Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Fransaya səfəri


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 2-də Fransa Senatının sədri Kristian Ponsöle ilə görüşmüşdür.

Senatın binası önündə Mehriban xanımı qarşılayan cənab Kristian Ponsöle Parisdə onunla yenidən görüşməsindən böyük məmnunluq duyduğunu vurğulamışdır.

Sonra Senatın sədri ilə Mehriban Əliyevanın görüşü olmuşdur. Cənab Kristian Ponsöle Senatın dəvətini qəbul etdiyi üçün Mehriban xanıma minnətdarlıq etmiş, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin son dövrdə daha da inkişaf etməsindən razı qaldığını bildirmişdir. O, Prezident İlham Əliyevin bu ilin yanvarında Fransaya dövlət səfərini xatırladaraq demişdir ki, hazırda iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr çox sürətlə inkişaf etməkdədir.

Kristian Ponsöle Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu xüsusi vurğulamışdır.

Mehriban Əliyeva dövlətimizin başçısının ən xoş arzularını Senatın sədrinə çatdırmış, Azərbaycan Prezidentinin iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu söyləmişdir.

Daha sonra Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətindən danışmış, son vaxtlar Azərbaycanın YUNESKO ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini, müxtəlif layihələrin həyata keçirilməsində qurumla yaxşı əlaqələr yaradıldığını xatırlatmış, bu əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi üçün bütün səylərin davam etdiriləcəyini bildirmişdir.

Azərbaycanın birinci xanımı cənab Ponsöleni ölkəmizə səfərə dəvət etmişdir. Senatın sədri dəvəti məmnunluqla qəbul etmiş və yaxın vaxtlarda ölkəmizə gələcəyini demişdir.

Senatın Fransa-Qafqaz qrupunun sədri Ambruaz Düpon görüşdə iştirak etmişdir.

Görüşdən sonra Kristian Ponsöle Mehriban xanım Əliyevanı Senatın binasının tarixi, ayrı-ayrı salonları, keçmiş tarixdən xəbər verən əşyalarla, parkla tanış etmiş, dünyanın müxtəlif ölkələrindən gətirilərək parkda əkilmiş gül və bəzək kolları, nadir ağac növləri barədə məlumat vermişdir.

Senatın binası ilə tanışlıqdan sonra Kristian Ponsöle Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirmiş, Azərbaycanın birinci xanımının şərəfinə ziyafət vermişdir.


AzərTAc
2007, 2 aprel