Heydər Əliyev Fondunun vəsaiti hesabına Kürdəmirdə 30 sinif otağı tikilir
Kürdəmir Rayon Təhsil Şöbəsi və pedaqoji kollektivlər yola saldığımız dərs ilini şagirdlərin təlim-tərbiyəsi, müstəqil respublikamızın layiqli vətəndaşı kimi həyata hazırlanması sahəsində yüksək uğurlarla başa vurmuşlar. Başlıca diqqət, hər şeydən əvvəl, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Bilik gününün təsis edilməsi", "Təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı proqramı"nın təsdiq edilməsi barədə tarixi fərman və sərəncamlarda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə, tədris prosesində yeni metod və təlim texnologiyalarının tətbiqinə yönəldilmişdir.
Ümumiyyətlə, ötən dərs ilində rayonun 57 ümumtəhsil məktəbində 40 orta, 14 əsas, 3 ibtidai məktəbdə 20377 nəfər şagird təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 1687 müəllim və pedaqoji işçi məşğul olmuşdur. Bundan başqa, rayonda 11 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Ölkə Prezidentinin yuxarıda adını çəkdiyimiz fərman və sərəncamlarının uğurla həyata keçirilməsi məktəblərin və digər təlim-tərbiyə müəssisələrinin maddi-tədris bazasından, yeni sinif otaqlarının, məktəb binalarının tikilib istifadəyə verilməsindən çox asılıdır. Bu gün biz tam razılıq və minnətdarlıq hissi ilə bildiririk ki, region-ların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikamızda olduğu kimi, rayonumuzda da müvəffəqiyyətlə həyata keçirilir. Son vaxtlarda Şilyankənd orta məktəbində 9 əlavə sinif otağı, şəhər 3 saylı, Bağman, Çöhranlı kənd məktəblərinin hər birində 3 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Yenikənd orta məktəbində 6 sinif otağının tikintisində də işlər sürətlə davam etdirilir.
Yeri gəlmişkən, bir məsələ üzərində xüsusilə dayanmaq istəyirəm. Mən bir təhsil işçisi kimi, respublikada yeni məktəb binaları və digər sosial əhəmiyyətli binaların inşa edilməsi sahəsində gördüyü böyük işlərə, əsaslı və məqsədyönlü tədbirlərə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür və minnətdarlığımızı bildirirəm. Heydər Əliyev Fondunun bilavasitə yardımı ilə hazırda rayonumuzun müxtəlif məktəblərində 30 əlavə sinif otağının tikintisi sürətlə davam etdirilir.
Karrar, Beyi və Sovla kəndlərindəki məktəblər təxminən yarım əsr bundan əvvəl çiy kərpicdən inşa edilmişdi. Uçmaq təhlükəsi altında olan həmin binalarda dərs keçmək, demək olar ki, mümkün deyildi. Yaranmış ağır vəziyyəti aradan qaldırmaq üçün Heydər Əliyev Fondunun vəsaiti hesabına Karrar kəndində 12, Beyi kəndində 10, Sovla kəndində 8 əlavə sinif otağının tikintisinə başlanılmışdır. İnşaat işlərini "Göyçaykəndtikinti" İdarəsi aparır. Bütün diqqət və səylər ona yönəldilmişdir ki, həmin məktəblər yeni dərs ilində istifadəyə verilsin.
Bundan başqa, 2005-2006-cı dərs ilinə hazırlıqla əlaqədar "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onlarla əlavə sinif otağının, o cümlədən Böyük Kəngərli, Söyüdlər kəndlərində müvafiq olaraq 192 və 100 yerlik y eni məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur.
Əlbəttə, bütün bunlar çox yaxşıdır. Ancaq nəzərə almaq lazımdır ki, yüksək son nəticə təhsilin keyfiyyəti, şagirdlərin mənəvi və fiziki hazırlıq səviyyəsi ilə ölçülür. İşimizi bu tələblər baxımından təhlil edərkən deməliyik ki, son illər göstəricilərimiz xeyli artmışdır.
