Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq daha yüksək səviyyəyə qalxacaqdır
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfərinin yekunlarına dair AzTV-yə müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- Mehriban xanım, ötən həftə respublikamızın ictimai-mədəni həyatı üçün ən əlamətdar hadisələrdən biri YUNESKO-nun baş direktoru cənab Matsuuranın və bir neçə xoşməramlı səfirin Azərbaycana səfəri oldu. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər keçirildi. Siz YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirirsiz?
- Müstəqil Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. Bu illər ərzində ölkəmiz üçün əhəmiyyətli olan bir sıra tədbirlər həyata keçirilmişdir. YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi İrsinin şah əsərləri siyahısına daxil etmişdir. İçərişəhər, Qız qalası isə çox nadir memarlıq incisi kimi dünya mədəni irs siyahısına salınmışdır. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileyləri YUNESKO-nun təqviminə salınıb və bəşəriyyət üçün böyük əhəmiyyəti olan hadisə kimi qeyd edilir.
Dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi çox geniş tədbirlərlə qeyd olunub və yekun tədbirlərində YUNESKO-nun baş direktoru cənab Matsuuara da iştirak etmişdir. Hər iki yubiley ilə bağlı YUNESKO-nun iqamətgahında, Paris şəhərində də xüsusi tədbirlər keçirilmişdir.
Bu ilin sentyabr ayında Parisdə görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Bir sıra elm, təhsil və mədəniyyət proqramlarında Azərbaycanın qurumları iştirak edir. Azərbaycana aid olan məsələlərlə bağlı YUNESKO çərçivəsində tədbirlər keçirilir. Bu sırada mən xüsusilə təhsil sahəsində əməkdaşlığı vurğulamaq istərdim. Bildiyiniz kimi, Bakıda təhsil sisteminə həsr olunmuş böyük konfrans keçirildi. Bu konfransa biz uzun müddət hazırlıq görürdük. Əvvəl YUNESKO öz ekspertlərini ölkəmizə göndərmişdi, sonra ilkin tədbir Parisdə keçirilmişdir. Yekun tədbir olaraq Bakı şəhərində YUNESKO-nun baş direktoru cənab Matsuuranın və xoşməramlı səfirlərin iştirakı ilə "Azərbaycan-YUNESKO: gələcəyə körpü" adlı konfrans keçirildi.
Biz cənab Matsuuranın Azərbaycana səfəri zamanı ölkəmizin bir sıra maddi və qeyri-maddi irsinin qorunması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən çox inanıram ki, cənab baş direktorun ölkəmizə bu səfəri YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına güclü təkan verəcəkdir.
- Mehriban xanım, Siz YUNESKO-nun ilk azərbaycanlı xoşməramlı səfirisiniz və cənab Koişiro Matsuuara qeyri-maddi irsin qorunması sahəsində fəaliyyətinizi çox yüksək qiymətləndirdi. Bu istiqamətdə yeni planlarınız varmı?
- Avqustun 24-də Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu və mən inanıram ki, bina inşa olunandan sonra bu mərkəz bütün muğamsevərlər üçün doğma bir evə çevriləcəkdir. "Qarabağ xanəndələri" albomundan sonra biz muğam layihələri üzrə işlərimizi davam etdiririk. Bu ilin sonuna qədər muğam dəstgahları albomu işıq üzü görəcək, bir sıra muğam ustalarının kitabları və albomları çap olunacaqdır. Bir neçə qədim muğam traktatlarının tərcüməsi artıq başa çatıb və onlar da çapa hazırdır. Müasir fransız musiqişünası Cerardın əsəri də tərcümə olunub və o da çapa hazırdır. Bir sözlə, muğamla bağlı çox geniş layihələrimiz var.
Yaxın gələcəkdə muğam ustaları ilə bir daha görüşmək fikrim var. Onlarla həm muğam mərkəzinin layihəsini müzakirə etmək, həm də gələcək planlarımız haqqında danışmaq istəyirəm. Azərbaycan musiqi sənətinin muğam kimi əhəmiyyətli olan başqa bir qolu da var, bu da aşıq sənətidir. Hesab edirəm ki, ona da diqqət artırılmalıdır. Muğamla yanaşı, aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması çox zəruridir. Ümumiyyətlə, bizim mədəni irsimiz çox zəngindir, misal üçün meyxana sənəti. Bu sənətin qədimdə çox böyük ənənələri olub və bu gün də çox istedadlı davamçıları var. Amma bu sənətin fəlsəfəsi və tarixi yetərincə öyrənilməyibdir: Bir sözlə, hələ böyük işlər görmək lazımdır.
- Bizim məlumatımıza görə, YUNESKO-nun baş direktoru və ölkəmizə səfər edən xoşməramlı səfirlərlə Siz görüşlərinizdə Azərbaycanın bir neçə tarixi abidəsini, o cümlədən Qobustan dünya mədəni və təbii irsin qorunması, aşıq sənətinin isə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına salınmasını təklif etmisiniz. Yaxın vaxtlarda bu təkliflərinizin reallaşacağını gözləmək olarmı?
