Mehriban Əliyeva: “İnanıram ki, biz birlikdə bütün planlarımızı həyata keçirəcəyik”
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisə deputatlığa namizəd Mehriban Əliyevanın seçicilərlə görüşü
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisə deputatlığa namizəd Mehriban xanım Əliyeva noyabrın 2-də Bakının Əzizbəyov rayonunun Zirə, Türkan və Şüvəlan qəsəbələrində seçicilərlə görüşüb.
Zirə qəsəbəsində böyük hörmət və məhəbbətlə, gül-çiçəklə qarşılanan Mehriban xanım Əliyeva əvvəlcə Böyük Vətən Müharibəsi veteranları üçün salınmış parkda seçiciləri ilə görüşüb söhbət etdi, onların qayğıları və problemləri ilə maraqlandı. Sakinlər Mehriban xanımın gəlişindən böyük sevinc duyduqlarını bildirərək dedilər ki, sizi xalqımızın namuslu övladı kimi çox sevirik. Seçicilər onları narahat edən məsələlərdən danışaraq bildirdilər ki, ki, Zirədə nəqliyyat problemi var. Tələbələrin sayı çox olduğuna görə şəhərə gedib-gəlmək problem yaradır. Hər il orta məktəbi bitirənlərin 80 faizə qədəri ali məktəblərə daxil olur. Pirallahı adasına 17-18 kilometrlik yolu gedib-gəlmək üçün də nəqliyyatın olmamasından sakinlər əziyyət çəkir. Pensiyaçılar bankomatlardan pul almaqdan ötrü Əzizbəyov metro stansiyasına gedirlər. Qəsəbə sakini Sabir Əmirov xüsusi vurğuladı ki, Bakı camaatı mərd insanlardır. Amma Rauf Arifoğlu kimiləri bizim haqqımızda layiq olmayan söhbətlər edirlər ki, guya Bakı camaatı iqtidarı sevmir. Biz həmişə dövlətin siyasətini dəstəkləmişik.
Ulu öndər, Allah onun ruhunu şad eləsin, Heydər Əliyevin əziz balası İlham Əliyev tərəfindən davam etdirilən siyasətini bəyənirik, onun Bakı kəndlərinin abadlaşdırılması haqqında tövsiyə və tapşırıqları icra olunur. Bunun nəticəsi kəndimizdə hiss edilir. Asfalt salınır, qaz, işıq çəkilir. Bu işləri çox sadiq insanlar görürlər. Bizim birinci vəzifəmiz noyabrın 6-da seçkilərdə iştirak edərək, ən layiqli namizədimiz Mehriban xanıma səs verməkdir. Bir çox namizədlərdən fərqli olaraq, siz söz vermir, real iş görürsünüz. Sizi dəstəkləyir və əminik ki, Milli Məclisin ən layiqli deputatı olacaqsınız.
Mehriban xanım qaldırılan məsələlərin hamısının həll olunacağını vurğulayaraq dedi ki, bütün fikirləri yazılı surətdə ona versinlər. Cənab Prezidentlə birlikdə ölkəmizin müxtəlif regionlarında olarkən mənə müraciət edirdilər ki, namizədliyinizi bizim rayondan verin, amma mən namizədliyimi buradan irəli sürdüm. Buralar mənim üçün çox doğma yerdir. Mən Bakı kəndlərini çox yaxşı tanıyıram. İnanıram ki, qısa müddətdən sonra burada çox böyük dəyişikliklər olacaq. Təkliflərinizin hamısına baxıram, öyrənirəm. Qaldırılan məsələlərin hər biri öz həllini tapacaq. Təcrübə də bunu göstərir, ən vacibi odur ki, istək, arzu olsun. Mənim nəzərimdə təhsil və səhiyyənin problemləri prioritet təşkil edir.
Mən sizi üzümüzə gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, sizə cansağlığı arzulayıram. Ailələrinizə, yaxınlarınıza salamlarımı, ən xoş niyyətlərimi çatdırın. Hamınızı ayın 6-da seçkiyə dəvət edirəm!
Zirədə yarımçıq qalmış xəstəxananın tikintisi başa çatdırılacaq, abadlıq işləri aparılacaq
Mehriban xanımın 1990-cı ildə tikintisinə başlanmış və yarımçıq qalmış xəstəxana binası, eləcə də tanınmış neftçi Əbülhəsən Babayevin abidəsi qarşısında keçirdiyi görüşlər də yaddaqalan oldu.
