Çap etmək   ⁞     ⁞   Millət vəkili

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “İlin qanunvericilik təşəbbüsü ilə ən fəal çıxış edən deputatı” nominasiyasında qalib elan olunub


Dünən Azərbaycan Dövlət İncəsənət Muzeyində Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən Milli Məclisin 2009-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirilmiş sorğunun nəticələri açıqlanıb

“Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə keçirilən tədbirdə PJB-nin sədri Elşad Eyvazlı qeyd edib ki, qurum artıq dörd ildir Milli Məclisdə fəallığı ilə seçilən deputatları müəyyənləşdirir. Jurnalistlər arasında keçirilmiş sorğu nəticəsində dörd nominasiya üzrə fəal deputatlar müəyyənləşir. Bildirilib ki, sorğu nəticəsində “İlin qanunvericilik təşəbbüsü ilə ən fəal çıxış edən deputatı” nominasiyasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qalib elan olunub. Qeyd edilib ki, məhz Mehriban xanım Əliyevanın təqdim etdiyi “Amnistiya aktı haqqında” Qanun əsasında 9 minə yaxın insan əfv olunub, onlardan 1500 nəfəri azadlığa qovuşub.

“İlin ən fəal deputatı” nominasiyasında Milli Məclisin geniş iclaslarında cari və gündəlikdəki məsələlərin müzakirəsi zamanı fəallıqları ilə seçilən deputatlar müəyyən edilib. Bu nominasiya üzrə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə, Əli Məsimli, Vahid Əhmədov, Azay Quliyev, Zahid Oruc, Fazil Mustafa və Qüdrət Həsənquliyev qalib elan olunublar.

“Seçici hüquqlarını müdafiə edən fəal deputat” nominasiyası üzrə isə Qənirə Paşayeva, Gülər Əhmədova, Fuad Muradov, Nazim Məmmədov, Elmira Axundova, Cəmil Həsənli, Sabir Rüstəmxanlı, Arzu Səmədbəyli, İkram İsrafil və İltizam Əkbərli qalib seçiliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal deputat” nominasiyası üzrə isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Gültəkin Hacıbəyli, Nizami Cəfərov və Asəf Hacıyev qalib elan ediliblər.

Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Deputatlar çıxışlarında onların fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildiriblər.


Səs.- 2010.- 15 yanvar.- № 8.- S. 4.