Humanizmə və insanpərvərliyə əsaslanan məhkəmə-hüquq islahatları
Hər bir xalqın müstəqillik, istiqlal, azadlıq istəyi onun bu ideallara qovuşmaq əzmi ilə qərarlaşır və real məzmun kəsb etməyə başlayır. Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin 1918-ci il mayın 28-də məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların məhz bu dövlətdə praktik həyata vəsiqə alması xalqımızın zəngin mənəvi aləmə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.
Cümhuriyyət dövründə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, milli ordunun, hüquq-mühafizə və təhlükəsizlik strukturlarının formalaşdırılması Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.
Milli hökumətə rəhbərlik edən ziyalılar hələ o dövrdə hüquqi dövlətin formalaşdırılması baxımından ədliyyə orqanlarının yaradılmasını da vacib saymış, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişlər. Təsadüfi deyildir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu bir tarixi gündə - 28 may 1918-ci ildə Ədliyyə Nazirliyi təsis edilmiş, noyabrın 14-də Azərbaycan məhkəmə palatasının, 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur.
XX əsrin əvvəllərində müstəqillik qazanmış Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblər üzündən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: cəmi 23 ay mövcud olmuş ilk demokratik quruluşlu milli dövlətimiz xarici hərbi müdaxilə nəticəsində süquta uğrasa da, tarixi fakt, çağdaş prinsiplərə söykənən milli dövlətçilik ənənələrinin başlanğıc nöqtəsi kimi Azərbaycan xalqının yaddaşından heç zaman silinməmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərin əvvəllərindən başlaması isə fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bilavasitə bağlıdır. XX əsrdə dahi şəxsiyyət Heydər Əliyev Cümhuriyyətin süqutundan sonra azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Ötən əsrin 70-80-ci illərində formalaşmış möhkəm iqtisadi-siyasi, hüquqi, mədəni-intellektual zəmin üzərində 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi böhran və məhrumiyyətlərlə üzləşmiş, hüquqi, demokratik dövlətə qovuşmaq arzusunu reallaşdıra bilməmişdir. 1993-cü ilin iyun ayınadək respublikada hərc-mərclik, xaos və anarxiya mühiti, hakimiyyət boşluğu hökm sürür, insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququ pozulurdu. Bu acınacaqlı vəziyyətin aradan qaldırılması yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi, hüquq sistemində də köklü islahatların reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiya demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir.
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusunun 60 faizi təzələnmişdir. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir.
Xüsusi vurğulamaq istərdik ki, ümummilli lider Heydər Əliyev cəzanın adekvatlığı və humanistliyi məsələlərinə də diqqətlə yanaşmış, bu məqsədlə hüquq-muhafizə orqanlarında yeni dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasını daim nəzarətdə saxlamışdır. Onun təşəbbüsi ilə respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulmuşdur. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmişdir.
Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.
Xatırlatmaq yerinə düşər ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3000-dən çox məhkuma şamil edilmişdir. Ulu öndər eyni zamanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirmişdir.
Cinayət-hüquqi mənada amnistiya dedikdə, ali dövlət hakimiyyəti orqanının törədilən cinayətə görə cəza müəyyən edən cinayət qanununu ləğv etməyən və dəyişdirməyən; məhkəmənin konkret cinayət işi üzrə çıxarılmış hökmünü etibarsız saymayan; onun qanuniliyini və əsaslılığını şübhə altına qoymayan; cəzadan tamamilə və ya qismən azad edən; məhkəmə tərəfindən təyin olunmuş cəzanı daha yüngül cəza növü ilə əvəz edən, yaxud da başlanmış cinayət tətbiqinə xitam verən; əgər belə təqib hələ başlanmamışdırsa, onun başlanmasını istisna edən normativ-hüquqi akt başa düşülür. Amnistiya humanizm və mərhəmət hissinin mücəssəməsi olub, sadəcə, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-ci illərdə 7 amnistiya haqqında qanun imzalamış, 21 mindən çox məhkum azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma şamil edilmişdir.
Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və davamçı yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları yüksək humanizm və insanpərvərlik prinsiplərinə söykənir.
