Bakıda Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatının təntənəli açılışı olmuşdur
İyunun 29-da Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatının təntənəli açılışı olmuşdur.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi hərarətli alqışlarla qarşıladılar.
Olimpiya oyunlarına hazırlıq mərhələsi kimi qiymətləndirilən çempionatda dünyanın 33 ölkəsindən 200-dən çox gimnast iştirak edir. Almaniya, Rusiya, Portuqaliya, İtaliya, Gürcüstan və digər ölkələrdən gəlmiş 25 jurnalistin işıqlandırdığı bu mötəbər yarışı Azərbaycanın “Lider” telekanalı, habelə “Eurosport” və “RTR-Sport” kimi məşhur telekanallar birbaşa yayımlayır.
Xatırladaq ki, bədii gimnastika üzrə ilk Avropa çempionatı 1978-ci ildə Madriddə keçirilmişdir. Bu idman növü ilk dəfə olimpiya proqramına Los-Ancelesdə keçirilmiş XIII Olimpiya Oyunlarında daxil edilmişdir. Gimnastların hər hərəkətinin nümayiş müddəti 1,15-1,30 dəqiqə, qrup hərəkətlərində isə 2,15-2,30 dəqiqədir.
Azərbaycanın dövlət himni səsləndirildi.
İştirakçı komandalar salona dəvət olundular.
Açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın çıxışı
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
İlk növbədə, sizi bədii gimnastika üzrə 23-cü Avropa çempionatının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu idman bayramında iştirak edən bütün idmançıları və qonaqlarımızı ürəkdən salamlayıram, hamınıza “Xoş gəlmisiniz!” deyirəm.
Son illər Azərbaycanda böyük beynəlxalq turnirlərin keçirilməsi gözəl bir ənənəyə çevrilibdir. Azərbaycan idmanının beynəlxalq aləmdə uğurları və dövlət tərəfindən idmana göstərilən ən yüksək qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
2005-ci ildə paytaxtımızda bədii gimnastika üzrə dünya çempionatını çox uğurla keçirmişdik. Bu, olimpiya idman növləri üzrə ölkəmizdə keçirilən ilk dünya çempionatı kimi tarixə düşmüşdür. Bugünkü yarış, 23-cü Avropa çempionatı 2007-ci ildə bədii gimnastika üzrə ən mühüm hadisələrdən biridir. Bu gün Avropanın ən güclü gimnastları paytaxtımızdadır. Milyonlarla azarkeşin diqqəti ölkəmizə yönəlibdir. Mən əminəm ki, yarışlar maraqlı və kəskin mübarizə şəraitində keçəcək və bu çempionat yaddaqalan idman xatirəsinə çevriləcəkdir.
Son illər Azərbaycanda bədii gimnastikaya çox böyük maraq var. Bədii gimnastika ölkəmizdə çox populyardır. Bu gözəl idman növü ilə məşğul olan gənclərin sayı ildən-ilə artır. Mən bugünkü çempionatda ölkəmizi təmsil edən idmançılara, gənc və gözəl qızlarımıza ürəkdən uğurlar arzu edirəm.
Bu idman bayramının keçirilməsi bir çox insanın və təşkilatların gərgin əməyinin nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevə idmanın inkişafına və Olimpiya hərəkatına diqqət və qayğısına görə xüsusi minnətdarlığımı bildirirəm.
Bakıda belə nüfuzlu yarışın keçirilməsinə etimad göstərib qərar verdiyinə görə Avropa Gimnastika İttifaqının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Mən Azərbaycanın Gimnastika Federasiyasına, Gənclər və İdman Nazirliyinə, çempionatın hazırlığında iştirak edən bütün insanlara təşəkkür edirəm.
Mən sonda Avropanın böyük bədii gimnastika ailəsini qədim Azərbaycan torpağında bir daha salamlayıram, azarkeşlərə həyəcan anları, yarış iştirakçılarına qələbə sevincini arzu edirəm.
Sağ olun.
X X X
Sonra çıxış üçün Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropoulosa söz verildi.
Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropoulosun çıxışı
- Azərbaycan Respublikasının hörmətli Prezidenti!
Əziz xanımlar və cənablar!
Əziz fəxri qonaqlar!
Mənim federasiyamdan olan əziz dostlarım!
Əziz gimnastlar!
Avropa Gimnastika İttifaqı adından sizin hamınızı Bakıda keçirilən Bədii Gimnastika üzrə Avropa çempionatında səmimi qəlbdən salamlayıram.
Azərbaycan Gimnastika Federasiyasına, xüsusən də Azərbaycan Respublikasına bu Avropa çempionatının təşkilinə dəstək olduqları üçün öz dərin təşəkkürümü bildirirəm.
Bu Avropa çempionatının planlaşdırılması və hazırlanması Təşkilat komitəsinin bacarığı, peşəkarlığı və işgüzarlığı sayəsində mümkün olmuşdur. Fəxr edirəm ki, Avropa Gimnastika İttifaqının üzvü olan Azərbaycan Gimnastika Federasiyası bu təşkilatçılığı ən yüksək standartlara uyğun həyata keçirə bilmişdir.
Gimnastika Federasiyasının, Təşkilat komitəsinin çoxsaylı əməkdaşları və idman təşkilatlarından danışarkən Azərbaycan Gimnastika Federasiyasının prezidenti və Təşkilat komitəsinin sədri xanım Mehriban Əliyevanın adını qeyd etmək və ona öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
Dünyanın ən güclü bədii gimnastları Avropa qitəsinin təmsilçiləridir. Ona görə də əziz tamaşaçılar, sizi əmin edirəm ki, bizim bədii gimnastların çıxışları yüksək səviyyədə olacaqdır. İndiki Avropa çempionatı 2008-ci il Pekin Olimpiadasına vəsiqə verən və bu ilin sentyabrında Yunanıstanda keçiriləcək dünya çempionatı ərəfəsində sonuncu beynəlxalq yarışdır.
Əziz gimnastlar, sizə gözəl, maraqlı yarışlar və bütün mümkün uğurları əldə etməyi arzulayıram.
Beləliklə, 2007-ci ildə Bakıda keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatını açıq elan edirəm.
X X X
İncəsənət ustalarının iştirakı ilə Qobustan motivləri əsasında qurulmuş lazer effektli “Ənənə” qala-konsert nümayiş etdirildikdən sonra yarışlar B qrupu üzrə davam etdirildi. Xatırladaq ki, günün birinci yarısında C qrupu üzrə fərdi çıxışlar olmuşdur.
Açılış mərasimindən sonra qitə çempionatı B və C qruplarında yarışlarla davam etmişdir. Birinci günün nəticələrinə əsasən, Avstriya (116,250 xal) komandası liderlik edir. Estoniya (115,475) və İtaliya (113,875) komandaları isə ikinci-üçüncü yerləri tutur. İyunun 30-da isə Azərbaycan gimnastlarının da daxil olduğu A qrupunun və yeniyetmələrin qrup komanda yarışları keçiriləcəkdir.
Xalq qəzeti.- 2007.- 30 iyun.- № 141.- S. 1.