Mərhəmət və xeyirxahlıq ünvanı
Heydər Əliyev Fondunun 2005-ci ildəki fəaliyyəti milli-mədəni irsin qorunması ilə yanaşı, insanlara həssas münasibət və qayğı nümunələri ilə də zəngindir.
Zaman etibarilə çox qısa müddətdə millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ulu öndərimizin ali ideallarını özündə təcəssüm etdirir. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond iki il ərzində həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin müasir qloballaşma dövrünün bəzi yabançı təzahürlərindən qorumaq naminə cahanşümul işlər görmüşdür.
Heydər Əliyev Fondu həyata keçirdiyi önəmli tədbirləri miqyası ilə böyük ictimai və nüfuz rəğbət qazanmış, köməyə ehtiyacı olan kimsəsiz insanların ümid, pənah yerinə çevrilmiş bir məbədgaha bənzəyir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin təməlində məhz millətə xidmət məramı dayanır. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi olaraq Heydər Əliyev Fondunun 2 illik fəaliyyəti keçmişlə gələcək arasında körpü yaratmağa, insanlara xeyirxahlıq və insanpərvərlik kimi ali dəyərləri əxz etməyə yönəlmişdir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan fantastik nailiyyətlər real həyatda bir sıra mütərəqqi qlobal dəyişikliklərə yol aça da, bu proses milli tarixi-mədəni irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Bu baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapması mühüm məqam kimi qiymətləndirilməlidir. "İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir" - deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun fəaliyyətində bu aktual və həssas məqamı incəliklə nəzərə alır.
Azərbaycanın "birinci xanımı" bu gün YUNESKO-nun Xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirərək bəşəriyyətin xilası uğrunda əzmlə çalışan nəcib insanlarla bir sırada dayanır. Bu missiya heç də son iki illik fəaliyyətlə məhdudlaşmır: Mehriban xanım Əliyeva hələ 1995-ci ildən - "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən üzü bəri musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan-İrs" jurnalının səhifələrində milli musiqimizin, mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu işlərin daha qlobal miqyasda, həm də sistemli və ardıcıl surətdə həyata keçirilməsinə imkan yaratmışdır.
2004-cü ildə Mehriban Əliyevanın YUNESKO-nun "Xoşməramlı səfiri" seçilməsi ilə Fondun milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamların öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması da Fondun ötənilki uğurları sırasında qeyd oluna bilər.
Heydər Əliyev Fondu qısa müddətdə mədəniyyət abidələrinin yenidənqurulması və reabilitasiyası sahəsində əməli tədbirlər həyata keçirmişdir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssabın məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-muzeyinin təmiri bu qəbildən olan işlər sırasında xüsusi vurğulana bilər. Bundan başqa, Azərbaycan həqiqətlərinin müasir informasiya texnologiyalarının köməyilə dünya arenasına çıxarılması, bu məqsədlə İnternet resurslarının yaradılması da Fondun diqqət mərkəzindədir. 2005-ci ildə həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması xüsusilə təqdirəlayiqdir. Layihənin reallaşmasına respublikanın aparıcı mütəxəssisləri də cəlb edilmiş, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət müəssisələrindən toplanmış dəyərli materiallar, sənədli bilgilər burada əksini tapmışdır. "Qarabağ həqiqətləri" kitabının bu günlərdə nəfis tərtibatla çapdan çıxması da Fondun milli problemlərimizə necə böyük həssaslıqla yanaşdığını göstərir.
YUNESKO-nun qeyri-maddi irs siyahısına aşıq sənətinin də daxil edilməsi yönündə səylərin gücləndirilməsi, təşkilatın baş katibinin iştirakı ilə ötən ilin avqust ayında Bakıda Beynəlxalq Muğam mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini təsdiqləyir. Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında ötən ilin avqust ayında Bakıda həmçinin "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda ikinci konfrans keçirilmiş, milli təhsilimizin inkişafı ilə bağlı mühüm müzakirələr aparılmışdır. Xatırladaq ki, təhsil sahəsində Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da əməkdaşlığın çərçivəsinə daxil olan məsələlərdəndir. Təhsillə bağlı keçirilən ikinci konfrans isə əsas etibarilə bu istiqamətdə səylərin koordinasiyası, əlaqələrin yeni mərhələsinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur. Konfransdakı çıxışında Azərbaycan milli təhsilindəki problemlər barədə söhbət açan YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva indiyə qədər həyata keçirilmiş islahatlar barədə konfrans iştirakçılarını məlumatlandırmışdır. Və ən əsas məqam kimi Ermənistanın Azərbaycana qarşı təcavüzünün milli təhsilimiz qarşısında yaratdığı problemləri həm YUNESKO-nun baş direktorunun, həm də nümayəndə heyəti üzvlərinin nəzərinə çatdırmışdır.
İndiyə qədər YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda olaraq məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb edilməsi, dünyanın bir sıra dövlətlərinə xas xarakterik problemlərin həlli üçün düşünülmüş pilot layihələrin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanın seçilməsi, YUNESKO ilə əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə bu əlaqələrin daha da intensiv xarakter almasına geniş imkanlar yaradır. Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, gələcəyimiz üçün layiqli vətəndaşların, peşəkar kadrların hazırlanması yönündə atdığı addımlar onun əsil vətəndaş mövqeyinin parlaq ifadəsidir. Təkcə bir faktı diqqətə çatdıraq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və dövlət qurumları ilə birgə vətəndaş cəmiyyətinin bir çox strukturlarının da dəstək verdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-ci il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin inşa olunmuş, həmçinin lazımi avadanlıqla təchiz edilmişdir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə dəyirmi masa keçirmişdik. Çox Adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin Dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyə Fondun prezidenti ötənilki işlərlə bağlı geniş hesabatında bildirmişdir. Mehriban xanım Əliyeva bu il də respublikamızda 100-dən artıq yeni məktəbin inşa olunacağını vurğulamışdır.
Heydər Əliyev Fondunun ötənilki fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan uşaq evlərinə və internatlara yardım göstərilməsi ilə bağlıdır. Fond eyni zamanda səhiyyə sahəsində də layihələr həyata keçirmişdir. Bu sırada "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri xüsusi qeyd olunmalıdır. Birinci layihə çərçivəsində diabetli uşaqların problemlərinin həllinə həsr olunmuş konfrans keçirilmiş, 14 yaşınadək olan diabetli uşaqlara dərman preparatları paylanmışdır. Hazırda layihə üzrə işlər davam etdirilir və Fond uşaqlarımızın sağlamlığı üçün lazım olan hər bir şeyi onlara verir. Mehriban xanım xəstə, kimsəsiz uşaqlara qayğı missiyasını başqalarına da təlqin edir. Onun üçün önəmlisi budur ki, bu problemlərə indi heç kəs biganə deyil. Bir çox qurumlar, fərdlər Fondla bu istiqamətdə əməkdaşlıq əlaqələri yaratmaqdadır. Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyilə 500-dən çox soydaşımıza yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir.
Bu gün Azərbaycan vətəndaşlarının ölkənin "birinci xanımı"nın fəaliyyətini rəğbət və məmnunluq hissilə yaxından izləməsini də Mehriban Əliyevanın yüksək humanizmində və qayğıkeşliyində axtarmaq lazım gəlir. Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan etməsi də bu mənada tamamilə reallığı əks etdirir. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xoşməramlı fəaliyyətin kökündə səmimilik dayanmışdır.
Bütün bunlar hələ görüləcək işlərin başlanğıcıdır.
Samir Elmanoğlu
Azərbaycan.- 2006.- 31 yanvar.- № 20.- S. 2.