Çap etmək   ⁞     ⁞   Fond haqqında

İSESCO ilə Heydər Əliyev Fondu arasında saziş imzalanacaq

Əbdüləziz bin Osman Əl-Tuveycri: "Azərbaycanla bağlı böyük planlarımız var"


Ötən həftə Bakıda İSESCO-nun (İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı) təhsil həftəsi keçirildi. Bu məqsədlə düzənlənən toplantılarda iştirak etmək üçün ölkəmizə təşkilatın baş direktoru doktor Əbdüləziz Bin Osman Əl-Tuveycri də təşrif buyurdu. Azərbaycan 1992-ci ildən İSESCO-nun üzvü olsa da, ötən müddət ərzində təşkilatla münasibətlərimiz sıx olmayıb. Məhz buna görə də doktor Əl-Tuveycrinin ölkəmizə səfəri xüsusi maraqla qarşılandı. Azərbaycanda olduğu çox qısa müddət ərzində baş direktor bir neçə nazirlə, prezident İlham Əliyevlə görüşdü. Heydər Əliyev adına fonda, bəzi təhsil müəssisələrinə baş çəkdi. Doktor Əl-Tuveycri Bakıya səfəri zamanı eksklüziv olaraq "525"-ə müsahibə verdi.

Müsahibimiz milliyyətcə ərəb olduğundan onunla ünsiyyəti Təhsil Nazirliyinin xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Mahir Əliyevin köməkliyi ilə qurduq.

– Cənab baş direktor, ilk sualım İSESCO-Azərbaycan münasibətləri barədədir. Sizcə, nə üçün ötən 13 ildə təmsil etdiyiniz təşkilat ölkəmizdə sıx əməkdaşlıq şəraitində çalışmayıb?

– Mən 1991-ci ildən İSESCO-nun baş direktoruyam. Həmin il Seneqalda keçirilən islam ölkələrinin konfransında Azərbaycanın nümayəndə heyəti də iştirak edirdi. Mən onlara İSESCO-nun üzvü olmağı təklif etdim. Ölkəniz bir ildən sonra təşkilatımızın üzvü oldu və o vaxtdan Azərbaycanla münasibətlərimiz formalaşıb. Ötən illər ərzində ölkənizdə İSESCO-nun irili-xırdalı müxtəlif layihələri həyata keçirilib. Təhsil Nazirliyinin şöbə müdiri Mahir Əliyev İSESCO-nun İcraiyyə Komitəsinin üzvüdür. O, bu vəzifəyə təyin olunandan ölkənizlə münasibətlərimiz daha da sıxlaşıb. Bilirsiz ki, Azərbaycanda təşkilatın təhsil həftəsi keçirildi. Amma gələcəkdə ölkənizlə daha perspektivli layihələr üzərində işləmək üçün imkanlarımız genişdir. Əminəm ki, İSESCO ilə Azərbaycan arasında münasibətlər bundan sonra uğurla davam etdiriləcək.

– Qeyd etdiz ki, 1991-ci ildən təşkilatın baş direktoru kimi çalışmısız. Sizə elə gəlmirmi ki, hazırda islam ölkələri arasında münasibətlər çox zəifdir?

– Düz deyirsiz, islam ölkələri arasında birbaşa əlaqələrdə zəiflik var. İSESCO-nun 4 ildən bir keçirilən baş konfransında iştirak edən nazirlər təşkilatın üzvü olan hər bir ölkə ilə birbaşa əlaqələr qurmaq istiqamətində danışıqlar aparmalıdırlar. Biz konfransları məhz təşkilatın üzvü olan ölkələr arasında əməkdaşlığı daha da sıxlaşdırmaq məqsədilə təşkil edirik. Təbii ki, İSESCO-nun imkanları daxilində üzv ölkələrdə mövcud olan vəziyyəti daim diqqət mərkəzində saxlayırıq. Və hər ölkəyə bu barədə məlumatlar veririk. Məsələn, mən Azərbaycandan qayıdandan sonra ölkənizə səfərim və misilsiz təəssüratları barədə bütün islam ölkələrinin elm, təhsil və mədəniyyət nazirlərinə məktub ünvanlayacam. Sizin ölkənizdə təşkilatımızın məşğul olduğu sahələr üzrə xeyli faydalı işlər görmək mümkündür.

