Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Günəş ucalığı - ana ünvanı


İnsanlığın şərəfi, ucalığı, ülviliyi sayılan qadın ulu varlıqdır. Aliliyin, aqilliyin zirvəsində dayanan qadın haqqında Məhəmməd (S) peyğəmbərin "Cənnət anaların ayaqları altındadır" fikri çox mənalı mətləblərdən xəbər verir. Bəlkə də buna görə Hüseyn Cavid "Qadın Günəş, cocuq Ay"dır deyirdi. Bu gün hürriyyətinə sahib çıxmış Azərbaycan qadını həyatın müxtəlif sahələrində fədakarcasına çalışmaqdadır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır".

Bakıda Azərbaycan qadınının azadlıq rəmzi olan məşhur bir heykəl var. Çadrasını başından atan bu qadın sanki qara fikirlərə, nadanlığa meydan oxuyaraq üzünü işıqlı səhərlərə, xoş gələcəyə tutub. Bu, azad Azərbaycan qadınının abidəsidir. Savadsızlığın, avamlığın, geriliyin hökm sürdüyü zamanlarda millətin aydın fikirli, işıqlı insanları, ziyalıları xalqı maarifləndirmək üçün ilk növbədə çalışırdılar ki, bu ləyaqətli missiyanı yerinə yetirmək üçün qadınlar mütləq təhsil alsınlar. Bunun üçün də hər cür mübarizə yoluna qədəm atırdılar. Gah qəzet, jurnal çap edirdilər, gah məktəb açırdılar, gah teatr "çıxardırdılar", gah da özgə millətin ziyalı xanımı ilə evlənirdilər ki, bəlkə bizimkilərin gözləri açılsın.

Doğrudur, oktyabr inqilabına qədər Azərbaycanın varlı ailələrində bu problem o qədər də çətin həll olunmurdu. Valideynlər xarici ölkələrdən dayələr gətirərək həm övladlarının tərbiyəsi ilə məşğul olmasını, həm də savadlanmasını təmin edirdilər. Bəzən deyirlər ki, inqilaba qədər Azərbaycanda savadlı qadın olmayıb. Bu, tamamilə yanlış fikirdir. Əlbəttə, bütün əhalinin kütləvi surətdə savadlanması sovet dövründə həyata keçirilib. Amma...

Tarixin unudulmuş səhifələri başqa həqiqətləri söyləyir. Azərbaycanın çox cəsur, kişi qeyrətli, qəhrəman, diplomat, savadlı, duyumlu xanımları olub. Xanların, bəylərin çoxunun xanımı geniş dünyagörüşünə malik, savadlı, hazırcavab, mərd insanlar kimi tanınıblar. Onların adlarını yazsaq, uzun bir siyahı alınar. Quba hakimi Fətəli xanın ömür-gün dostu Tutu Bikə XVIII əsrin məşhur dövlət xadimlərindən biri olub. General Əliağa Şıxlinskinin sevimli həyat yoldaşı Nigar xanım tibb işçisi kimi fəaliyyət göstərib. Mədəniyyətimizin tərəqqi etməsində Azərbaycan qadınlarının rolu böyükdür. Sinəsi bayatılı, əli Quranlı, dili dualı nənələrimizi demirik. Biz savadlı, təhsilli, istedadlı, Azərbaycan ədəbiyyatında, tarixində, mədəniyyətində yeri olan xanımların adlarını çəkirik: XII əsr poeziyasının görkəmli nümayəndəsi Məshəti Gəncəvi, Füzuli ədəbi məktəbinin davamçısı Heyran xanım, Xan qızı Natəvan, bibisi Ağabəyim Ağa, 500-ə yaxın şeir və qəzəli ilə Azərbaycan ədəbiyyatında mühüm yer tutan Fatma xanım Kəminə və başqaları.

Azərbaycanda qızlar üçün məktəb açılmasının ilk təşəbbüskarı görkəmli maarifçi Cəlil Məmmədquluzadə olub. O, 1893-cü ildə Nehrəm məktəbində müdir işləyəndə qızlar sinfi açıb. Bu cəsarətli işin davamı olaraq bir il sonra Şəkidə qızlar sinfi açılıb. 1901-ci ildə isə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk müsəlman qız məktəbi açılıb. Həmin dövrdə Tiflisdə də Azərbaycan qız məktəbinin açılmasına təşəbbüs göstərilmişdi. Diqqətçəkən budur ki, məktəbi açmağı qarşılarına məqsəd qoyan Tiflis qız gimnaziyasını bitirmiş 3 müsəlman xanım olub. Bakıda qızlar üçün məktəb açılmamışdan çox əvvəl, hələ 1850-ci ildə qədim oğuz yurdu İrəvanda müsəlman qızlar məktəbi fəaliyyət göstərirdi. Bu fakt özü maraqlıdır. Əlbəttə, o dövrdə belə məktəblərdə adətən varlı ailələrin qızları təhsil alırdılar.