Ağsaqqallar, ağbirçəklər, müəllimlər, gənclər Mehriban Əliyevaya müraciətlə dedilər: Sizi nəinki deputatlığa namizəd, həm də Azərbaycan Prezidentinin xanımı, böyük bir nəslin davamçısı kimi qarşılayırıq. Belə məsul vəzifədə uğurlar, cansağlığı, qüvvət arzulayırıq. Sizi artıq Milli Məclisdə əyləşən deputat kimi görürük. Buna nail olacağımıza heç bir şübhəmiz yoxdur. Bütün kəndin əhalisi sizdən razıdır, Allah da sizdən razı olsun. Bizim bütün problemlərimizi bilir və diqqətlə yanaşırsınız. Əgər ümummilli liderimiz Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu kimi görürdüksə, İlham Əliyevi inkişaf etmiş Azərbaycanın qurucusu kimi görürük. Mehriban xanımı ictimai xadim kimi görürdüksə, indi siyasi xadim kimi tanıyırıq.
Sakinlər qəsəbədə görülən işləri yüksək qiymətləndirdilər, eyni zamanda, bəzi problemlərdən də söz açdılar. Yarımçıq qalmış xəstəxana binasının tikintisinin başa çatdrılmasının, təcili tibbi yardım stansiyasının, kənd ambulatoriyasının yenidən qurulmasının vacibliyini söylədilər.
Mehriban Əliyeva seçicilərinə müraciətlə dedi: - İnşallah, bütün problemləri birlikdə həll edəcəyik. İnanın ki, seçkilərdən sonra da mən daim sizinlə olacağam. Problemlər haqqında məlumatım var. Bizim əməkdaşlar hər bir qəsəbədəki təhsil və səhiyyə ocaqlarının hamısı ilə tanış olublar, fotoşəkilləri çəkilib. Bilirəm ki, əksəriyyətində vəziyyət ağırdır, binalar yararsızdır, maddi-texniki baza köhnəlib. Bütün bunları nəzərə alaraq, biz 2-3 illik yeni inkişaf proqramı üzərində işləyirik. O proqramda təhsil və səhiyyə ocaqlarının yenidən qurulması, təmiri, mədəniyyət və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Mən əminəm ki, bu qəsəbələr qısa bir zamanda inanılmaz dərəcədə dəyişəcək. Bunu deməyə əsas var. Bu, təkcə söz deyil. Siz düz deyirsiniz ki, mən hər bir sözümün arxasında duran insanam. Ona görə noyabrın 6-da sizi seçkiyə gəlməyə dəvət edirəm. Seçki mühüm hadisədir, amma ötüb keçəcək, həyat isə davam edəcək. Ona görə də işləmək lazımdır, planlar qurmaq lazımdır. İnanıram ki, biz birlikdə bütün planlarımızı həyata keçirəcəyik. Hamınızı Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm, cansağlığı, müvəffəqiyyət arzulayıram.
Türkandakı yeni poliklinika sakinlərin sağlamlığına xidmət edəcək
Mehriban xanım Əliyeva noyabrın 2-də Bakının Əzizbəyov rayonunun Türkan qəsəbəsində 17 nömrəli poliklinikanın istifadəyə verilməsi mərasimində də iştirak edib. Poliklinikanın həyətinə toplaşan qəsəbə sakinləri öz layiqli namizədlərini səmimiyyətlə qarşıladılar. Məlumat verildi ki, bir ay müddətində tikilmiş bu səhiyyə müəssisəsində qəsəbə sakinlərinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılıb. Burada stomatologiya, ginekologiya, terapevt, fizioterapiya kabinetləri, laboratoriya və s. fəaliyyət göstərir. Ən müasir avadanlıqla təmin olunan və 30-dan çox işçinin çalışdığı poliklinika gün ərzində onlarca xəstə qəbul edə biləcək.
Poliklinika ilə tanışlıqdan sonra Mehriban Əliyeva Türkan sakinləri ilə görüşüb söhbət etdi. Mehriban xanım xoş sözlərə görə təşəkkür edərək dedi ki, mən buraya doğma adamların görüşünə gəlirəm və bu doğmalığı daim hiss edirəm. Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, Mən yeni iş yerlərinin açılmasını da düşünürəm. Biz beşillik böyük proqram üzərində işləyirik, çox qısa zamanda dəyişikliklərin hamısını görəcəksiniz. Doğmalığınıza görə minnətdaram.
Sonra Mehriban xanım Əliyeva Türkandakı Böyük Vətən müharibəsi iştirakçıları üçün 1969-cu ildə salınmış parkda sakinlərlə görüşdü.
