Əsl Azərbaycan anası
Təbiət qadına analıq səadəti bəxş edəndə bir böyüklük də ərməğan verir. Onun mərhəmət duyğuları güclənir, məsuliyyəti artır. Harada bir körpə ağlasa, onu özününkü sayır. Harada bir ehtiyaclı ana görsə, ona əl tutmağa can atır. Dünyanın hər hansı bir yerindən gələn top-tüfəng səsini lap yaxınlıqda hiss edir. Şadlananla sevinməyi, dərdli ilə kədərlənməyi bacarır... Azərbaycan anasına bu duyğular böyük səxavətlə verilib, ona ən ali mərhəmət hisslərindən daha çox pay düşüb. Bu gün biz bu timsallı ananı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəsində görürük.
Azərbaycanın bir xoşbəxtliyi də ondadır ki, Prezidentinin belə ömür-gün yoldaşı, dostu və silahdaşı, xalqının belə xeyirxahı, qayğıkeşi, analarının və körpələrinin belə həmdəmi, himayədarı var!
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı... Bu adların hər birinin arxasında böyük məsuliyyət, zəhmət və səriştə tələb edən vəzifələr dayanır. Onların hər birini layiqincə yerinə yetirmək üçün səbir, düşüncə, bilik və təcrübə vacibdir, əməli işlər görmək lazımdır.
Azərbaycanın birinci xanımı bütün bu vəzifələrə üstəlik ana qəlbi və ana təmkini ilə yanaşır. Başladığı hər yeni layihəyə, keçirdiyi hər bir tədbirə ana qəlbinin odunu, hərarətini qatır. Bütün çıxışlarından ana səsi-sədası gəlir, bütün söhbətlərində ana qayğısı, nəvazişi duyulur. Azərbaycanın birinci xanımının daşıdığı böyük, müqəddəs bir ad da var - Ana adı!
Ana adı və missiyası Mehriban xanım üçün çox əzizdir. Ona görə də o, belə deyib: “Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə ki, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”.
Azərbaycan xalqının leksikonunda qədim zamanlardan belə bir ifadə də var - el anası. Ehtiyacı olanın çətinliyini duymağı bacaran, dərdliyə həmdəmlik edən, yetimi sinəsinə çəkən, qısası, bir kəndin, bir obanın camaatına qayğı göstərməyə qadir olan geniş ürəkli xanımlara el anası deyiblər!
Azərbaycanın birinci xanımının bu yönümdəki xeyirxahlıq missiyası bir ailənin, kəndin, yaxud şəhərin çərçivəsindən çıxaraq daha geniş miqyas alıb. Mehriban xanım Əliyeva bütün Azərbaycan xalqının xeyirxahı, həmdəmi, qayğıkeşidir. O, hamıya kömək etməyə, yaxşı işlərdə dəstək verməyə, yardım göstərməyə qadir və həmişə hazır olan böyük Anadır!
Mehriban Əliyevanın xeyirxahlıq missiyası təkcə özümüzə deyil, bütün dünyaya bəllidir. Bu missiyanın bəhrələri özünü artıq Yer üzünün ayrı-ayrı guşələrində də göstərməkdədir.
Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri sözügedən xəstəliklərdən əziyyət çəkən insanların, xüsusilə uşaqların pulsuz müayinə olunmasına və müalicə almasına, nəticədə şəfa tapmasına imkan yaradıb. Bu və digər xəstəliklərin aradan qaldırılmasına kömək edən neçə-neçə yeni tibb müəssisəsi, o cümlədən Talassemiya mərkəzi istifadəyə verilib.
Bakıda və ölkənin digər regionlarında mütəmadi keçirilən qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqların əməliyyat olunması, aztəminatlı ailələrin üzvlərinin müayinələri, lazım gəldikdə insanların xarici ölkələrə müalicəyə göndərilməsi... Bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah əməlləri nəticəsində baş tutur.
Hələ biz “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələri demirik...
Bir zamanlar uşaq evindəki balaca oğlan və qızların o qədər də yaxşı qidalanmaması, ailələrdə böyüyən atalı-analı yaşıdlarından geyim-kecimdə də geridə qalması hamıya məlum olan həqiqət idi. İndi bu uşaqların heç nəyə ehtiyacı yoxdur! Necə deyərlər, kefləri kök, damaqları çağdır. Bunun hamısı Mehriban Əliyevanın zəhməti, səyi nəticəsində olub. Ancaq uşağı çörəklə, ləziz nemətlərlə doydurmaq, əyin-başını düzəltmək hələ işin yarısıdır. Onun isti nəfəsə, qayğıya ehtiyacı daha çox olur. Siz Mehriban xanımın yetim, yaxud xəstə uşağı necə məhəbbətlə qucağına götürdüyünə, necə istəklə bağrına basdığına diqqətlə baxın! Bu, internatlarda və uşaq evlərində işləyən qadınlara bir nümunə, bizim hamımıza, bütün cəmiyyətə bir mesajdır!
Bir zamanlar uşaq evində böyüyən oğlan və qızların məktəbi bitirəndən, yəni, yetkinlik yaşına çatandan sonra haraya üz tutacağı, harada yaşayacağı da cəmiyyəti narahat edən bir problem idi. Mehriban xanım bu uşaqların da qayğısına bir ana kimi qaldı. Onlar üçün ev tikdirdi...
Nəhayət, Azərbaycanın birinci xanımının xalqımızın həyatındakı son günlərdə qələbə, qürur və bunları bizə bəxş edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğullarımız üçün yaşadığımız kədər dolu olaylara münasibəti barədə. Heydər Məscidində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adından şəhid olmuş hərbçilərə ehsan verildi. Tədbirin rəsmi adı belə idi. Əslində isə Azərbaycanın birinci xanımı öz ciyərparasını itirmiş anaların, körpəsi atasız qalmış gəlinlərin dərdinə şərik çıxması, kədərini bölməsi və bütün bunlarla bahəm onlara təsəlli verməsi, vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını deməsi idi. Bunları deyərkən özünü də qəhər boğdu, kövrəldiyini gizlədə bilmədi. Bu da ana qəlbinə xas olan əlamətdir...
Çətin məqamda, kədərli anda hər kəsin yanında ən yaxın adamı olar. Dərdli insanın göz yaşını həmişə ya bacısı silər, ya da anası. Mehriban xanım bunu da etdi, böyük Analıq missiyasını bu dəfə də qəlbindən qaynaqlanan bir təbiiliklə yerinə yetirdi.
Flora Sadıqlı
Azərbaycan.- 2016.- 10 aprel.- № 75.- S. 5.