Azərbaycanın bir çox bölgələrində qadın xeyriyyə cəmiyyətləri fəaliyyət göstərərək qızların təhsilə cəlb olunmasına kömək edirdilər. Bu işdə milyonçuların xanımları xüsusi fəallıq göstərirdilər. Murtuza Muxtarovun ömür yoldaşı Liza xanım Muxtarova zadəgan ailəsində böyüdüyündən, mükəmməl təhsil gördüyündən Azərbaycanın maarifpərvər xanımları ilə birlikdə çalışaraq qızların savadlanmasına səy göstərirdi. Ən nümunəvi qadın ocaqlarından birinin də yaradıcısı məhz o olmuşdu.

Xarici ölkədə ilk ali təhsil alan qadın Şövkət Məmmədova olmuşdur. Onun Milanda peşəkar musiqi təhsili almasına maddi dəstəyi Hacı Zeynalabdin Tağıyev boynuna götürmüşdü. Azərbaycanın ilk maarifpərvər qadınlarından biri Mina xanım Talışinskaya olub. Xanımların maariflənməsi yolunda çox fədakarlıq göstərmiş bu xanım, təəssüf ki, az yaşayıb. Musiqi təhsili almış ilk pianoçu qadınlardan biri Nəzirə Yaqubova idi.

Həsən bəy Zərdabinin və onun ömür-gün yoldaşı Hənifə xanımın Azərbaycan qadınlarının maariflənməsində əvəzsiz xidmətləri olub. 1930-cu ildə Bakıda birinci rus-tatar qız məktəbi açılıb. Hənifə xanım həmin məktəbdə pedaqoji fəaliyyət göstərib. Qızların savadlanmasında müəllim kimi fəaliyyət göstərən Səkinə Axundzadə ilk azərbaycanlı yazıçı qadındır.

Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir 1912-ci ildə Tiflisdə keçirilən qurultayda məruzə ilə çıxış edən ilk azərbaycanlı qadın idi. Bir müddət Mirzə Cəlillə bərabər İranda yaşamağa məcbur olduqda Həmidə xanım Təbrizdə qadınlar üçün qız məktəbi açmaq fikrinə də düşüb. Nəriman Nərimanovun köməyi ilə geriyə çağırıldıqları üçün bu iş yarımçıq qalıb.

Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yeri olan Şəfiqə xanım Əfəndizadə həm ilk maarifpərvər pedaqoq, həm də publisist yazıçı kimi fəaliyyət göstərib. 1910-cu ildə Bakıda ikinci rus-tatar qız məktəbi açılanda Şəfiqə xanım orada dərs deyib. İlk maarivpərvər xanımlardan sayılan Xədicə xanım Ağayeva 1902-ci ildə Daşkənddə qızlar gimnaziyasını bitirmişdi. Uzun müddət Bakıda pedaqoji fəaliyyətlə məşğul olub. Qadınların savadlanmasında kişilərlə bərabər Azərbaycan xanımlarının özləri daha çox fədakarlıq göstəriblər: Xurşud Ağayeva, Rəhilə Hacıbababəyova, Sürəyya Vəlibəyova, Zəhra Ağayeva, Tamara Axundova və başqaları.

1910-cu ildə Bakıda üçüncü rus-tatar qız məktəbi açıldı. Eyni zamanda təkcə Bakıda deyil, İrəvanda, Naxçıvanda, Gəncədə, Şamaxıda belə məktəblərin sayı getdikcə artırdı. Xalq Cümhuriyyətinin 23 aylıq dövründə də qadınların təhsilinə diqqət verilirdi. Təəssüf ki, Sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə əlaqədar baş alıb gedən tuthatutlar, repressiyalar bu ziyalıların qətli, sürgünü ilə nəticələndi. Təzyiqlərdən, təqiblərdən qurtulmuşlar isə dünyanın müxtəlif ölkələrinə səpələndilər. Biz kökümüzdən üzülərək suya salınmış şitil kimi böyüdük. Bizə elə gəldi ki, Azərbaycan qadınına azadlığı və təhsili ancaq sovet hökuməti verib.

Əlbəttə, Həyat davam edirdi.

Sovet quruluşunun bütün qüsur və nöqsanlarını təkcə bir məsələyə verdiyi önəmə görə bəlkə də bağışlamaq olar. Bu da təhsilin icbari olması, nəinki şəhərlərdə, rayon mərkəzlərində, hətta kəndlərdə məktəblərin açılması hamının kütləvi surətdə savadlanmasına yönələn islahatların həyata keçirilməsi idi. Xüsusilə də imkansız ailələrin pulsuz təhsil alması, orta məktəb bitirməsi, ali məktəbdə oxuması geniş vüsət aldı. Aparılan statistik hesablamalar göstərir ki, bütün müsəlman dövlətləri arasında ziyalı xanımlarının sayına görə Azərbaycan birinci yerdə durur. Umnisə Musabəyova, Sona Axundova, Məhbubə Mahmudbəyova, Zərifə Əliyeva, Sara Aşurbəyli, Leyla Məmmədbəyova, Əzizə Cəfərzadə, Mədinə Gülgün, İzzət Orucova, Nigar Rəfibəyli, Validə Tutayuq, Püstəxanım Əzizbəyova, Səidə İmanzadə, Şükufə Mirzəyeva, Əzizə Məmmədova, Sona Hacıyeva, Fatma Qədri, Hökumə Qurbanova, Mirvarid Dilbazi, Zəhra Quliyeva kimi alim, həkim, pedaqoq, təyyarəçi, şair, yazıçı və mədəniyyət xadimləri yetişdi.