- Cənab baş direktor və xoşməramlı səfirlər Bakıya səfər zamanı Qobustanda oldular. Biz orada bu abidənin bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu müzakirə etdik. Amma YUNESKO-nun öz qaydaları var və hər bir abidənin siyahıya salınması müəyyən prosedurdan keçir. Öncə bir neçə ölkədən ekspertlər təklifləri öyrənir, Öz rəylərini verir. Sonra komissiyaların iclaslarında müzakirələr gedir. Adətən, abidənin siyahıya daxilolma prosesi 3-5 il çəkir. Onu da nəzərdə saxlamalıyıq ki, bir ölkədən müəyyən dövr ərzində yalnız bir abidə və ya yalnız bir əsər YUNESKO-nun siyahısına daxil edilə bilər. Gələn ilin yayında YUNESKO-nun iqamətgahında keçiriləcək növbəti toplantıda Qobustanla bağlı müzakirələr aparılacaq və mən çox böyük ümid bəsləyirəm ki, bu məsələ öz müsbət həllini tapacaqdır.
- Mehriban xanım, müzakirələr zamanı Azərbaycanın işğal altında olan ərazilərindəki tarix və mədəniyyət abidələri, onların ermənilər tərəfindən dağıdılması ilə bağlı məsələlər diqqət mərkəzində oldumu?
- Mən bu problemlər haqqında xoşməramlı səfirlərin YUNESKO-nun iqamətgahında keçirilən illik toplantısında və Kazanda YUNESKO-nun Avropa regionu üzrə toplantısında dəfələrlə danışmışam. Bildiyiniz kimi, YUNESKO elm, təhsil və mədəniyyətlə məşğul olan təşkilatdır. Şübhəsiz ki, YUNESKO tarixi abidələri qorumaq üçün tədbirlər keçirməli, konkret işlər görməlidir. Digər tərəfdən, hərbi münaqişə zonalarında vəziyyət həddən artıq siyasiləşdiyinə görə YUNESKO çalışır ki, siyasi xarakter daşıyan heç bir bəyanatla çıxış etməsin. Amma buna baxmayaraq, mən hər bir görüşümdə, YUNESKO-nun əməkdaşları ilə hər bir ünsiyyətdə bu sualları qaldırmağa çalışıram.
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni dərs ili üçün ölkədə 132 məktəb tikilir və bu, çox böyük layihədir. Siz məktəb binalarının vaxtında təhvil verilməsi üçün işlərə çox ciddi nəzarət edirsiniz. Bu sahədə vəziyyət necədir?
- Mən doğrudan da çalışıram ki, tikinti ilə bağlı hər gün məlumat alım. Tikintilərin bir qismində özüm şəxsən olmuşam, işlərin həqiqətən də çox böyük sürətlə getdiyini görmüşəm. Bu məktəblərin tikintisi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin yalnız ilk mərhələsidir. Hazırda ikinci mərhələyə daxil olan məktəblərin siyahısı hazırlanır. Mən inanıram ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində ən müasir tələblərə cavab verən məktəb binası olacaqdır.
- Siz həm də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidentisiniz. Hamımız da bilirik ki, fondun 10 illik yubileyi ərəfəsindəyik. Yaxın vaxtlarda bu fondun xətti ilə hansı yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, fondun 10 illik fəaliyyətini necə qiymətləndirərdiniz? Üzeyir Hacıbəyovun 120 və Yusif Məmmədəliyevin 100 illik yubileyləri ilə bağlı hansı tədbirlər planlaşdırılır?
- Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yubileyini yeni layihələrlə qeyd etmək istəyirik və hesab edirəm, ən böyük hədiyyə Üzeyir Hacıbəyov silsiləsindən ilk albom olacaqdır. Ümumiyyətlə, 2005-2006-cı illəri Üzeyir bəy Hacıbəyov illəri adlandırırıq. Bu sənətkarın adına layiq olan çox qlobal bir layihə hazırlayırıq. Üzeyir bəyin publisistikası, musiqi əsərlərinin not yazıları nəşr ediləcəkdir. Bir sözlə, Üzeyir bəy Hacıbəyovun bütün irsini əks etdirən bir layihə hazırlayırıq.
Görkəmli alim Yusif Məmmədəliyevin 100 illik yubileyi bu ilin sentyabr ayında YUNESKO tərə-findən Parisdə qeyd olunacaqdır. Ölkəmizdə bir sıra təntənəli tədbirlər nəzərdə tutulmuşdur.
- Çox sağ olun, təşəkkür edir, bütün istiqamətlərdəki işlərinizdə uğurlar arzulayırıq.
- Sağ olun.
Xalq qəzeti.- 2005.- 30 avqust.- № 200.- S. 4.