Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Böyük Vətən müharibəsində Qələbənin 61 illiyi münasibətilə veteranları təbrik etmişdir


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsində Qələbənin ildönümü münasibətilə veteranları təbrik etmişdir. Təbrikdə deyilir:

- Əziz veteranlar!

Mən sizin hamınızı İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 61-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, uzun ömür arzulayıram.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müharibə veteranlarına xüsusi hörmət və ehtiram göstərərək, sizi cəmiyyətimizin ən layiqli insanları hesab edirdi. Bu ənənə indi də davam edir. Ötən il ulu öndərimizin adını daşıyan Fondda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən unudulmaz və səmimi görüş hamımız üçün əlamətdar hadisəyə çevrildi.

Siz bəşər tarixində ən dəhşətli, qanlı müharibə olan İkinci Dünya müharibəsinin od-alovundan keçmiş, hər an ölümlə üz-üzə dayanmısınız. 700 minə yaxın Azərbaycan vətəndaşı bu müharibədə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onların yarısı geri dönməmiş, həlak olmuşdur. Xalqımız arxa cəbhədə də öz fədakar əməyi ilə Böyük Qələbənin əldə edilməsinə əvəzsiz xidmət göstərmişdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Sovet Ordusunun tank və təyyarələrinin 80 faizə qədəri Bakı nefti ilə işləmişdir. Azərbaycan xalqının Qələbəyə bu töhfəsini heç kim və heç zaman unutmamalıdır.

Siz müharibədən sonra da ölkəmizdə quruculuq işlərinin önündə getmiş, müstəqillik illərində Azərbaycanın suverenliyinin möhkəmlənməsi, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsi işinə tükənməz enerjinizlə, ağsaqqal-ağbirçək məsləhəti və tövsiyələrinizlə öz töhfənizi vermisiniz.

Bu əziz gündə sizin hər birinizə ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayır, sizə, ailələrinizə xoş günlər diləyirəm.


Xalq qəzeti.- 2006.- 9 may.- № 101.- S. 4.