Məsələn, keçən il respublikamızın ali məktəblərinə imtahan vermiş şagirdlərdən 8 nəfəri 500-dən artıq, 3 nə-fəri isə 600-dən artıq bal toplamışdır. Ali məktəblərə qəbul sahəsində şəhər 1, 2, 6 saylı, Atakişili, Venıkənd, Dəyirmanlı, Axtaçı kənd orta məktəblərinin məzunları daha yaxşı nəticələrə nail olmuşlar.
Keçən dərs ilində ali təhsil müəssisələrində qəbulun yekunları rayon təhsil şöbəsinin şurasında və məktəb pedaqoji şuralarında, valideynlərlə keçirilən birgə yığıncaqlarda geniş müzakirə olunmuş, bu sahədə zəif nəticələr əldə etmiş məktəblərin üzərində nəzarət gücləndirilmiş, cavabdeh şəxslərdən ciddi intizam və məsuliyyət tələb edilmişdir. Müəllimlərin pedaqoji, metodiki və ixtisas hazırlığı daim diqqət mərkəzində olmuş, metodbirləşmələrin, baza dayaq məntəqələrinin tərkibi qabaqcıl, hazırlıqlı müəllimlər hesabına möhkəmləndirilmişdir.
Son 4 ildə rayonun ümumtəhsil məktəblərində "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı tərbiyəçisi", "İlin ən yaxşı metodbirləşməsi" və s. müsabiqələr keçirilmiş, təlim-tərbiyə işinin müxtəlif problemlərinə aid "dəyirmi masa"lar təşkil edilmişdir. Əldə etdikləri uğurlara görə Atakişili kənd orta məktəbinin coğrafiya müəllimi Xanlar Osmanovun, Çöhranlı kənd orta məktəbinin biologiya müəllimi Elmira Cavadovanın, şəhər 1 saylı orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemfira Qurbanovanın, 4 saylı uşaq bağçası - körpələr evinin tərbiyəçisi Gülnarə Mirzəyevanın qabaqcıl iş təcrübəsi öyrənilərək geniş yayılması tövsiyə olunmuşdur.
Məlumdur ki, müəllimlərin elmi-nəzəri və peşəkarıq səviyyəsinin yüksəldilməsində "dəyirmi masa"ların böyük rolu var. Çalışırıq ki, belə tədbirlər müntəzəm keçirilsin, müzakirəyə çıxarılan məsələlər hər şeydən əvvəl öz aktuallığı ilə seçilsin, təcrübi əhəmiyyəti yüksək olsun. Bu cəhətdən şəhər 1 saylı, Köhnəbazar orta, şəhər 3 və 5 saylı körpələr evi - uşaq bağçalarında "Müasir dövrdə təhsil sistemi"nin inkişafında yeni yanaşma və baxışların təşəkkülünün rolu və əhəmiyyəti", "Təhsil sistemində yeni yanaşma keyfiyyətin yüksəldilməsində mühüm amildir", "Şagirdlərin şəxsiyyət kimi həyata hazırlanmasında müəllim əsas simadır" və s. mövzularda keçirilən "dəyirmi masa"lar pedaqoji kollektivlərin elmi-metodiki hazırlığında mühüm rol oynamışdır.
Son vaxtlar rayonun təlim-tərbiyə müəssisələrində istedadlı şagirdlərlə aparılan işlərin məzmunca yaxşılaşması nəticəsində onların fənn olimpiadalarının rayon və respublika turlarında iştirakı yaxşı nəticələrlə başa çatmışdır. Kürdəmir rayon təhsil işçiləri cari dərs ilində əldə etdikləri uğurları daha da artıracaqlar.
Tacəddin Novruzov
Xalq qəzeti.- 2005.- 30 iyul.- № 174.- S. 6