Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Lənkəran rayonunun Şağlaser kəndində Fondun vəsaiti ilə tikilən məktəbdə olmuşdur


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sentyabrın 8-də, dövlətimizin başçısının cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran rayonunun Şağlaser kəndində fondun vəsaiti hesabına tikilən yeni məktəb binasında işlərin gedişi ilə tanış olmuşdur.

Məktəbin müəllim kollektivi, valideynlər, məktəblilər, inşaatçılar Mehriban xanımı böyük səmimiyyətlə qarşıladılar, xeyirxah işlərinə, ölkəmizin gələcəyi olan uşaqların normal şəraitə malik təhsil ocaqlarında təlim-tərbiyə alması üçün göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.

Mehriban xanım kənd sakinləri ilə söhbət etdi, ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti barədə danışdı, yeni məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldu, fondun respublikamızın hər bir bölgəsində təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binaların tikilməsini davam etdirəcəyini bildirdi.


Xalq qəzeti.- 2005.- 10 sentyabr.- № 210.- S. 6.