Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunda Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabının təqdimatı olmuşdur


Dekabrın 8-də Heydər Əliyev Fondunda tanınmış rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabının təqdimat mərasimi keçirilmişdir. Rusiyanın 20 mükafatı və 9 xarici orden ilə təltif olunmuş, rus ordusunun qocaman və adlı-sanlı alaylarına komandanlıq etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edən bu kitab Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuşdur.

Fondun icraçı direktoru Anar Ələkbərov çıxışında dedi ki, yarandığı ilk günlərdən fondun fəaliyyətinin öncül istiqamətlərindən biri elm və təhsil, mədəni irsin qorunması məsələləri olmuşdur. Fond humanitar xarakterli layihələr arasında Azərbaycan ictimaiyyəti üçün maraq doğuran əsərlərin nəşrinə, tərcüməsi və yayılmasına da böyük diqqət yetirir. O, Qarabağ münaqişəsinin yaranması tarixindən, Xocalı soyqırımından, erməni faşistlərinin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən bəhs edən nəşrlər silsiləsi barədə də danışdı. Onun sözlərinə görə, yeni seriyalardan kitablar Azərbaycanın mədəniyyət və memarlıq abidələrinə, habelə dini abidələrə həsr ediləcəkdir. İcraçı direktor vurğuladı ki, Rudolf İvanovun "Bayazidin müdafiəsi: həqiqət və yalan" adlı əvvəlki kitabı da Heydər Əliyev Fondunun dəstəyi sayəsində çap olunmuşdur. Müəllifin yeni əsəri Azərbaycanın tarix elminə, Azərbaycan həqiqətlərinin təbliğinə layiqli töhfədir.

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova əsərin müəllifi barədə danışaraq dedi ki, Rudolf İvanov yarım əsrdən sonra ikinci əmək fəaliyyətinə başladığı diyara tariximizin öyrənilməmiş səhifələrini açan ilk şəxs və bu səhifələrin tədqiqatçısı kimi qayıtmışdır. Onun vətəndaş mövqeyi, cəsarəti, həqiqəti mərdi-mərdanə açıqlamaq əzmi yüksək qiymətə layiqdir. Rudolf İvanov Rusiya tarixşünaslığında yeni söz demişdir, onun kitabları akademizmdən uzaqdır, onları mütləq dönə-dönə oxuyacaqlar. Tarixçinin əsərləri nadir arxiv sənədlərinə əsaslanır və Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi üçün böyük əhəmiyyəti var.

Hazırda yazıçı ümummilli lider Heydər Əliyevin çox hörmət bəslədiyi tarixi şəxsiyyətlərdən biri olan general Cəmşid Naxçıvanski haqqında kitab hazırlayır. Stalinizm illərində repressiya olunmuş görkəmli sərkərdə məhz Heydər Əliyevin təqdimatı ilə bəraət almışdır. 1973-cü ildə isə Heydər Əliyevin təşəbbüsü ilə hərbi liseyə Cəmşid Naxçıvanskinin adı verilmişdir.

Elmira Axundova həmçinin bildirdi ki, Rudolf İvanov Azərbaycan sərkərdəsinin dəfn edildiyi yeri tapmağa müvəffəq olmuşdur və orada abidə ucaldılacağı gün uzaqda deyildir

O, Rusiya tarixçisinin əsərlərinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Mərasimdə Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının sədri Mixail Zabelin, yazıçı Səyavuş Məmmədzadə, Yazıçılar Birliyinin üzvü Gülrux Əlibəyli də çıxış edərək professor İvanovun əsərini yüksək qiymətləndirdilər. Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Rudolf İvanovun öz əsərlərini hərbi tarixşünaslığın ən yaxşı ənənələri ruhunda yazdığını bildirdi, Rusiya tarixçisini BSU-nun müəllim və tələbələri ilə görüşə dəvət etdi.

Rudolf İvanov kitablarının nəşrinə dəstək göstərildiyi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. O, tədbir iştirakçılarını əmin etdi ki, Azərbaycan qəhrəmanlarının xatirəsinin əbədiləşməsi üçün bundan sonra da tədqiqatlar aparacaqdır.


Xalq qəzeti.- 2006.- 9 dekabr.- № 277.- S. 4.