Çap etmək   ⁞     ⁞   Millət vəkili

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva Əzizbəyov rayonunun Binə qəsəbəsində aparılan tikinti işləri ilə tanış olmuşdur


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə fevralın 8-də Əzizbəyov rayonunun Binə qəsəbəsində sakinlərlə görüşmüş, yeni tikilən obyektlərə baxmışdır.

Binə qəsəbəsindəki Möhsün Səlim məscidində dindarlar Mehriban xanımı böyük hörmətlə qarşıladılar. Məscidin baş xidmətçisi Hacı Mirzə Baba məlumat verdi ki, 1909-cu ildə yerli neftxuda Möhsün Səlimin vəsaiti ilə usta Mirzə Məlikin tikdiyi bu ibadətgahın bir hissəsi 1918-ci ildə erməni daşnak quldurlarının top atəşləri ilə dağıdılmış, sonralar bir neçə dəfə təmirinə başlansa da, hər dəfə yarımçıq qalmışdır. Mehriban xanım ötən ilin oktyabrında qəsəbə sakinlərinin xahişi ilə bu ibadətgaha gəlib vəziyyətlə yerində tanış olduqdan sonra öz köməyini göstərəcəyini vəd etmişdi. İndi burada əsaslı təmir-bərpa işlərinə başlanmışdır.

Fondun prezidenti təmir-bərpa işləri ilə tanış oldu, yerli ustaların sənətkarlığını yüksək qiymətləndirdi. Usta və fəhlələr bildirdilər ki, onlar məscidi əvvəlki görkəminə qaytarmaq, keyfiyyətli təmir etmək üçün bütün qüvvə və səylərini əsirgəməyəcəklər. Milli Məclisin deputatı məscidin istilik sisteminin quraşdırılmasına xüsusi diqqət yetirməyi də tövsiyə etdi, binanın daxili görkəminə uyğun çilçıraq, xalı-xalçanın da sifariş olunduğunu bildirdi.

Dindarlar savab əməllərinə, xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanıma minnətdarlıq etdilər, milli-dini dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə də razılıqlarını bildirdilər, ən xoş arzularını ifadə etdilər. Seçkiqabağı görüşlərdə sakinlərin əsas narazılıqlarından biri elektrik enerjisi təchizatı ilə bağlı olmuşdu. Bununla əlaqədar Milli Məclisin deputatının xahişinə əsasən, “Azərenerji” Səhmdar Cəmiyyəti “Yeni Binə” adlanan sahədə yardımçı stansiyanın yenidən qurulmasına başlamışdır. Stansiyaya gələrək burada aparılan tikinti-quraşdırma işləri ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, 1952-ci ildə istifadəyə verilmiş obyekt istismar müddətini başa vurmuşdu. Ona görə də stansiya, əslində, tamamilə yenidən tikilmişdir. Burada quraşdırılan 10 və 16 kvt gücündə 2 transformator Binə qəsəbəsinin elektrik enerjisinə olan hazırkı tələbatının yarıdan çoxunu ödəyəcəkdir. Stansiya martın əvvəlində tam istismara veriləcəkdir.

Qəsəbə sakinləri elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına göstərdiyi köməyə görə millət vəkilinə öz razılıqlarını çatdırdılar. Stansiyanın ərazisində aparılmış abadlıq işlərindən də razı qaldığını bildirən Mehriban xanım buraya gələn yolların da qaydaya salınacağına əminliyini söylədi. Xüsusi qeyd etdi ki, dövlət başçısı İlham Əliyev Bakının ətraf qəsəbələrinin elektrik enerjisi, qaz, su təchizatını yaxşılaşdırmaq üçün ayrıca proqram işlənib hazırlanması üçün səlahiyyətli orqanlara tapşırıqlar vermişdir və bu proqram yaxın günlərdə təsdiq edilərək icrasına başlanacaqdır. Regionda enerji müstəqilliyinə malik olan yeganə dövlət kimi Azərbaycanın energetika gücünün daha da artırılması, əhalinin, dövlət və qeyri-dövlət sektorunun fasiləsiz elektrik enerjisi ilə təminatına sanballı stimul verəcəkdir.

