Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanı dünyaya tanıdan xanım


Azərbaycan iyirmi birinci əsrə iri addımlarla qədəm qoydu və üçüncü minilliyin ilk onilliyini uğurla başa vurdu. Bu uğurların hər birinin bünövrəsində Ulu öndərimizin mütərəqqi ideyaları dayanır. Hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərindən ümummilli lider Heydər Əliyevin götürdüyü siyasi kurs bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Diplomatik əlaqələrin, sənayenin, təhsilin, mədəniyyətin və kənd təsərrüfatının bütün sahələrini əhatə edən dinamik inkişaf, quruculuq və abadlıq işləri bütün dünyanın diqqətini cəlb etməkdədir. Bir-birinin ardınca həyata keçirilən dövlət proqramları, yeni-yeni layihələr dövlətimizin uğurlu siyasətlə idarə edildiyinin və bu siyasətin gündən-günə, ildən-ilə daha çox bəhrələr vermək qüdrətində olduğunun göstəriciləridir.

İqtisadiyyatımız inkişaf etdikcə, neft gəlirləri artdıqca, cənab prezidentimiz qeyri-neft sektorunun da yüksəlişini diqqətdən kənarda qoymadı. Elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və s. sahələrə kifayət qədər vəsait ayrılmasını təmin etdi. Bununla bərabər, ölkə paytaxtının və bölgələrin də inkişaf etməsinə şərait yaratdı. Əksər rayonları gəzərək, yerlərdə göstərişlər verdi, onun icrasını tələb etdi. Ürəkaçan proseslər bu gün də uğurla davam etdirilir. Artıq Azərbaycan bütün inkişaf göstəriciləri üzrə region ölkələri içində ən öncül yerlərdən birini tutur.

Bütün bu uğurların əldə edilməsində Prezidentimizə ən böyük dayaq, ən etibarlı silahdaş olan ölkəmizin birinci ledisi hörmətli Mehriban xanım Əliyevadır. Deyir, "dost-mehriban ya bir olar, ya iki". Bəli, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva həm də bütün Azərbaycan xalqının ən yaxın dostu, həmdəmi, ən böyük arxası, dayağıdır. Bu fikrin həqiqət olduğuna inanmaq üçün onun təkcə Heydər Əliyev Fondunun prezidenti olaraq göstərdiyi xidmətləri, bu fondun xətti ilə gördüyü işləri, həyata keçirdiyi proqramları göz önünə gətirmək kifayətdir. Bu Fondun yaradılmasından qısa bir vaxt ötməsinə baxmayaraq, onun səriştəli, ləyaqətli və vicdanlı rəhbərinin gərgin əməyi, gecə-gündüz yorulmaq bilmədən göstərdiyi səyləri nəticəsində gördüyü işlər, bəzən adama elə gəlir ki, bu qısa müddətə sığa bilməz. Amma düşünəndə ki, bu fonda rəhbərlik edən kimdir, hansı qabiliyyətin sahibidir, hansı mühitdə tərbiyə alıb və hansı genin daşıyıcısıdır, - onda hər şey aydın olur.

Mehriban Əliyevanın həyat fəaliyyətində qazandığı nailiyyətləri xatırlatmazdan əvvəl, ilk növbədə onu qeyd edək ki, hər bir insanın yetişməsində, şəxsiyyət kimi formalaşmasında, xarakterinin müəyyənləşməsində onun hansı soykökə mənsub olması, hansı mühitdə tərbiyə, təhsil alması çox mühüm rol oynayır. Yəni "nütfədən pak olan, özü pak olar". Mehriban xanım görkəmli yazıçı və xeyirxah insan Mir Cəlal Paşayevin nəvəsidir. O Mir Cəlalın ki, əksər tələbələri, ünsiyyət saxladığı insanlar onun sadəliyindən, ləyaqətindən, humanistliyindən, mərdanəliyindən, xeyirxahlığından... bu gün də səmimiyyətlə söhbət açırlar. O Mir Cəlalın ki, vaxtilə qarşısına çıxan işsiz istedadlı gəncə "iş axtarma, adam axtar; adam da mən" deyərək yazırdı "Bir gəncin manifesti"ni. Nəhayət, o Mir Cəlalın ki, tələbələri ilə yanaşı, ailəsindən, övladları içindən də Azərbaycan elminə Arif Paşayev, Hafiz Paşayev kimi istedadlı alimlər yetişdirib, bəxş elədi...

Mehriban xanım aviasiya sahəsində neçə-neçə dünya miqyaslı, beynəlxalq əhəmiyyətli kəşfləri olan akademik Arif Paşayevin övladıdır. O, bu həyata gözlərini açandan bəri ətrafında, ailəsində, nəslində, kökündə yalnız elm adamları, alimlər, görkəmli ziyalılar görüb. Anası Aida xanım, babası Nəsir müəllim də ölkəmizin görkəmli ziyalılarından olublar. Bu nüansları xatırlatmaqla demək istəyirik ki, Mehriban xanımın bu gün qazandığı bütün uğurların, aldığı mükafatların, təltiflərin hamısına təbii hal kimi baxmaq lazımdır. Bu uğur və nailiyyətlər möhkəm bünövrələrə söykənir, bu bünövrələr üzərində yüksələn xətlə inkişaf edir.

