Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Naxçıvan Dövlət Universitetində olmuşlar


AzərTAc-ın müxbiri xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğan iyunun 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müşayiəti ilə Naxçıvan Dövlət Universitetində olmuşdur.

Universitetin müəllim və tələbələri hörmətli qonaqları səmimiyyətlə qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan universitetin Konservatoriyasına gəldilər. Konservatoriya ilə tanışlıq zamanı bildirildi ki, 350-dək müəllimin çalışdığı universitetdə 4 min tələbə təhsil alır. 10 fakültənin hər birində auditoriyalar kompyuter avadanlığı ilə təchiz olunub və internetə qoşulubdur.

Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan konservatoriyanın fortepiano, vokal, dirijorluq, bəstəkarlıq sinifləri, musiqi alətləri, musiqişünaslıq, metodika kafedraları, auditoriyaları ilə tanış oldular, xor kapellasının ifasında Azərbaycan və türk mahnılarını dinlədilər.

Xanım Əminə Ərdoğan Konservatoriyaya xatirə hədiyyəsi təqdim etdi. Türkiyəli qonağa universitetin beynəlxalq əlaqələri barədə də məlumat verildi, Türkiyənin ali məktəbləri ilə sıx əməkdaşlıq edildiyi vurğulandı.

Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli tələbələrlə görüşən xanım Əminə Ərdoğan onların təhsili ilə maraqlandı. Tələbələr burada yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan tələbələrlə xatirə şəkli çəkdirdilər.


AzərTAc
2008, 4 iyun