Hövsan südçülük sovxozu adlanan qəsəbədəki 70 nömrəli uşaq bağçası və körpələr evinin həyətinə toplaşan sakinlər, bu təlim-tərbiyə ocağının kollektivi Mehriban xanımı hərarətlə qarşıladılar. 237 nömrəli məktəbin müəllimi Nəzakət Məmmədova həmyerlilərinin ürək sözlərini ifadə edərək dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsil problemlərinin həllini özünün başlıca vəzifələrindən biri kimi elan etmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları çərçivəsində respublikamızda, o cümlədən Əzizbəyov rayonunda çox dəyərli işlər görmüşdür. Mehriban xanım seçkiqabağı görüşlərində rayonun bütün qəsəbələrində keçirdiyi görüşlərdə mövcud problemlərlə ətraflı tanış olaraq, onların həlli barədə öz təkliflərini hazırlamış, rəhbərlik etdiyi fond tərəfindən proqramlar tərtib edilmiş və dərhal da icrasına başlanmışdır. Qəsəbənin ən böyük problemi olan su çatışmazlığı artıq aradan qaldırılmışdır və elə təkcə buna görə Mehriban xanım hər bir ailənin sevimlisinə çevrilmişdir, sakinlər özlərinə ən layiqli deputat seçdiklərinə bir daha əmin olmuşlar.

Son illər ölkəmizdə yeni təhsil, səhiyyə obyektlərinin inşasının geniş vüsət aldığını, ötən il fondun təşəbbüsü ilə respublikada müasir tələblərə cavab verən 132 məktəbin tikilib istifadəyə verildiyini, bu il isə daha 100 məktəbin, o cümlədən 50-sinin Bakıda inşa olunacağını xatırladan Mehriban Əliyeva, bu genişmiqyaslı proqramdan Əzizbəyov rayonuna da pay düşəcəyini qeyd etdi. Mehriban xanım ünvanına deyilən xoş sözlərə, ona etibar etdiklərinə görə təşəkkür edərək, qaldırılan hər bir məsələnin bundan sonra da diqqətlə öyrənilib tədbirlər görüləcəyini söylədi. Bildirdi ki, yaxın 2-3 ildə məktəblərin bütün maddi-texniki bazası yeniləşəcək, uşaqlarımızın yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaqdır.

Binə qəsəbəsindəki 136 nömrəli məktəbin bir qrup müəllimi Mehriban xanımı öz məktəblərinə dəvət etdi. Millət vəkili fond əməkdaşlarının apardığı monitorinqdə bu məktəbin də əsaslı təmirə ehtiyacı olduğunu müəyyən etdiklərini, hazırlanmış proqramda bunun nəzərə alındığını bildirərək dedi ki, mütləq həmin məktəbə gələcəkdir. Sakinlərin arzu və istəklərini, ayrı-ayrı məsələlər barədə müraciətlərini də səbirlə dinləyən Mehriban Əliyeva fondun əməkdaşlarına müvafiq tapşırıqlar verdi.

Sonra fondun prezidenti uşaq bağçasında gedən təmir işləri ilə tanış oldu. O, uzun illər təmir üzü görməyən bu təlim-tərbiyə ocağının nümunəvi müəssisəyə çevrilməsi üçün bütün lazımi köməyin göstəriləcəyini, təzə avadanlıqla da təchiz olunacağını bildirdi.

Mehriban Əliyevanın Binədə daha bir görüşü qəsəbənin alaqapısının tikinti meydançasında oldu. İnşaatçılar hörmətli qonağı səmimiyyətlə qarşıladılar. İndiyədək Bakı ətrafındakı iri qəsəbələrin heç birinin əsas girişində alaqapının olmadığından təəssüf hissi keçirdiklərini xatırlatdılar. Eyni zamanda, bu çatışmazlığın aradan qaldırılmasının təşəbbüsçüsünün də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olmasından məmnunluqlarını bildirdilər. Layihənin müəllifi və iş icraçısı dedi ki, 25 kvadratmetr sahəsi olan 7 metr hündürlüyündə alaqapı milli memarlıq üslubunda tikiləcəkdir. Ətrafda 200 kvadratmetr sahədə yaşıllıq salınacaq, gül-çiçək əkiləcək, oturacaqlar qoyulacaqdır. Mehriban xanımın bir sıra tövsiyələrini müsbət dəyərləndirən inşaatçılar tikinti işlərinin gələn ay tamamlanacağını bildirdilər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva həmin gün rayonun Türkan, Zirə və Şüvəlan qəsəbələrində də oldu.


Xalq qəzeti.- 2006.- 9 fevral.- № 28.- S. 2.