəmizin mədəni əlaqələrinin genişlənməsi istiqamətində çox uğurlu dövlət siyasəti aparmış və bu siyasət mədəniyyətimizin müasir dünyada öz layiqli yerini tuta bilməsinə, müxtəlif ölkələrdə Azərbaycan mədəni dəyərlərinə marağın durmadan artmasına, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasına, Azərbaycan haqqında beynəlxalq miqyaslı təsəvvürlərin müsbət yönümdə dəyişməsinə səbəb olmuşdur.

Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı üçün böyük fəxarətdir ki, Azərbaycan mədəniyyəti sahəsində ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasi kurs bu gün də layiqincə davam etdirilir. Xüsusilə xalqımızın böyük və zəngin tarixi-mədəni dəyəri olan, bəşər sivilizasiyasının ən möhtəşəm mədəni abidələrindən sayılan Azərbaycan muğamlarına dair beynəlxalq layihələr həyata keçirilir, muğamların orijinallığı qorunur, dünyada təbliğ edilir. Bu layihələr çərçivəsində keçirilən tədbirlərdə ölkə başçısı cənab İlham Əliyevin iştirakı belə bir faktı təsdiq edir ki, Azərbaycan şifahi musiqi mədəniyyətinə diqqət və qayğı dövlət səviyyəsində reallaşdırılır və dövlət milli musiqi mədəniyyətinin qorunması, yaşadılması, təbliği yönümündə siyasətin əsas müəllifi, əsas aparıcısı və tənzimləyicisidir. Etnomədəniyyətə dövlət tərəfindən diqqət və qayğı göstərilməsi, bu sahədə qanunvericilik aktlarının qəbul edilməsi, dövlət proqramlarının və beynəlxalq layihələrin həyata keçirilməsi isə milli maraqlar baxımından çox əhəmiyyətli siyasətdir.

Azərbaycan muğamına beynəlxalq marağın daim yüksələn xətlə inkişaf etməsi hal-hazırda muğam mədəniyyətinə biganə olmayan hər birimizin qarşısında belə bir konkret vəzifə qoyur:

Azərbaycanı bütün Yaxın, Orta və Uzaq Şərqin musiqi-inteqrasiya, musiqi-dialoq, musiqi-ünsiyyət mərkəzinə çevirək. Başqa sözlə, müasir Azərbaycan bütün dünyada şərq musiqisi "mərkəzi"nə çevrilmək şansına və imkanlarına malikdir. Bəs buna necə nail olmalı? Azərbaycanda ənənəvi şərq musiqi festivallarını, şərq musiqisi üzrə beynəlxalq elmi simpoziumları, şərq musiqisi ifaçılarının beynəlxalq müsabiqələrini təşkil etmək. Musiqişünas alimlərin və muğam ustadlarının yaxşı xatirindədir ki, sovet dönəmində 1978-ci ildən başlayaraq YUNESKO-nun xətti ilə Səmərqənddə, Daşkənddə beynəlxalq muğam simpoziumları keçirilirdi. Onu da xatırlatmaq istəyirəm ki, 1982-1990-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyasının) təşəbbüsü ilə SSRİ Ali və Orta Təhsil Nazirliyi bu konservatoriyada tələbə və aspirantların şərq musiqisi üzrə Ümumittifaq (SSRİ) elmi konfranslarını təşkil edibdir. Bu Şərq konfranslarının proqramları və tezisləri nəşr olunubdur. SSRİ respublikalarının konservatoriyalarından şərq musiqisini araşdıran tələbələr, aspirantlar və onların elmi rəhbərləri Bakıya gələrək, bu konfransların hər birində iştirak etmiş, məruzələrlə yanaşı, Azərbaycan xalq musiqisini də dinləmişlər.

İndi yeni tarixi şəraitdə yaşayan postsovet məkanında beynəlxalq muğam simpoziumlarını, yaxud beynəlxalq şərq musiqisi simpoziumlarını məhz Azərbaycanda bərpa etmək, yenidən təşkil etmək imkanları daha realdır.

Onu da xatırlatmaq istəyirəm ki, Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə SSRİ-də ilk dəfə 1984-cü ildə Bakıda "Şərq alətləri üzrə ifaçılıq müsabiqəsi" keçirilmişdir. Əlbəttə, o zaman bu müsabiqə yalnız "Sovet Şərqi"ni əhatə edirdi. Lakin ən əsası budur ki, Azərbaycan belə bir təcrübəyə malikdir və müasir dövrdə Azərbaycanda 3-4 ildə bir dəfə "Şərq musiqisi ifaçılarının beynəlxalq müsabiqəsi" keçirilə bilər.

