Bədii gimnastika üzrə XXVII dünya çempionatı ilin ən yaddaqalan yarışıdır
Başa çatmaqda olan 2005-ci il ölkəmizin idman həyatında baş verən mühüm hadisələrlə yadda qaldı. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurla iştirak edərək, yüksək nəticələrə imza atdılar. Ümumilikdə isə, təmsilçilərimizin il ərzində keçirilən rəsmi beynəlxalq yarışlarda qazandığı medalların sayı 213-ə çatdı.
Aprel ayında Səudiyyə Ərəbistanında 55 müsəlman ölkəsinin iştirakı ilə təşkil olunmuş I İslam Həmrəyliyi Oyunlarından atletlərimiz vətənə 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) döndülər. Avropa çempionatlarında yunan-roma güləşi üzrə Vitali Rəhimov, cüdo üzrə Elçin İsmayılov, taekvondo üzrə Niyaməddin Paşayev, dünya çempionatında isə ağır atletika üzrə Nizami Paşayev qızıl medallara sahib çıxdılar.
Paytaxtımız bədii gimnastika üzrə bir neçə mötəbər beynəlxalq yarışa ev sahibliyi etdi. May ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Gimnastika Federasiyasının kuboku uğrunda keçirilən yarışda komandamız fərdi mübarizədə medal qazanmış ölkələr sırasında ikinci pillədə qərarlaşdı. Oktyabrın 3-9-da ölkəmizdə təşkil edilən XXVII dünya çempionatında isə gimnastlarımız komanda hesabında 47 ölkə arasında 5-ci oldular. İdmançılarımızın 2005-ci il ərzində qazandıqları nailiyyətlər bununla bitmir. Belə ki, qadın voleybolçularımız dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqla yanaşı, həm də dünya "Qran-pri" yarışlarının Avropa təsnifat turnirində qalib adını qazandılar. Otüstü xokkey üzrə "Atasport" komandası Avropa milli komandalarının Bakıda keçirilən “Trofi" turnirində azarkeşlərinə qələbə sevinci bəxş etdi.
Cari ili yeniyetmə idmançılarımız üçün də uğurlu saymaq olar. Belə ki, iyun ayında İtaliyanın Liqnano şəhərində keçirilmiş Avropa yeniyetmələrinin Olimpiya Festivalında həmyerlilərimiz 2 qızıl və 4 bürünc medala yiyələndilər. Mayın 5-9-da Bakı Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə də yeniyetmələrimiz nəyə qadir olduqlarını bir daha nümayiş etdirdilər. Onlar yarışda 9 qızıl medal qazanaraq, ümumi komanda hesabında 9 ölkə arasında birinci yerə yüksəldilər.
Bəs görəsən, "Olimpiya dünyası”nın çoxsaylı oxucuları üçün 2005-ci ilin ən yaddaqalan beynəlxalq yarışı hansı olub? Bu dəfə də ənənəmizə sadiq qalaraq, paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edən 86 nəfərdən 36-sı (41,9%) paytaxtımızın ev sahibliyi etdiyi bədii gimnastika üzrə XXVII dünya çempionatının, 25 nəfər (29,1%) aprel ayında Səudiyyə Ərəbistanında təşkil edilmiş I İslam Həmrəyliyi Oyunlarının ilin ən yaddaqalan yarışı olduğunu bildirdi. Respondentlərdən 19-u (20,9%) Qətərin paytaxtı Dohada təşkil edilmiş ağır atletika üzrə dünya çempionatını 2005-ci ilin ən yaxşı beynəlxalq turniri kimi gördüyünü vurğuladı. Qeyd edək ki, həmin yarışda 94 kq çəkidə mübarizə aparan həmyerlimiz Nizami Paşayev ikinci dəfə dünya çempionu adını qazanmışdı. Rəyi soruşulanların 6-sı (8,1%) üçün isə pəhləvanımız Vitali Rəhimovun qızıl medala layiq görüldüyü yunan-roma güləşi üzrə 52-ci Avropa çempionatı yaddaqalan olub.
Olimpiya dünyası.- 2005.- 31 dekabr-6 yanvar.- № 97.- S. 1.