– Dünyada tanınan beynəlxalq təşkilatların böyük əksəriyyəti ölkəmizdə müxtəlif layihələr həyata keçirir, bu qurumlardan çoxu Avropa təşkilatlarıdı. Yəqin razılaşarsız ki, Azərbaycanda Avropanın UNESCO təşkilatı İSESCO-dan daha populyardı.

– Birincisi, islam dünyası ölkələri birlikdə çox böyük qüvvədir. Amma bu ölkələrin birgə fəaliyyəti üçün təkamül və koordinasiya yoxdur. Ona görə də bu ölkələr birtərəfli olaraq Qərbə meyl edirlər. İslam ölkələri Konfransının üzvlərinin Amerika, Avropa ilə birbaşa əlaqələri o qədər möhkəmdir ki, o səviyyədə münasibətlər öz aralarında mövcud deyil. Mənə elə gəlir ki, əslində əksinə olmalıdır. İSESCO-nun qarşısına qoyduğu əsas məqsədlərdən biri də təşkilatın üzvü olan ölkələri bir-birinə yaxınlaşdırmaqdı. İSESCO ilə UNESCO-nun müqayisəsinə gəlincə, nəzərə alınmalıdır ki, ikinci 50 ildən çoxdur fəaliyyət göstərİr. Bundan əlavə UNESCO bütün dünyanı əhatə edən təşkilatdır. Amma buna baxmayaraq baş di-rektoru olduğum təşkilat ilbəil əhatə dairəsini genişləndirir. Məsələn, bu il İSESCO UNESCO-ya nisbətən Azərbaycanda daha çox iş görüb. Gələn il üçün isə ölkənizlə bağlı planlarımız indikindən də genişdir. Mən ölkənizə səfərim zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşdüm. Görüş zamanı qərara aldıq ki, Heydər Əliyev Fondu ilə İSESCO arasında yaxın vaxtlarda saziş imzalayaq. Hər iki təşkilatın həyata keçirdiyi işlər eyni istiqamətli olduğundan bu sənədin imzalanması zəruridir. Qeyd edim ki, iki təşkilat arasında sazişin imzalanmasını prezident İlham Əliyev də dəstəkləyir. Bilirsiz ki, bu, mənim Azərbaycana ilk səfərimdir. Bununla belə artıq keçirdiyim görüşlər zamanı ölkənizlə məhz hansı sahələr üzrə işlərin qurulmasını müəyyənləşdirmişik. Səfərim zamanı baş tutan yüksək səviyyəli görüşlərdən belə nəticəyə gəldim ki, Azərbaycanda İSESCO-ya böyük inam var və dövlət başçınız, hökumət üzvləri bizimlə əməkdaşlıqda maraqlıdırlar. Onu da qeyd edim ki, İSESCO ilə UNESCO arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Biz Azərbaycanla bağlı vaxt baxımından həyata keçirə bilmədiyimiz proqramları UNESCO-nun vasitəsilə reallaşdıracağıq. Bu ilin oktyabrında mən UNESCO-nun baş direktoru ilə görüşəcəm. Görüş zamanı dediyim məsələləri birgə müzakirə etmək fikrindəyik.

– Uşaqların qayğıları demək olar ki, bütün beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bəs, İSESCO bu problemlə bağlı hansı prioritet istiqamət götürüb?

– Uşaqların problemləri təşkilatımızı narahat edən əsas məsələlərdəndir. Bizim fəaliyyətimizdə uşaqlar, onların tərbiyəsi ilə bağlı müxtəlif proqramlar yer var. Bu istiqamətdə təbii ki, daha çox diqqət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlardı. Sentyabrda Mərakeşdə sağlamlıq imkanı məhdud uşaqların problemləri ilə məşğul olan böyük təşkilatların konfransı keçiriləcək. Bu tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli istiqamətində görə biləcəyimiz məsələləri müzakirə etmək niyyətindəyik. Həmin toplantını İslam Ölkələri Konfransı və UNESCO təşkil edir.

– Siz Təhsil Nazirliyində mətbuat nümayəndələri ilə keçirdiyiniz görüşdə dediz ki, İSESCO-nu xüsusi maraqlandıran məsələlərdən biri da islam ölkələrində yaşayan qadınların maarifləndirilməsidir. Bu istiqamətdə təşkilatınız konkret hansı işləri həyata keçirir?