Ümummilli lider Heydər Əliyev 1974-cü ildə deyirdi: "Həyatın özü, bizim təcrübəmiz sübut etmişdir ki, qadınların başçılıq etdikləri müəssisələr, kolxozlar, idarələr bir qayda olaraq qabaqcıllar sırasında gedir. Bunlarda səliqə-sahman daha çox olur, əmək intizamının pozulması halları da azdır". Bəlkə də elə buna görə qadınların müxtəlif vəzifələrə irəli çəkilməsinə daha çox diqqət verilirdi. Ali məktəb rektoru, zavod, fabrik direktoru, baş həkim, deputat, nazir və digər vəzifələrdə çalışan xanımlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlirdilər. Heydər Əliyevin uzaqgörən siyasətinin ifadəsi olaraq Azərbaycan qadınının maddi və mənəvi problemlərinin bütün tərəfinə işıq salınırdı.

Ötən əsrin sonlarında ermənilərin torpaq iddiası ilə əlaqədar başladıqları ədalətsiz müharibənin və ölkəni bürümüş hərc-mərcliyin ağrı-acıları qadınların da həyatından izsiz keçmədi. Onlar üçrəngli bayrağımızın yenidən qaldırılması üçün hürriyyət uğrunda savaşa qalxdılar.

Rahatlığını itirmiş Azərbaycan qadını yeni bir dərdlə üz-üzə dayandı. Dünyanın ən xoş sözünə, tərifinə, təltifinə layiq olan xanımlarımız bədnam qonşularımızın törətdiyi vəhşiliklər nəticəsində qaçqın və məcburi köçkünə, didərginə çevrildi. Doğma el-obasını itirənlər çadırlarda, yataqxanalarda, vaqon və uçuq komalarda məskunlaşdılar. Həcər qeyrətli, Nüşabə qüdrətli, Nigar düşüncəli qızlarımız vətən torpağı uğrunda döyüşə atıldılar. Azərbaycanın Milli Qəhrəmanları sırasına onların da adı yazıldı: Salatın Əsgərova, Gültəkin Əsgərova. Düşmən əlinə keçməmək üçün özlərini qaya başından uçuruma atan kəlbəcərli xanımların ucalığı və böyüklüyü qarşısında söz tapa bilmirsən.

1990-cı ilin 20 Yanvarında sovet ordusunun qətlə yetirdiyi Azərbaycan xanımlarının narahat ruhları hələ də başımızın üstündə dolanmaqdadır. Bu ağır və üzücü zamanda yenə də millətin harayına yetişən, onun ağılarına ümid notları qatan Heydər Əliyev oldu. 1994-cü ildə imzalanan atəşkəs sazişinə əsasən kütləvi surətdə şəhidlərin olmasına son qoyuldu.

Heydər Əliyevin Azərbaycan qadınlarının hüquqlarının qorunmasını, azadlıq arzularının təminatçı olmasını bir fakt daha çox təsdiqləyir. Bu, 1995-ci ildə ulu öndərin imzaladığı fərmana əsasən BMT-nin "Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulmağımızdır. Heydər Əliyev Azərbaycan qadınlarının qayğıkeşi, himayədarı idi. 1998-ci ildə ümummilli liderin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" sərəncam imzalandı.

Dövlət Qadın Komitəsinin yaradılması həyatın zərurəti idi. Ölkə tərəqqi etdikcə, qadınların fəaliyyət miqyası genişləndikcə müəyyən problemlərin də olması labüddür. Bu səbəbdən də komitənin fəaliyyətini daha da genişləndirmək, işinin istiqamətini dürüstləşdirmək üçün Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncama əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Hürriyyət uğrunda çarpışaraq azadlığın tikanlı yollarında qorxmadan addımlayan Azərbaycan qadını üçrəngli bayrağımızı başı üzərinə qaldıraraq inamla gələcəyə üz tutub. Bilir ki, cəmiyyətimizin ən gözəl, ən güclü hissəsini özü təşkil edir.

Bu gün Azərbaycan qadınının səsi beynəlxalq aləmdən - Avropa Şurasından gəlir. Beynəlxalq idman yarışlarında, Olimpiadalarda azərbaycanlı xanımlar qızıl medallar qazanır. Azərbaycan qadını uzaq Pakistanda müsəlman qızları üçün məktəb tikdirir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi şərəfə nail olur.

Yazını ümummilli liderin bir fikri ilə tamamlayırıq: "Mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapmayacaqsınız".


Flora Xəlilzadə

Azərbaycan.- 2007.- 8 mart.- № 54.- S. 6.