Mehriban Əliyeva "Türk dünyasına xidmət" mükafatına layiq görülüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. TÜRKSAV-ın rəhbəri Yəhya Akengin deyib ki, bu, sayca 15-ci "Türk dünyasına xidmət" mükafatıdır və mükafat türk dünyasının inkişafı işinə böyük töhfə verən şəxs və qurumlara verilir.
TÜRKSAV-ın qərarına əsasən, növbəti mükafat YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya verilir. Azərbaycanın birinci xanımı bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb. Mehriban Əliyeva xaricdə səfərdə olduğu üçün mükafat Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça təqdim edilib. Diplomat öz çıxışında TÜRKSAV-ın idarə heyətinin qərarından məmnunluğunu ifadə edib və bildirib ki, bu böyük mükafatı bilavasitə Mehriban Əliyevaya təqdim etməyi özü üçün şərəf sayır. Hulisi Kılıç Azərbaycan-Türkiyə qardaşlıq və strateji əlaqələrini yüksək qiymətləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat problem həll edilməyənədək Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmayacağını bir daha vurğulayıb.
Azad
Həftə içi.- 2011.- 3 iyun.- № 98.- S. 1.