Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunmasında fəal iştirak edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təqdimat mərasimi keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Heç bir uşağı nəzərdən qaçırmayaq" kampaniyası çərçivəsində uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyətləri ilə seçilmiş qurum və şəxslərin mükafatlandırılmasını həyata keçirir. 2006-cı ildən başlayaraq keçirilən mükafatlandırma kampaniyasının əsas məqsədi uşaqlar üçün, uşaqlarla işləyən təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək, apardıqları işlərə cəmiyyətin diqqətini yönəltmək və uşaqlara dair fəaliyyətlə məşğul olmağa daha çox təşkilat və şəxsləri cəlb etməkdən ibarətdir.Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) bu kampaniya çərçivəsində 2007-ci il üçün yeddi nominasiya üzrə qalib elan olunmuş, qurum və şəxslərin mükafatlandırma mərasiminin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənubər Əliyeva uşaqların hüquqlarının təbliği və müdafiəsinin günün aktual məsələlərindən olduğunu vurğuladı: "Uşaqların hüquqlarını müdafiə etmək hər birimizin borcudur. Biz bu işdə geniş təbliğat işləri aparmaqla, ictimaiyyətin maarifləndirilməsinə də köməklik göstərməliyik. Bu baxımdan, belə sorğuların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Uşaq hüquqlarının qorunması sahəsində xidmətləri olanlara mükafatlar təqdim etməyimiz müxtəlif qurum və təşkilatları bu işdə daha fəal olmağa çağırmaqla yanaşı, onları daha da həvəsləndirir. Tədbirlərin vaxtaşırı keçirilməsi bu xeyirxah işdə digər qurum və təşkilatlara da stimul verir".
Xatırladaq ki, 2006-cı ildə birinci dəfə keçirilən mükafatlandırma mərasimi zamanı uşaqlarla bağlı fəaliyyətin müxtəlif sahələrini əhatə edən yeddi nominasiya üzrə qaliblər müəyyən edilib. 2006-cı ildə apardıqları işə görə uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində ilin dövlət qurumu kimi-Təhsil Nazirliyi, İlin Adamı nominasiyası üzrə isə - Heydər Əliyev Fondunun Prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva layiq görülüb. Hər il keçirilməsi nəzərdə tutulan bu mərasimin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika Uşaq Təşkilatı, Hüquq Dünyası Təşkilatı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Təmiz Dünya ictimai birliyinin nümayəndələrindən ibarət olan Təşkilat Komitəsi də yaradılıb. Təşkilat Komitəsi mart-may aylarında bir neçə iclas keçirib və mükafatın verilməsi ilə bağlı əsas məqamları müəyyənləşdirib.
Tədbirin sonunda may-iyun ayları ərzində QHT-lər arasında keçiriləcək sorğuya əlavə olaraq respublikanın 5 iri şəhər və rayonunda əhali arasında sorğuların təşkil ediləcəyi də bildirildi. Bu sorğular vasitəsilə yeddi nominasiya üzrə namizədlər müəyyənləşdiriləcək. İyun ayının 10-a kimi sorğuların yekunlaşdırılması planlaşdırılır. Bundan sonra isə əldə olunan materiallar təhlil edilərək, nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim ediləcək. Mərasim iyun ayının 15-də Milli Qurtuluş Günündə M.Maqomayev adına Dövlət Filarmoniyasında gerçəkləşəcək.
Kübra
Səs.- 2007.- 6 iyun.- № 97.- S. 6