Mehriban xanımla doğma övladları kimi fəxr etdiklərini bildirən sakinlər vətənimizin qeyrətli qızının parlamentdə təmsil olunmasının daha böyük fayda verəcəyini bildirdilər. Sakinlər problemlərə də toxundular, qəsəbədə orta ümumtəhsil və internat məktəblərin təmirinə ehtiyac duyulduğunu xatırlatdılar.
Mehriban Əliyeva parkın abadlaşdırılmasının, istirahət üçün daha yaxşı şərait yaradılmasının vacibliyini vurğulayaraq dedi ki, əlbəttə, qəsəbənin müasir gözəl parkı, uşaqlar, yaşlı insanlar üçün hər cür şəraiti olan istirahət yeri olmalıdır. Mən ilk dəfə Türkana bu ilin fevralında gəlmişdim. İndi bu qədər dəyişikliyi görəndə çox sevinirəm. Məktəblərlə bağlı bilirsiniz ki, bizim əməkdaşlarımız 4 qəsəbədəki hər bir məktəbin vəziyyəti ilə tanış olublar. Bilirəm ki, maddi-texniki baza əksərən köhnəlib, avadanlıq yararsız haldadır. Yəni bunların hamısını dəyişməyə ehtiyac var. Biz böyük proqram hazırlayırıq. İlk növbədə, təhsil və səhiyyə, sonra mədəniyyət və idman obyektləri yenidən qurulacaq. Mən hər bir qəsəbəni çox gözəl, inkişaf etmiş görmək istəyirəm. Hamısının mərkəzində park olmalı, uşaqlar, ağsaqqallar, gənclər üçün gözəl istirahət yeri olmalıdır. Amma mən hesab edirəm ki, ən vacibi arzu-istək olmalıdır. Əgər insan işləmək istəyirsə, bütün imkanlar var. Bu məsələləri biz birlikdə həll edəcəyik. Mən inanıram ki, çox qısa zamanda bu dəyişikliklər daha da artacaq və siz bunu hamınız görə biləcəksiniz.
Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə hamınızı təbrik edirəm, sizə cansağlığı, səadət arzulayıram. Mənim salamlarımı bütün yaxınlarınıza, ailə üzvlərinizə çatdırın. Noyabrın 6-da sizi seçkiyə gəlməyə dəvət edirəm. İnanıram ki, biz birlikdə bütün planlarımızın yerinə yetirilməsinə nail olacağıq.
Sonra Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsində yerləşən "Şimal" DRES-ə gəldi. Fəhlələrin və ətrafda yaşayan sakinlərin istək və arzularını diqqətlə dinləyən Mehriban xanım Əliyeva bunlara diqqət göstərəcəyimi vurğuladı və dedi ki, əsas diqqət Bakıətrafı kəndlərin inkişafına, seçicilərin problemlərinin həllinə yönəldilib.
Gənclər öz gələcəyinə, ölkəmizin tərəqqisinə səs verəcəklər
Bu fikir noyabrın 2-də deputatlığa namizəd Mehriban Əliyevanın "Şüvəlan" parkında gənclərlə görüşündə səslənib. Görüşdə bundan sonra da gənclərin istək və arzularının həyata keçirilməsinə çalışacağını vurğulayan Mehriban Əliyeva dedi ki, bu gün onlarla görüşə gəlməkdən məmnundur. Noyabrın 6-da sizin həyatınızda çox mühüm bir hadisə baş verəcək. 450 gənc ilk dəfə səsvermə hüququndan istifadə edib Milli Məclisə deputat seçəcək. Sizin həyatınızda çox hadisələr ilk dəfə baş verir. Bu hadisələrin əksəriyyəti şəxsi həyata aiddir. Noyabrın 6-dakı hadisə isə tamhüquqlu Azərbaycan vətəndaşı kimi ilk dəfə səs verməyiniz olacaq. İnanıram ki, hər birinizin arzusu vətənimizi daha çox inkişaf etmiş, gözəl, firavan və zəngin görməkdir. Bu gün siz oxuyursunuz, bilik qazanırsınız. Sabah bu ölkənin taleyi sizin əlinizdə olacaq. Ona görə hər birinizə arzulayıram ki, siz sabah bütün biliyinizi, qabiliyyətinizi, istedadınızı ölkəmizin daha yüksəklərə ucalmağına həsr edəsiniz.
