Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi öz fəaliyyətini genişləndirir
Sankt-Peterburq Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır.
Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko bu sözləri fevralın 2-də Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə görüşdə söyləmişdir.
V.Matviyenko demişdir: “Biz humanitar əməkdaşlığa xüsusi əhəmiyyət verilən birgə fəaliyyətdə - təhsil, mədəniyyət, tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq. Biz təklif etmək istərdik ki, Sankt-Peterburq Fondun gələcək fəaliyyəti üçün dayaq meydançası olsun, çünki bundan ötrü çox böyük potensial var”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun və Sankt-Peterburqdakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişovun da iştirak etdikləri görüşdə qubernator Heydər Əliyev Fondunun və Leyla Əliyeva başda olmaqla Rusiyadakı nümayəndəliyin fəaliyyətini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, Rusiya ilə Azərbaycanı səmimi dostluq münasibətləri birləşdirir. Bu münasibətlərin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur, Azərbaycanın indiki Prezidenti İlham Əliyev isə bunu qoruyur və genişləndirir. V.Matviyenko Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəaliyyətini də yüksək qiymətləndirmişdir.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva görüşdə demişdir: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz Fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. O, ətraflı məlumat verərək vurğulamışdır ki, Fondun təşəbbüsü ilə son üç ildə Azərbaycanda 300-ə yaxın məktəb tikilmiş və təmir edilmişdir, bu proses davam edir. Artıq Fransada, Rumıniyada, Böyük Britaniyada və Türkiyədə Fondun filialları açılmışdır və onun fəaliyyət coğrafiyası genişlənməkdə davam edir. Fond səhiyyə sahəsində, xüsusən talassemiya və diabet kimi ağır xəstəliklərə qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi tikilir, xəstə uşaqlara kömək üçün bir sıra başqa layihələr həyata keçirilir. Fevralın 10-da Fond Moskvada əlil uşaqlar üçün xeyriyyə konserti təşkil edəcəkdir.
L.Əliyeva demişdir ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində də bir sıra layihələr həyata keçirir. Muğam Mərkəzi tikilir, istedadlı gənclər, rəssamlar, artistlər dəstəklənir. Ümumiyyətlə, Fondun mövcud olduğu dörd ilə yaxın müddətdə çox işlər görülmüşdür və biz öz fəaliyyətimizin bütün məsuliyyətini hiss edirik.
Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olmuşdur. Bu sənədi Leyla Əliyeva və kitabxananın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva Fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə etmişdir. O bildirmişdir ki, Fond kitab nəşrinə çox böyük əhəmiyyət verir, xüsusən internetin və elektron KİV-in inkişaf etdiyi, adamların çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. L.Əliyeva demişdir: “Bu cür gözəl kitabxanalar sayəsində gənclər kitab oxumağı davam etdirir və sirr deyil ki, biz həyatda ən böyük bilikləri kitablardan alırıq”.
Leyla Əliyeva KİV nümayəndələri ilə söhbətində imzalanmış sənədin əhəmiyyətindən danışarkən onun vacibliyini vurğulamışdır. Bildirmişdir ki, Fond və onun Rusiyada cəmi bir il bundan əvvəl açılmış nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında mədəni dialoqu inkişaf etdirir. Leyla Əliyeva demişdir: “Mədəni dialoq xüsusən gənclər üçün ən vacib məsələdir. Güman edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni dialoqun genişlənməsinə nail ola biləcəyik. Bu, çox zəngin kitabxanadır. Xoşagələn haldır ki, burada Azərbaycan dilində bu qədər kitab var və onları qayğıkeşliklə qoruyub saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana ilə münasibətlərimiz daha da inkişaf edəcək, biz kitab mübadiləsi edəcək, buraya yeni nəşrlər göndərəcəyik. Cəmi bir ay bundan əvvəl “Baku” jurnalının ilk nömrəsi çapdan çıxmışdır. Bu nəşri Moskva və Sankt-Peterburq oxucuları da görəcəklər. Jurnal onların ölkəmiz haqqında daha çox məlumat əldə etməsinə imkan verəcəkdir. Ölkələrimiz arasında həmişə çox yaxşı mədəni münasibətlər olmuşdur. Azərbaycanda rus mədəniyyətinə, rus ədəbiyyatına həmişə yaxşı bələd olmuş, onları sevmişlər. Azərbaycan məktəblərində rus dilinin tədrisi indi də tam həcmdə davam edir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da imzalanmış sazişi yüksək qiymətləndirmiş, onu hər iki ölkənin ictimai həyatında mühüm hadisə adlandırmışdır. O xatırlatmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü ildə M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi kitabxanasından 400-dən çox nəşr hədiyyə etmiş, bununla da kitaba qayğı ilə yanaşmaq nümunəsi göstərmişdir. Səfir demişdir: “Bu gün də bu ənənəni Heydər Əliyevin nəvəsi, onun adını daşıyan Fondun nümayəndəliyinin rəhbəri davam etdirir”.