Üçüncüsü, "Muğam dəstgahları" və bu qəbildən olan layihə-konsertlər milli musiqi irsimizə vətəndaş münasibəti formalaşdırmaq baxımından çox mühüm əhəmiyyət daşıyır. Məhz bu tədbirlərin keçirilməsi və həm də tez-tez keçirilməsi tarixlərdən bizə miras qalan doğma musiqi mədəniyyətinə qarşı əhalidə, xüsusilə gənc nəsildə vətəndaş münasibəti, təəssübkeş münasibət formalaşdırmaq, vətənpərvərlik hissləri tərbiyə etmək üçün çox vacibdir. Odur ki, təklif edirəm: bu layihələr çərçivəsində konsertlər yalnız Bakıda yox, həm də başqa şəhər və rayonlarda, məsələn, Gəncədə, Lənkəranda, Şəkidə, Əli Bayramlıda, Qubada da keçirilsin. Regionlarda, əyalətlərdə yalnız iqtisadiyyatı deyil, həm də ictimai-sosial əhval-ruhiyyəni, mədəni həyatı dirçəltmək çox vacibdir. Rayonlarda vaxtilə fəaliyyət göstərmiş folklor, xalq-özfəaliyyət kollektivlərinin bərpası və fəaliyyəti sahəsində, folklor-özfəaliyyət kollektivlərinin müsabiqə və festivallarının təşkili sahəsində xüsusi layihə həyata keçirilməsi, yaxud bu barədə xüsusi dövlət proqramı hazırlanması olduqca zəruri, aktual məsələdir. Həm də ona görə ki, yerlərdə folklor, xalq-özfəaliyyət kollektivləri lazımi səviyyədə fəaliyyət göstərə bilsələr, bu, Azərbaycan şifahi musiqi irsinin bərpası, qorunması və təbliği işinə də çox kömək göstərmiş olar.

Dördüncüsü, şifahi musiqi irsi yalnız muğamlardan ibarət deyil. Təəssüf ki, şifahi musiqi irsinin qorunması və təbliği məsələlərindən danışılanda, daha çox muğam musiqisinə yer ayrılır. Belə bir tendensiya isə yəqin ki müəyyən vaxtdan sonra "dalan"a yol aça bilər. Hesab edirəm ki, YUNESKO-nun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Azərbaycan şifahi musiqi irsinə maraq və qayğısı aşıq musiqisinə, xalq mahnılarına, musiqi alətlərinə, instrumental xalq musiqisinə, milli rəqs mədəniyyətinə, qədim mərasimlərə və mərasim musiqisinə, arxivlərdə qalmış musiqi irsinə də istiqamətlənsə, bu, xalqımızın ürəyincə olar.

Bu kontekstdən çıxış edərək, bir məsələyə toxunmaq istəyirəm. Bakıda Azərbaycan xalq çalğı alətləri muzeyi fəaliyyət göstərsə də, bu muzey gözəgörünməz bir yerdədir, onun girişi isə dalanda yerləşir (inanıram ki, bir çox musiqiçilər, ziyalılar bu muzeyin mövcudluğundan, yaxud harada yerləşməsindən bixəbərdirlər). Ən acınacaqlısı budur ki, muzeyin ekspozisiyası cəmi bir darısqal otaqdan ibarətdir və burada Azərbaycan musiqi alətlərinin heç yarısı da nümayiş etdirilmir. Yaxşı olardı ki, müasir muzey standartlarına uyğun yeni binada "Azərbaycan milli musiqi alətləri muzeyi" yaradılsın. Belə bir muzey maddi və qeyri-maddi mədəniyyətimizin çox qədim və zəngin dəyərləri olan musiqi alətlərimiz haqqında geniş miqyaslı informasiya verə bilər. Xarici qonaqlarımızın belə muzeylə tanışlığı Azərbaycanın qədim və zəngin mədəniyyəti haqqında beynəlxalq ictimaiyyətin təsəvvürünü genişləndirər. Xüsusilə Azərbaycan milli musiqi alətlərinin "erməni musiqi alətləri", "Qafqaz musiqi alətləri" kimi təbliğ olunduğu bir vaxtda bu məsələnin həlli çox böyük mədəni və siyasi əhəmiyyət daşıyır.

Xarici ölkələrdə, Bakıda və rayon mərkəzlərində hökumət və qeyri-hökumət strukturlarının birgə əməkdaşlığı ilə "Azərbaycan Muğam Evi"nin yaradılması da məqsədəuyğun olar. "Muğam Evi" Azərbaycan xalq musiqi mədəniyyətinin ifa və təbliğ olunduğu mədəniyyət mərkəzi funksiyasını yerinə yetirə bilər.

Mətbuatın verdiyi imkandan istifadə edib, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bütün ziyalıların və elmi ictimaiyyətin ürəyindən olan bir xahişimi də çatdırmaq istəyirəm: Azərbaycanda hər il (və yaxud iki ildə bir dəfə) "Qarabağ: tarix və mədəniyyət" mövzusunda beynəlxalq elmi simpozium keçirilsin, simpoziumun proqramına Azərbaycan xalq musiqisindən ibarət etnoqrafik konsert daxil edilsin.


Ariz Abduləliyev,
Bakı Musiqi Akademiyasının etnomusiqişünaslıq ixtisası müəllimi

Yeni Azərbaycan.- 2005.- 22 fevral.- № 34.- S. 6.