Mehriban Əliyevaya Xoşməramlı səfir diplomu təqdim edildi
YUNESKO Azərbaycanın birinci xanımının mədəni irsin qorunması sahəsindəki xidmətlərini yüksək qiymətləndirir
Dünən Fransada Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri diplomu təqdim edilib. Bu məqsədlə təşkil olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Əvvəlcə YUNESKO-nun rəhbəri danışaraq M. Əliyevaya xoşməramlı səfir adının verilməsini həm YUNESKO, həm də Azərbaycan üçün mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, M. Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda musiqi mədəniyyətinin inkişafı sahəsində çox ciddi irəliləyişlər əldə olunub. Onun xüsusilə də muğam və aşıq yaradıcılığının qorunması sahəsindəki xidmətlərini yüksək dəyərləndirən qurum rəhbərinin fikrincə, M. Əliyeva bu işləri görməklə həm Azərbaycanda, həm də ümumilikdə Cənubi Qafqazda mədəni irsin qorunmasına böyük töhfə verib.
Xoşməramlı səfir diplomu və pasportunun təqdimatından sonra M. Əliyeva çıxış edərək bildirib ki, onun əsas məqsədi dünya mədəniyyətinin unikallığını qorumaq, keçmiş və bu gün, mədəniyyətlər arasında əlaqə yaratmaqdan ibarətdir. “Azərbaycan Şərq və Qərb arasında bir körpüdür” deyən M. Əliyeva onu da vurğulayıb ki, ölkəmiz mədəniyyətlər arasında dialoq qura bilər. Onun qənaətincə, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda mədəni irsin qorunması xüsusi aktuallığa malikdir. M. Əliyeva xoşməramlı səfir adına layiq görülməsini YUNESKO-nun öz prinsiplərinə sadiqliyi kimi qiymətləndirib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlət rəhbəri bildirib ki, Azərbaycan nümayəndəsinin xoşməramlı səfir adına layiq görülməsi çox mühüm bir hadisədir. Onun sözlərinə görə, bu, Azərbaycan-YUNESKO əlaqələrinin güclənməsinə imkan yaradacaq. Azərbaycan Prezidenti mədəni irsin qorunması ilə bağlı həyata keçirilən layihələrin müsbət effektini diqqətə çatdırıb. Onun fikrincə, bu istiqamətdə ortaya qoyulan fəaliyyət beynəlxalq aləmdə də öz təsirini göstərəcək. Prezident Mehriban Əliyevanın fəaliyyətinə yüksək qiymətin verilməsinə çox sevindiyini və onun bu vəzifənin öhdəsindən gələcəyinə əmin olduğunu vurğulayıb.
Şərq.- 2004.- 5 oktyabr.- № 194.- S. 5.