Əhalinin müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə son illər regionlarda 20-dək məhkəmələrin — apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələrin formalaşdırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Bu islahatlar, şübhəsiz, regional inkişaf proqramları ilə paralel surətdə reallaşdırılmışdır və məqsəd regionlarda yaşayan əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətini yüksəltməkdir.
Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin, hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir.
Ötən illərdə məhkəmələr üçün yeni binaların inşası, onların maddi-texniki bazasının, iş şəraitinin əsaslı dərəcədə yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı da bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaratmışdır. Sərəncam “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan vermişdir.
Dünya Bankı tərəfindən dəstəklənən “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” çərçivəsində Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərinin Yasamal, Sabunçu, Gəncə şəhərinin Nizami, habelə Gədəbəy, Oğuz, Şəki rayonlarının məhkəmələri üçün müasir binalar inşa olunmuşdur. Xüsusi vurğulamaq istərdik ki, gələcəkdə Sumqayıt Apellyasiya Məhkəməsi üçün də belə müasir binanın tikintisi nəzərdə tutulmuşdur. Yeni məhkəmə binalarında hakimlərlə vətəndaşların birbaşa ünsiyyətin məhdudlaşdırılması şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə baxımından mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.
Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev son 13 ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini də uğurla təmin etmişdir. Hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyətilə sübuta yetirmiş dövlət başçısı bu və digər səbəblərdən cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmır: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, qeyri-hökumət təşkilatlarının, İnsan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir-birinin ardınca əfv fərmanı imzalayır. Azərbaycan Prezidenti İlham Əliyev bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır.
Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi də Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva üzərinə götürdüyü xoşməramlı və məsuliyyətli missiya ilə həm də insan hüquqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir. Heydər Əliyev Fondunun Prezidenti və Milli Məclisin deputatı kimi ictimaiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafı və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verir. Özünün də qeyd etdiyi kimi, Fondda hər bir vətəndaşın müraciətinə böyük diqqət və həssaslıqla yanaşılır, onların problemlərinin həllinə mümkün qədər yardım göstərilir. Bu həm də Heydər Əliyev Fondunun vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən sanballı və nüfuzlu ictimai təşkilat olduğunu göstərir.
Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son 10 ildə 4 amnistiya aktının qəbulu faktı da xüsusi vurğulanmalıdır. Milli Məclisin 2016-cı il mayın 20-də keçirilən iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu “28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar yekdilliklə dəstəklənərək qəbul olunmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, Cümhuriyyətin yaranmasının 98-ci ildönümünə həsr olunmuş bu amnistiya aktı irs-varislik əlaqələrinə böyük hörmət və ehtiramın nümunəsi kimi cəmiyyətdə yüksək dəyərləndirilmişdir.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Bundan başqa, amnistiya aktına əsasən, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır. İyunun 15-dən tətbiqinə başlanılacaq amnistiya aktı minlərlə ailəyə böyük sevinc bəxş edəcəkdir.
Sonda onu da vurğulamaq istərdik ki, ölkəmizdə humanizmə və insanpərvərliyə söykənən siyasəti təmin edən əsas amillərdən biri də, şübhəsiz, məhkəmələrin müstəqilliyinin təmin edilməsi və dövlət adından çıxarılan məhkəmə qərarlarının qanunlara əsaslanmasıdır. Azərbaycan qanunvericiliyinə əsasən, məhkəmələr dövlət adından qətnamə qəbul edərkən cəzanı yüngülləşdirən halları maksimum dərəcədə nəzərə alırlar. Həbsdən çıxmış məhkumların reabilitasiyası istiqamətində atılan addımlar isə onların dövlətə olan inamını, etimadını, eyni zamanda qanun qarşısındakı məsuliyyətini artırmalıdır.
Təqdirəlayiq haldır ki, son 13 ildə ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində inamlı tədbirlər həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsipini daim önə çəkir. İnanırıq ki, məhkəmə hakimiyyətinin fəaliyyətinin daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini və səmərəliliyini təmin edəcək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının tam bərqərar olmasına geniş imkanlar açacaqdır.
Səadət Bəktaşi,
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
Respublika.- 2016.- 26 may.- № 113.- S. 5.