Vladimir Zaytsev öz çıxışında bildirmişdir ki, kitabxana Azərbaycan ədəbiyyatını hələ inqilabdan əvvəlki dövrlərdən toplayır, lakin son illərdə bu sahədə bir qədər fasilə yaranmışdı. O demişdir: “Bugünkü sazişin imzalanması kitabxanaya ədəbiyyat daxil olmasında yeni mərhələdir. Bu, Sankt-Peterburqdakı Azərbaycan diasporunun ana dilində ədəbiyyat oxumasına da imkan verəcəkdir”.
Leyla Əliyeva və V.Zaytsev Rusiya Milli Kitabxanasında təşkil edilmiş Azərbaycan ədəbiyyatı sərgisini açmışlar. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Azərbaycan kitablarının nadir nüsxələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşdur.
Elə həmin gün Sankt-Peterburqdakı “Oktyabrski” böyük konsert salonunda Azərbaycan musiqisindən ibarət konsert olmuşdur. Sankt-Peterburq administrasiyasının gənclərin məsələləri üzrə komitəsinin dəstəyi ilə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil edilmiş konsertdə Azərbaycanın və Rusiyanın estrada ulduzları iştirak etmişlər.
Konsertdən əvvəl Leyla Əliyeva salona toplaşmış gənclər və Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərək, respublikamızda fevralın 2-də qeyd olunan Gənclər günü münasibətilə soydaşlarımızı təbrik etmişdir. O demişdir: “Sankt-Peterburq qəribə şəhərdir, o, insanı daim heyrətləndirir, biz də öz tərəfimizdən qədim Azərbaycan mədəniyyətinin bir zərrəsini sizlərə bəxş etmək, adət və ənənələrimiz barəsində söhbət açmaq və bizim istedadları sizlərə təqdim etmək üçün əlimizdən gələni etməyə çalışmışıq. Azərbaycan çox qədim tarixə və çox zəngin mədəniyyətə malik olan bir ölkədir, böyük şairlərin, bəstəkarların və yazıçıların vətənidir. Harada olmasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün Qarabağ bülbülləri oxuyur, Abşeron günəşi onun üçün parlayır, Xəzərin dalğaları onun üçün səslənir. Azərbaycanlılar çox qonaqpərvər xalqdır, bu gün də çoxsaylı millətlərin və dini məzhəblərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayırlar. Bizə çox xoşdur ki, Rusiya-Azərbaycan münasibətləri günbəgün möhkəmlənir və bir sıra sahələrdə bu münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan məktəblərdə rus dilinin tədrisi tam həcmdə davam edən az sayda dövlətlərdən biridir, Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bu gün bizim qarşımızda, Rusiyada yaşayan gənclər qarşısında bir məsələ durur: bu münasibətləri daha da möhkəmlətmək və Vətənimizi ləyaqətlə təmsil etmək”.
Sonra çıxış edən Polad Bülbüloğlu demişdir ki, Rusiyada Azərbaycan gəncləri təşkilatı yarandıqdan sonra RF-də yaşayan bütün cavan soydaşlarımızın birləşməsi prosesi müşahidə olunur. Bu, gələcək üçün, gənclərimizin öz xalqına xeyir verməsi və öz xalqını ləyaqətlə təmsil etməsi üçün çox vacibdir. Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov isə vurğulamışdır ki, iki ölkə arasında mədəni əlaqələrin çoxəsrlik tarixi vardır. Onun fikrincə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi xüsusən gənclər siyasəti sahəsində çox mühüm işlər görür.
Konsert zamanı istedadlı gənclərə Rusiya-Azərbaycan mədəni münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfəyə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından fəxri fərmanlar və mükafatlar təqdim edilmişdir.
Xalq qəzeti.- 2008.- 5 fevral.- № 26.- S. 3.