Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlər əldə edib


Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla mühüm sosial problemlərinin həlli istiqamətində bir-birindən əhəmiyyətli layihələr həyata keçirən Fondun təcrübəsi hər bir təşkilat üçün nümunədir

Rəsmi açılışı 2004-cü il may ayının 10-da baş tutan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününə təsadüf edən Heydər Əliyev Fondu tərəfindən ötən 8 il ərzində xeyli işlər görülmüş, müxtəlif sahələri əhatə edən layihələr həyata keçirilmişdir. Ötən bu dövrdə qazanılan uğurlara diqqət yetirsək bu həqiqəti bir daha təsdiqləmiş olarıq ki, Fond qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir.

Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək; Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək; elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək; uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək; ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək; səhiyyə və tibbi təsisatları inkişaf etdirmək; ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək; dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək və s. -dir.

Bu məqsədlərin həyata keçirilməsi istiqamətində görülən işləri təhlil etmədən öncə Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın daim önə çəkdiyi bir fikri xatırlatmaq istərdik: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir."

Qeyd edək ki, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Ümummilli lider fəaliyyətinin bütün dövrlərində xalqa, dövlətə xidməti əsas prinsip kimi öndə saxlamışdır. Fondun təşkilatçılığı ilə keçirilən bütün beynəlxalq konfranslarda ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırılır. Mehriban xanım Əliyeva bildirir ki, arxada qalan illərin hər birinə müraciət edərək, biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Bu gün qarşımızda duran əsas vəzifə Heydər Əliyev irsini öyrənmək və gələcək nəsillərə çatdırmaqdır.

Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. "Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaq." Ümummilli lider Heydər Əliyevin bu tövsiyələrində bu günümüzün, sabahımızın qurucuları olan gənc nəslə etibarı, inamı öz əksini tapıb. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da əlavə etsək deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Əsas təşkilatçısı Heydər Əliyev Fondu olmaqla "Hər uşağın ailəyə ehtiyacı var" kampaniyasının həyata keçirilməsi də bu diqqət və qayğıdan irəli gəlir.

Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Fondun göstərdiyi xidmətlər əvəzsizdir. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdilər. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan bankının yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində görülən işlər daim təqdir olunur.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr bəlkə də heç bir ölkədə alternativi olmayan xeyirxahlıq, humanistlikdir. Əvvəllər uşaq evlərində tərbiyə alan, yetkinlik yaşına çatan yeniyetmə qızların yaşaması üçün evlərin tikilməsi, onlara nəzarətin təşkili Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizə önəm verdiyini göstərməklə ictimaiyyəti narahat edən bir problemə son qoydu. Ən əsası odur ki, istifadəyə verilən və kimsəsiz körpələrin doğma ocağı sayılan bütün obyektlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili, hərtərəfli inkişafı üçün hər cür şərait yaradılır.

Ümumtəhsil məktəblərində şagirdlərə elmin, təhsilin ən müasir nailiyyətlərinə uyğun bilik aşılanır. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasına başlıca vəzifə kimi diqqət yetirilir. MDB məkanında yeganə olaraq Azərbaycanda bütün siniflər üzrə təhsil alan şagirdlər pulsuz olaraq dərsliklərlə, oxu materialları və əlavə tədris vəsaitləri ilə təmin olunurlar.

Valideyn himayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən "Hər uşağın ailəyə ehtiyacı var" söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi heç bir internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə - heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Bu problemin həlli üçün dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" (2006-2015-ci illər) həyata keçirilir. İnternat və uşaq evlərində ailə mühitinə uyğun maksimum əl- verişli şərait yaradılır.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət də ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, dünya təcrübəsi də bu həqiqəti təsdiqləyir ki, ölkənin inkişafında, tərəqqisində neft-qaz amili ilə yanaşı, elmi potensial, yeni texnologiyalar əsas yer tutur. Azərbaycan müasir, sivil ölkədir, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi maraq göstərir. Biliyin əsası təbii ki, məktəblərdən qoyulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir. Məktəblilər dünya standartlarına cavab verən məktəblərdə dərs almalıdırlar. Proqram çərçivəsində yüzlərlə məktəb tikilib, lazımi avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.

Heydər Əliyev Fondunun fəaliyyətinin əsasında milli irsimizin qorunması xüsusi yer tutur. Fondun təşəbbüsü ilə çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmişdir. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçirilməsi də deyilənlərə əyani sübutdur.

Fondun fəaliyyətində diqqəti çəkən məqamlardan biri də həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlardır. Beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Mehriban xanım Əliyevanın "Ön söz"ü ilə işıq üzü görən "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabında Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələrimiz haqqında ətraflı məlumat verilir.

Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyəti- nə dolğun şəkildə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. L. Əliyeva bildirir ki, biz istəyirik dünya birliyi bu faciədən, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xəbərdar olsun. Biz bu istiqamətdə işimizi gələcəkdə də, münaqişə ədalətli həll edilənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik.

Təbii ki, qeyd etdiklərimiz Fondun fəaliyyətə başladığı bu qısa dövrdə həyata keçirdiyi layihələrin müəyyən bir hissəsidir. Lakin Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bu illər ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Bu əminlik də ifadə edildi ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır.


Sevinc Azadi

İki sahil.- 2012.- 9 may.- № 82.- S. 17.