Mehriban xanımın Heydər Əliyev Fondunun xəttilə həyata keçirdiyi xeyriyyəçilik tədbirləri, onun əlil və kimsəsiz uşaqlara, övladsız və övladları tərəfindən atılmış qocalara göstərdiyi qayğılar və s. öz soykökünə sadiqlikdən, ürəyində vətəninə, xalqına, dövlətinə və onun prezidentinə bəslədiyi böyük, tükənməz sevgidən irəli gəlir. O, vicdanının səsinə qulaq asaraq, tükənməz enerji ilə, böyük fədakarlıqla çalışır. Bu bacarıq və qabiliyyəti isə ona Ulu Tanrı bəxş etmişdir.

Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlərin siyahısını kifayət qədər uzatmaq olar. İlk növbədə onu qeyd edək ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının praktik həyatda tətbiq edilməsi, gələcək nəsillərə ötürülməsi, həmçinin Azərbaycanın beynəlxalq aləmdə təbliğ edilərək, yaxından tanıdılması istiqamətində xidmətləri əvəzsizdir. Onun rəhbərlik etdiyi fond ulu öndərimizin siyasi məfkurəsinin həmişəyaşar səciyyə daşıdığını əks etdirmək, Azərbaycançılıq fəlsəfəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq məqsədi ilə yaradılmış olsa da, Mehriban xanımın bacarığı, uzaqgörənliyi nəticəsində Heydər Əliyev Fondu ölkəmiz, xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bir çox digər işlər də görməyi qarşısına məqsəd qoymaqla fəaliyyət dairəsini daha da genişləndirir. Odur ki, fond fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın tərəqqisi, xalqımızın rifahı naminə neçə-neçə geniş proqram və layihələri müvəffəqiyyətlə reallaşdırıb. Bu proqramlar, layihələr elm, təhsil, mədəniyyət, ekologiya, idman, səhiyyə və s. sahələri əhatə edir. Bundan əlavə, Heydər Əliyev Fondunun fəaliyyətində yerli əhəmiyyət daşıyan sosial problemlərin həlli, istedadlı gənclərin yaradıcılıq potensiallarının üzə çıxarılması, Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mənəvi dəyərlərimizin mühafizəsi, mədəniyyətimizin geniş təbliği, bunlarla yanaşı, müxtəlif humanitar xeyriyyəçilik aksiyaları və s. əsas prioritet istiqamətləri təşkil edir. Bütün bu mədəni, sosial-ictimai tədbirlər isə xalqımızın və dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına və beləliklə, Heydər Əliyev ideyalarının həyata keçirilməsinə istiqamətlənib.

Bütün bunlarla yanaşı, Mehriban xanım əhalinin ən zəif müdafiə olunan təbəqələrini daim diqqət mərkəzində saxlayır, onlardan öz qayğısını və köməyini əsirgəmir. Xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara köməkliklər göstərilməsində, qaçqın və məcburi köçkünlərin, talassemiya, diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsi istiqamətində, uşaq evlərinin yenidən qurulmasında, onlar üçün yeni binalar tikilməsində Heydər Əliyev Fondunun göstərdiyi təşəbbüslər çox böyük rol oynayır.

Bu sadalananları nəzərə alaraq, deyə bilərik ki, Heydər Əliyev Fondu yarandığı qısa müddət ərzində ölkəmizin ictimai-mədəni həyatında çox böyük rol oynamış, Ulu öndərimizin adını ləyaqətlə daşıya bilmişdir. Əlbəttə ki, fondun qazandığı uğurların əsas səbəbi ona məhz Azərbaycanın birinci xanımının başçılıq etməsi olmuşdur. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətinin bu istiqamətlərə yönəldilməsini özünün vətəndaşlıq borcu hesab edir.

Millət vəkili, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın geniş miqyaslı xeyriyyəçilik tədbirləri, bəşəriyyətin ali ideallarına xidmət sahəsindəki yüksək nailiyyətləri bir çox mükafatlara layiq görülmüşdür. O, xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki xidmətlərinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" medalı ilə təltif edilib. 2005-ci ildə Azərbaycanda "İlin qadını" adına, 2007-ci ildə bəşəriyyətin ali ideallarına xidmət sahəsindəki nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il, 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev" mükafatına layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. O, 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə Fransanın "Şərəf Legionu" ordeni və UNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunub. Onun cənab prezidentimizlə çiyin-çiyinə göstərdiyi xidmətlər xalqımız, millətimiz, eləcə də dünya ictimaiyyəti tərəfindən daim alqışlanır, yüksək qiymətləndirilir. Aldığı mükafatlar, orden və medallar bu xeyirxah əməllərini davam etdirməkdə, yorulmaq bilmədən daha əzmkarlıqla çalışmaqda ölkəmizin birinci xanımına ruh verir, tükənməz enerji bəxş edir.

