Milli-mənəvi dəyərlərin etibarlı hamisi
Azərbaycan xalqına xas zəngin dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi, ilk növbədə, milli genefondun saflığının təmini qloballaşmanın diktə etdiyi qarşısıalınmaz proseslər fonunda xüsusi aktuallıq kəsb edir. Bu aktuallıq geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə şərtlənir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran xalqımız ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atır. Ölkə vətəndaşları bu mürəkkəb sosiomədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da öz gündəlik həyatında hiss edirlər.
Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasında, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.
Milli mədəniyyətin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları idarə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.
Qarşıya qoyduğu xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu məhz bunun sayəsində son 5 ildə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə isə “Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İnsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç bir diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bu uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".
Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun beşillik yubileyinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması onun cəmiyyət həyatındakı əlahiddə mövqeyini və nüfuzunun daha bir əyani göstəricisi kimi vurğulana bilər. Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 5 may 2009-cu ildə imzaladığı sərəncamla "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mili-mənəvi irsin qorunması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətindəki xoşməramlı fəaliyyəti isə əslində 15 ilə yaxın bir dövrü əhatə edir. Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaradan Mehriban xanım Əliyeva yüksək təşəbbüskarlığı, idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin böhrandan çıxarılmasına və yüksəlişinə köməyini əsirgəməmişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, habelə dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən "Azərbaycan-İrs" jurnalının nəşrə başlaması da təqdirəlayiq məqam kimi xatırlanmalıdır. Azərbaycan, rus, ingilis dillərində işıq üzü görən jurnalda son 10 ildə milli mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə əlaqədar ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur.
Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Bu fəaliyyəti rəhbəri olduğu Heydər Əliyev Fondunun xəttilə daha da genişləndirən Azərbaycanın birinci xanımının milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz təcəssümüdür. 2005-ci ilin martında Parisdə - YUNESKO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.
Bütün Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi də təsadüfi olmayıb, konkret siyasi məzmun daşıyır. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının qoyulması yolu ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilib. Albomun təqdimat mərasimində Mehriban xanım Əliyeva demişdir: "Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunub. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq".
Heydər Əliyev Fondu tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Fondun təşəbbüsü ilə son illərdə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssam məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilib. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev muzeyinin müasir tələblər səviyyəsində təmir olunması Fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.
Heydər Əliyev Fondu milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı da vacib sayır. Fondun təşəbbüsü ilə Azərbaycanla YUNESKO arasında təhsil sahəsində bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. YUNESKO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrini sınaqdan keçirilmə məkanı kimi məhz, Azərbaycanı seçməsi ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələr verəcəyinə böyük inamın təzahürüdür.
Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti və xüsusiyyəti qeyd olunmalıdır. Son illərdə beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı soyqırımın 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanıb. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırıb.
Heydər Əliyev Fondunun son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rəğbətlə qarşılanır. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.
"Tibb işçisi kimi gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr" - deyə Mehriban xanım Əliyeva vurğulayır.
Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi olub. Layihə Fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olan 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilib.
Fond səhiyyə məsələləri ilə əlaqədar əhalidən daxil olan müraciətlərə də yüksək həssaslıqla, insanpərvərliklə yanaşıb, imkan daxilində vətəndaşlara kömək göstərib. Səhiyyə məsələləri ilə bağlı fonda ayrı-ayrı insanlardan 7 mindən çox müraciət daxil olub, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurulub, lazımi tədbirlər həyata keçirilib. Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilib.
Heydər Əliyev Fondu respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın son iki ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək humanizmin və insanpərvərliyin əyani təcəssümü olub. İlk dəfə hələ ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə irəli sürülən bu nəcib təşəbbüs əsasında gerçəkləşən amnistiya aktı minlərlə azərbaycanlı ailəsinə hədsiz sevinc və xoşbəxtlik gətirib.
Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən Mehriban xanım Əliyeva 2009-cu ilin martında - firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı ərəfəsində növbəti amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim edib. Milli Məclis deputatının müraciətində vurğulanırdı ki, məhkum edilən şəxslərin və onların ailə üzvlərinin Fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətlə mərhəmətli olmağın zəruriliyini göstərir. Amnistiya aktı nəticəsində təqribən 9 min şəxs amnistiya aktının təsiri altına düşüb, 1.700 məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilib.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın respublikamızda qadın hərəkatının geniş vüsət alması, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsi sahəsindəki xidmətləri də xüsusi vurğulanmalıdır.
Vaxtilə qədim yunan filosofu Ezop yazırdı ki, əsil insan üçün ən dəyərli xəzinə çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini insanların rifahına sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir.
"Ömrüm boyu mənim həyat amalım belə olub ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çapdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".
Şərq.- 2009.- 8 dekabr.- № 226.- S. 7.