Mən ən böyük həyəcanı sizin görüşünüzə gələndə keçirdim. Bilirsiniz, siz gənclər məni qarşılayanda da fərqlənirsiniz. Mənim sizin yaşda iki övladım, qızım var. Onlarla bağlı hər bir arzumu sizə də diləyirəm. Sizi noyabrın 6-da seçkidə iştiraka dəvət edirəm. Seçkiyə gəlin, öz istəyinizi bildirin, kimə istəyirsinizsə, səs verin. Bilin ki, seçki bu ölkənin həyatında çox böyük, vacib hadisədir. Seçkilər arxada qalacaq, həyat isə davam edəcək. İşləmək, planlarımızı həyata keçirmək lazımdır. İnanıram ki, çox qısa bir zamanda bu qəsəbədə inkişaf sürətlə gedəcək və buralar Azərbaycanın ən gözəl yerlərindən birinə çevriləcək. Bütövlükdə ölkəmiz inkişaf edəcək. Bu da sizin əlinizdədir.
Mehriban xanım sonra seçicilərin, o cümlədən gənclərin şəxsi ərizə və şikayətləri, qayğı və problemləri ilə də maraqlandı, istək və arzularını dinlədi və onlara kömək göstərəcəyini vurğulayaraq dedi ki, mən bütün problemlərlə tanışam. Doğrudan da, idman kompleksi yoxdur, mədəniyyət evlərinin, kitabxanaların əksəriyyəti pis vəziyyətdədir. İndi biz böyük inkişaf planı hazırlayırıq. Orada bunların hamısının yenidən qurulması nəzərdə tutulub. İnanıram ki, biz bunları sizin köməyinizlə həll edəcəyik.
Binədəki poliklinika ən müasir tələblərə cavab verəcək
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisə deputatlığa namizəd Mehriban Əliyeva noyabrın 3-də Əzizbəyov rayonunun Binə qəsəbəsindəki 29 nömrəli birləşmiş xəstəxananın poliklinika şöbəsində olub. Baş həkim Hafiz Tağıyev məlumat verdi ki, 1929-cu ildə tikilmiş bu binada əvvəllər uşaq bağçası yerləşirdi, 1970-ci ildən isə poliklinika fəaliyyət göstərir. Daxili imkanlar hesabına müəyyən işlər görülsə də, binanın əsaslı təmirə və genişləndirilməsinə ehtiyac var.
Mehriban xanım Əliyeva poliklinikanın ayrı-ayrı kabinetlərinə, laboratoriyasına baxdı, 134 nəfərin çalışdığı bu səhiyyə ocağının əsaslı təmir olunacağını və lazımi avadanlıqla təchiz ediləcəyinin zəruriliyini bildirdi.
Uşaqlara qayğı ölkəmizin sabahına qayğıdır
Həmin gün Mehriban Əliyeva qəsəbədəki körpələr evi və uşaq bağçalarında da oldu, onların şəraiti, yeməklərin keyfiyyəti, binaların istilik sistemi ilə maraqlandı. Bildirildi ki, bu iki uşaq müəssisəsində 150-dən çox fidan balalar tərbiyə alır, lakin şərait o qədər də yaxşı deyil. Uşaqlarını buraya gətirmək istəyən çox olsa da, imkan yoxdur. 1940-cı ildən fəaliyyət göstərən bu uşaq müəssisələrinin istilik sistemi olmadığından, qışda problemlər yaranır.
Sonra seçicilərlə söhbət edən deputatlığa namizəd onların problemlərini diqqətlə dinlədi və dedi ki, çox yaxın vaxtlarda siz burada böyük dəyişikliklərin şahidi olacaqsınız. Sakinlər illərdir qəsəbəyə heç bir rəsmi adamın gəlmədiyini, onların mövcud problemlərinin həllinə maraq göstərilmədiyini xatırladaraq dedilər, Allaha çox şükür ki, bizə əsil qayğı göstərən insan bu gün yanımızdadır. Biz layiqli namizədimizə səs verəcəyik.
Hamını seçkilərə dəvət edir, istədikləri namizədə səs verməyə çağırıram
Milli Məclisə deputatlığa namizəd Mehriban xanım Əliyeva bunu noyabrın 3-də Şüvəlan qəsəbəsindəki beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbində seçicilərlə keçirdiyi yekun görüşündə bildirib.
Seçiciləri tərəfindən hərarətli alqışlarla qarşılanan Mehriban Əliyeva görüşdə çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
- Əziz dostlar!
Mən bu gün böyük sevinc hissi ilə sizi salamlayıram. Çünki bugünkü görüşümüz müsəlman dünyasının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı ərəfəsində keçir. Sizi bu böyük bayram münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, uzun ömür arzulayıram. Bütün ailə üzvlərinizə, əzizlərinizə səadət diləyirəm.