Erməni qəsbkarlarının işğal etdikləri ərazilərimizdən qaçqın və köçkün düşmüş soydaşlarımız üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması, Xocalı soyqırımının təbliği sahəsində göstərdiyi əvəzolunmaz xidmətlərə görə də Mehriban xanım zəhməti, göstərdiyi gərgin səyləri qiymətsiz qalmamışdır. Belə ki, o, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına, 2011-ci il, iyunun 24-də Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür.

Bu yaxınlarda isə Mehriban xanımın uğur və nailiyyətlərini əks etdirən orden və medallar, fəxri adlar, təltiflər siyahısına daha bir dəyərli mükafat daxil olmuşdur. Belə ki, ölkəmizin birinci xanımı öz bitirdiyi İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülmüşdür. Qeyd edək ki, Mehriban xanım dünya şöhrətli həmin universitetin sayca cəmi üçüncü fəxri professorudur. Mehriban Əliyevaya qədər bu Universitetin Fəxri professoru adına yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Çazov və məşhur ürək cərrahı, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya layiq görülmüşlər.

Göründüyü kimi, ölkəmizin birinci xanımının nəcib əməlləri, yüksək humanizmi, genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, sivilizasiyalararası dialoqun inkişafındakı əzmkarlığı, bəşəriyyətin ali ideallarına xidmət sahəsindəki zəhmətləri əvəzsizdir. Hər birinin arxasında gərgin zəhmət, səmərəli və məqsədyönlü fəaliyyət, xalq, vətən sevgisi, bəşəriyyətə xidmət, bacarıq, istedad, yüksək mənəviyyat dayanan bu titullar, təltiflər, həm də, Azərbaycan xalqının, eləcə də, dövlətimizin qazandığı uğurlardır. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkonun Mehriban xanımın təltif olunması münasibətilə yazdığı məktubu oxuyanda, istər-istəməz bir azərbaycanlı olaraq, qürur duyur və fəxr edirik ki, belə bir mötəbər təhsil ocağının rəhbəri bizim xalqın nümayəndəsi, ölkəmizin vətəndaşı haqqında belə yüksək fikirlər səsləndirir, ona bu cür dəyərli qiymət verir. Və bir daha əmin oluruq ki, bu, hörmətli birinci ledimizin halal haqqıdır, onun öz zəhmətinin bəhrəsidir.

Professor Qlıboçko yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhiyyənin, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilmişdir. Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr, o cümlədən, "Xərçəng xəstəliyinin milləti yoxdur", "Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir", "Sağlam olmağını yəqin et" kimi layihələr, habelə xəstəxanalarda, veteran və uşaq evlərində xeyriyyə aksiyaları həyata keçirir. Xanım Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı olduqca qiymətlidir. Bizim ali məktəbin məzunu olan xanım öz fəaliyyəti ilə universitetimizi beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır.

Bəli, bütün bu nailiyyətlərdən, gördüyü işlərə verilən yüksək qiymətlərdən ruhlanan Mehriban xanım indi də yeni bir əhəmiyyətli təşəbbüsdə bulunur, daha bir dəyərli aksiya həyata keçirir. Martın 10-dan mayın 6-na qədər Azərbaycan İncəsənət Muzeyində Fransanın aparıcı muzey və sərgi salonlarında saxlanılan 200-dən çox eksponat sərgilənəcək. Bu sərgi də şəhərimizin mədəni həyatının ən vacib hadisələrindən olacaq. Bu gün onun gördüyü əvəzsiz işlər insanlığa, humanizmə, vətənpərvərliyə, Azərbaycanın dünyada və dünyanın Azərbaycanda tanıdılmasına, mədəniyyətimizin təbliğinə, qorunmasına və inkişafına yönəlmişdir. Bizim hər birimiz bu işlərdə ona dəstək olmalıyıq.

Muğamımızın nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə təbliği, sevdirilməsi və inkişaf etdirilməsi, bu sahədə yeni-yeni istedad sahiblərinin üzə çıxarılması, onlara qayğı göstərilməsi istiqəmətində həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyil ki, Xalq şairi Nəriman Həsənzadə bu yaxınlarda yazdığı "Sözü Tara verin" adlı poemanı da Mehriban xanıma ithaf etmişdir:

İndi Azərbaycan

oxu tar, - deyir,

tarda oxumayan

oxu tar, - deyir,

oxu tar,

Mehriban oxu tar deyir,

Oxuyun, axşamı

səhər eləyin.

Muğamdan doğuldu

o muğam qızı,

o bir arzu qızı,

o bir kam qızı.

Xoşbəxtlik gətirən

xoş məram qızı,

Heydəri böyüdüb

Heydər eləyin!


Sevinc Hüseynova,
Milli Məclisin deputatı

Ədalət.- 2012.- 7 mart.- № 41.- S. 4.