– İslam dünyasında qadınların problemi, xüsusilə də onların savadlanması başqa ölkələrə nisbətən daha aktualdı. Məlumat üçün qeyd edim ki, islam aləmində savadsızlıq 47 faiz təşkil edir. Bu o deməkdir ki, islam cəmiyyətinin təxminən yarısı savadsızdır. Düzdür, bu ölkələr arasında elələri var ki, orda savadsızlıq yox dərəcəsindədir. Amma elə ölkələr var ki, orda əhalinin böyük əksəriyyəti savadsızdır. Və savadsız kütlənin arasında qadınlar çoxluq təşkil edir. Bəli, İSESCO-nun əsas fəaliyyət istiqamətlərindən biri islam ölkələrində yaşayan qadınları maarifləndirməkdi. Sözsüz ki, təmsil etdiyim təşkilatın maliyyə imkanları bütün islam dünyasında mövcud olan bu problemin birdəfəlik həllini əhatə edə bilməz. Amma bizim imkanımız var ki, islam aləmində fəaliyyət göstərən imkanlı təşkilatları bu işə cəlb edək. Əgər hansısa ölkə qeyd etdiyiniz problemlə bağlı İSESCO-ya konkret layihə ilə müraciət etsə, biz həmin məsələnin həll olunmasına dəstək verə bilərik.

– Maraqlıdır, ölkəmizə səfər edəcək Azərbaycan haqqında nə düşünəcəksiz və bu gəlişiniz zamanı gördükləriniz düşüncələrinizdə dəyişiklik yaratdımı?

– Səmimi deyim ki, bura gələnədək ölkəniz haqqında çox informasiyaya malik deyildim. Əsas məlumatları burda olan ekspertlərimizin verdiyi hesabatlardan alırdım. Ölkənizdə əlaqə saxladığım iki şəxs də - Xarici İşlər Nazirliyinin Birinci Ərazi Departamentinin (Avropa və Amerika ölkələri) direktoru İbrahim Hacıyev və Mahir Əliyev mənə Azərbaycanla bağlı informasiya veriblər. Qeyd edim ki, ölkənizin ən yaxşı səfirləri bu iki nəfərdi. Amma səfərim zamanı Azərbaycanın necə inkişaf etmiş ölkə olduğunu müşahidə etdim. Çox xoşbəxtəm ki, belə gözəl ölkəni öz gözlərimlə gördüm.

– Ölkəmizdə səfərdə olduğunuz çox qısa müddət ərzində səmərəli görüşlər keçirdiz. Bizdə olan məlumata görə, 3 nazirlə və prezident İlham Əliyevlə də görüşləriniz olub.

– Xüsusi qeyd edim ki, Azərbaycanda olduğum müddət ərzində həm dövlətinizin başçısı, həm də hökumət üzvləri mənə çox böyük diqqət göstərdilər. Görüşlərim kifayət qədər səmərəli keçdi. Bakıda olduğum iki gün ərzində həm prezidentlə, həm də bir neçə nazirlə görüşdüm, Heydər Əliyev Fondunda oldum. Hətta bəzi təhsil müəssisələrinə də baş çəkdim. Bu cür qəbul olunmağımı özüm üçün şərəf sayıram.

– Siz prezident İlham Əliyevlə görüşünüz zamanı ona İSESCO-nun baş mükafatı-ordenini təqdim etdiz. Bu mükafat kimlərə və hansı xidmətlərə görə verilir?

– Baş mükafat öz ölkəsində və islam aləmində elm, təhsil və mədəniyyətin inkişafında xüsusi qayğı və xidmətlər göstərən dövlət başçılarına təqdim olunur. İlham Əliyev 50-dən çox ölkə arasında bu mükafata layiq görülən 22-ci dövlət başçısıdır.

– Bəs, Azərbaycandan xatirə olaraq ölkənizə nə aparacaqsınız?

– Azərbaycandan bir neçə rəsm əsəri aparmaq fikrindəyəm. Amma ən qiymətli xatirə xalqımız haqqında düşüncələrimdi. Azərbaycan qəlbimdə dərin iz buraxdı.


Zəminə Əliqızı

525-ci qəzet.- 2005.- 1 iyun.- № 123.- S. 4.