Builki seçkiqabağı dövr müqəddəs Ramazan ayına təsadüf etdi. Bütün bu ay ərzində mənə göstərdiyiniz sonsuz məhəbbətə və ehtirama görə sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm. Çox şadam ki, mən məhz bu dairəni seçib öz namizədliyimi irəli sürmüşəm. Bütün görüşlərimdə insanların diqqətini, marağını, inamını, məhəbbətini hiss edirdim.
Biz görüşlər zamanı demək olar ki, bütün mövcud problemləri müzakirə etdik, məlumat topladıq. Hər kəsin öz fikrini deməyə imkanı oldu. Biz birlikdə bu problemlərdən çıxış yollarını da müzakirə etdik. Mən bu görüşləri bölgənin böyük bir inkişaf proqramının başlanğıcı kimi qiymətləndirirəm. Görüşlər zamanı verilən tövsiyələr, səslənən arzular, təkliflər nəzərə alınacaq. Bizim əməkdaşlar dörd qəsəbənin böyük bir inkişaf proqramını hazırlayırlar. Əlbəttə, bu işlər bir-iki gün ərzində həll olunmur, problemlər ciddidir. Amma inanıram ki, biz qısa bir zamanda işlərimizin bəhrəsini görə biləcəyik.
Sonra o ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi – Bakı ətrafı kəndlərin və qəsəbələrin inkişafına həsr otunmuş müşavirə haqqında danışaraq dövlət başçısının tapşırığı ilə xüsusi proqramların hazırlanacağını, buna vəsaitin ayrılacağını və Bakı kəndlərində problemlərin həllinə tezliklə başlanacağını əminliklə qeyd etdi.
Mehriban xanım Bakı kəndlərinin inkişafına dair hazırlanacaq proqramlarda üstünlüyün sosial problemlərin həllinə verilməsini də bildirdi. İlk növbədə təhsil, səhiyyə ocaqlarının yenidən qurulması və ən müasir tələblərə cavab verməsinin təmin olunacağını açıqladı.
Həmçinin o sonda əlavə etdi ki, ikinci mərhələdə mədəniyyət ocaqlarının və idman qurğularının inşası nəzərdə tutulub. Bununla yanaşı, işsizlik məsələsi böyük problemdir. Hər qəsəbənin özəlliyini öyrənərək, yeni iş yerlərinin açılması üçün təkliflər hazırlayırıq. Bölgədə sahibkarlığın, özəl sektorun inkişafı üçün tədbirlər həyata keçirəcəyik. İnanıram ki, bütün problemlər ardıcıl olaraq həllini tapacaq. Kommunal problemlər də var. Onu da bilirsiniz ki, son zamanlar bu problemlərin bir qismi artıq öz həllini tapıb və yaxın gələcəkdə digərləri də həll olunacaq.
Əziz dostlar, sizə bir daha öz minnətdarlığımı bildirirəm. Sizi bir daha noyabrın 6-da seçkidə fəal iştirak etməyə dəvət edirəm. Seçki məntəqələrinə gedin və kimi istəyirsinizsə, ona səs verin, çünki mən hesab edirəm ki, seçki ölkəmizin həyatında çox böyük və mühüm hadisədir.
Yeni Azərbaycan Partiyası Əzizbəyov rayon təşkilatının sədri Namiq Əhmədov, Şüvəlan qəsəbəsindən Aidə Rzayeva, Ağaverdi Bədəlov, Zirə qəsəbəsindən Əliağa Məmmədov, Türkan qəsəbəsindən Sabir Əliyev və Əkbər Vəliyev, Binə qəsəbəsindən Aydın Məsiyev və Faiq Əliyev, gənclər adından Əlikram Əliyev, sahibkarlar adından Əlibala Əlizadə və Firudin Pənahlı, dindarlar adından Məmmədağa Həşimov və başqaları çıxış edərək, Mehriban xanımı Ramazan bayramı, seçki kampaniyasının uğurlu keçməsi münasibətilə təbrik etdilər. Bildirdilər ki, parlament seçkilərində fəallıq göstərəcək Əzizbəyov rayonunun seçiciləri xalqımızın sevimlisinə, qadınların liderinə, vətənini, xalqını, yurdunu sevən bir insana, Azərbaycanı beynəlxalq aləmdə tanıdan, bütün həyatını uşaqların gələcəyinə həsr edən, milli musiqimizi dünyaya tanıdan Mehriban xanım Əliyevaya yekdilliklə səs verəcəklər.
Əsgər İbrahimov
Yeni Azərbaycan.- 2005.- 4 noyabr.- № 213.- S. 4-5.